yun. leiturgia – ictimai vəzifə
1. Qədim yunan şəhər-polislərində imkanlı vətəndaşların, habelə üç və daha çox talantlıq əmlakı olan yadellilərin, azad edilmiş qulların yerinə yetirdikləri dövlət mükəlləfiyyəti.
L. hesabına bəzi mühüm dövlət xərcləri azaldılıb. Onun iki növü olub: adi və fövqəladə. Musiqi yarışlarında xorların, dini mərasimlərə göndərilən səfirliklərin, gimnastika yarışları iştirakçılarının saxlanması və s. xərclər adi L. hesabına ödənilib. Hərbi gəmilərin imkanlı vətəndaşların hesabına təchiz edilməsi isə fövqəladə L. sayılıb. L. Afinada e.ə. V–IV əsrlərdə daha geniş yayılıb. Onun tətbiqinin iki əsas məqsədi olub: varlılarla yoxsullar arasında ziddiyyətləri yumşaltmaq, eləcə də polislərin hərbi və siyasi qüdrətini artırmaq. Qədim yunan şəhər-polislərindən başqa, L. ellinizm dövründə Misirdə, həmçinin Roma imperiyasında və Bizansda tətbiq olunub.
2. Xristianlıqda ən mühüm dini ibadət mərasimi.
İsa Məsihin “əti” və ”qanı” sayılan çörək və şərabdan dadmaqla ona “qovuşmaq” istəyi bu mərasimin əsasında durur. Katoliklərdə L. “messa” adlanır.
Tarix terminləri lüğəti