Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çay rejimi

lat. regimen – idarəetmə

Çayın axının çay hövzəsində fiziki-coğrafi şəraitdən, ilk növbədə, iqlim şəraitindən asılı olaraq dəyişən vəziyyəti.

Ç.R. suyun səviyyəsi, temperaturu, sürəti, sərfiyyatı, yatağın relyefi, forması və s. ilə əlaqədar gün, mövsüm ərzində, həbelə uzun illər davam edən proseslər nəticəsində dəyişə bilər. Çayın müəyyən zaman kəsiyində rejimi onun hidroqrafında öz əksini tapır. Əsas Ç.R. növləri bunlardır:

1. Ekvatorial – ekvatorial iqlim qurşağının çaylarının rejimi ilboyu, əsasən, sabit olur.

2. Subekvatorial – subekvatorial iqlim qurşağının çayları yayda bolsulu, qışda qıtsulu olur.

3. Subtropik – subtropik iqlim qurşağının çayları qışda bolsulu, yayda qıtsulu olur.

4. Mülayim – mülayim iqlim qurşağının çaylarının rejimi iqlim tipindən asılı olaraq fərqlənir, müxtəlif mövsümlərdə çaylar məcrasından çıxır, daşqınlar törədir.

5. Subarktik – subarktik iqlim qurşağının çaylarında yayda suyun səviyyəsi artır, qışda kəskin azalır və əksər çaylar donur.

6. Arktik – arktik iqlim qurşağının çayları yalnız qısa yay müddətində (ildə 2-3 ay) axır.

Coğrafiya terminləri lüğəti