lat. medium – ara, vasitəçi + yun. morphosis – formalaşma
Medianın formasını, kommunikasiya üsullarını dəyişməsi.
Bu dəyişiklik müxtəlif amillərin təsiri altında, o cümlədən bazarda rəqabətin kəskinləşməsi, texnologiyanın sürətli inkişafı nəticəsində baş verir. M. konsepsiyasını 1990-cı ildə yeni medianın pioneri sayılan amerikalı alim Rocer Fidler irəli sürüb. O, M.-un 6 prinsipini müəyyənləşdirib:
1. Yanaşı mövcudluq və birgə inkişaf (məsələn, xəbər portalı internetdə televiziya da açır).
2. Metamorfoz (məsələn, qəzet internet-portal yaradır və əsas diqqəti ona yönəldir).
3. Vərəsəlik (bütün formalar bir-birindən törəyir və əvvəlki kontent əsasında yaranır).
4. Yaşamaq uğrunda mübarizə (media dəyişən şəraitdə yaşamaq üçün yeni forma seçir, məsələn, çapını dayandıraraq onlayn formatda çıxmağa başlayır).
5. İmkanlar və ehtiyaclar (dəyişikliklər hər yerdə və eyni zamanda baş vermir, çünki texnoloji, siyasi, iqtisadi şərtlər fərqlidir).
6. Gələcək gözləntilərə uyğunlaşma (hər yeni texnologiya dərhal gəlir gətirmir, amma onun biznes baxımından gələcəkdə verəcəyi xeyir nəzərdən qaçırılmır).
Jurnalistika terminləri lüğəti