fr. feuilleton < feuille – vərəq, səhifə
Aktual mövzuda satirik tərzdə yazılmış kiçikhəcmli qəzet-jurnal janrı; nöqsanları konkret faktlar əsasında satirik dillə tənqid edən bədii-publisistik əsər.
Maraqlıdır ki, əsas məqsədi bir şeyi tənqid etmək olan F. termini müxtəlif lüğətlərdə fərqli izah edilir; məsələn, bu söz Merriam-Webster (ABŞ) lüğətində «Avropa qəzetləri və jurnallarının oxucunu əyləndirmək üçün yazılmış materiallar yerləşdirilən hissəsi», Oksford (İngiltərə) lüğətində «qəzetin, yaxud jurnalın belletristikaya, tənqidə, yüngül ədəbiyyata həsr olunmuş hissəsi», fransız lüğətlərində «serial, sabun operası», rus lüğətlərində isə Azərbaycanda olduğu kimi izah edilir. Səbəbini bilmək üçün terminin tarixini araşdırmaq lazımdır. O, 1800-cü ildə Fransada yaranıb. Journal des Debats nəşri qəzet səhifələrini uzadaraq artırılmış hissədə kitablar, teatr tamaşaları barədə tənqidi qeydlər, rebuslar, epiqramlar, məzəli əhvalatlar və s. əyləncəli materiallar yerləşdirməyə başlayıb. Fransızlar səhifənin həmin hissəsini F. adlandırıblar, sonradan bu termin transformasiyaya uğrayaraq həmişə eyni yerdə dərc olunan əyləncəli seriallara, «sabun operaları» yarandıqda isə onlara şamil edilib. Rusiyada XIX əsrin ortalarından başlayaraq F.-ların məhz sosial mahiyyəti, tənqidi «yükü» artıb. Azərbaycanda ilk F.-lar XX əsrin əvvəllərində yaradılıb və termin Rusiyadan gəldiyi üçün eyni anlamda işlədilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti