Reklam
Reklam

Tarix terminləri lüğəti

karbonarlar

it. carbonaro – kömürçü < lat. carbo – kömür

XIX əsrin I yarısında İtaliyanın cənubunda mövcud olmuş “Carboneria” adlı gizli inqilabi təşkilatın üzvləri.

Onlar ölkəni Fransanın, habelə Avstriyanın zülmündən azad etmək, vahid və müstəqil italyan dövləti yaratmaq məqsədi güdüblər. K. hərəkatının mərkəzi Siciliya adası olub. Bu hərəkat 1815-ci ildən sonra xüsusilə geniş vüsət alıb. K. 1820–1821-ci illər Siciliya və 1821-ci il Pyemont burjua inqilablarına başçılıq ediblər. Lakin hər iki inqilab, eləcə də K.-ın fəal iştirak etdiyi 1831-ci il Romanya, Parma və Modena üsyanları uğursuzluqla nəticələnib. Bundan sonra respublikaçı K.-ın bir hissəsi “Gənc İtaliya” təşkilatına qoşulub. Siciliyada isə onlar 40-cı illərin sonuna kimi fəaliyyət göstəriblər. İtalyan karbonarizminin təsiri altında XIX əsrin 20-ci illərində Fransada da müvafiq cəmiyyət yaranıb. Fransız K.-ı ölkədə Burbonların hakimiyyətinin devrilməsinə çalışıblar.

Tarix terminləri lüğəti