Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

küləklərin tipoloji təsnifatı

yun. typos – forma, nümunə + logos – elm, təlim

Küləklərin eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.

K.T.T., əsasən, onların istiqamətinə və gücünə (sürətinə) görə aparılır. Küləyin əsdiyi cəhət onun istiqamətini müəyyənləşdirir: şimal, şərq, qərb, cənub, həmçinin şimal-şərq, şimal-qərb, cənub-şərq, cənub-qərb küləkləri. Küləklərin gücü isə sürətdən asılı olaraq 12 ballıq Bofort şkalası ilə ölçülür. 0 bal – şəlakətə (0-0,2 m/san), 1 bal – sakit külək və ya əsintiyə (0,3-1,5 m/san), 2 bal – yüngül və ya xəfif küləyə (1,6-3,3 m/san), 3 bal – zəif küləyə (3,4-5,4 m/san), 4 bal – mülayim küləyə (5,5-7,9 m/san), 5 bal – təzə və ya sərt küləyə (8-10,7 m/san), 6 bal – güclü küləyə (10,8-13,8 m/san), 7 bal – möhkəm küləyə (13,9-17,1 m/san), 8 bal – çox möhkəm və ya şiddətli küləyə (17,2-20,7 m/san), 9 bal – fırtınaya (20,8-24,4 m/san), 10 bal – güclü fırtınaya (24,5-28,4 m/san), 11 bal – şiddətli fırtınaya (28,5-32,6 m/san), 12 bal – qasırğaya (32,6 m/san-dən çox) uyğun gəlir. Bundan başqa, küləklər əsmə müddəti, əhatə etdikləri ərazi, digər xüsusiyyətləri üzrə də qruplara bölünür. Əsmə müddətinə görə qısamüddətli (məs.: briz), mövsümi (məs.: musson), daimi (məs.: ilboyu istiqamətini dəyişməyən passat), əhatə etdikləri əraziyə görə dünya miqyaslı (məs.: Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan külək), qitə miqyaslı (məs.: musson), yerli miqyaslı (məs.: xəzri, fön) küləklər fərqləndirilir.

Coğrafiya terminləri lüğəti