yun. Mesopotamia < mésos – orta, aralıqda yerləşən + potamos – çay
Asiyanın qərbində, Dəclə və Fərat çaylarının hövzələri arasında təbii vilayət.
M. ən qədim sivilizasiya ocaqlarından biri sayılır. Hələ e.ə. IV–III minilliklərdə burada ilk dövlətlər – Şumer, Akkad, Ur və s., e.ə. II minilliyin əvvəlində isə Babilistan yaranıb. Sonralar M. bəşər tarixində mühüm rol oynamış Assuriyanın (e.ə. IX–VII əsrlər), Yeni Babil çarlığının (e.ə. VII–VI əsrlər), Əhəmənilər dövlətinin (e.ə. VI–IV əsrlər), Makedoniyalı İsgəndərin imperiyasının (e.ə. IV əsr), Selevkilər dövlətinin (e.ə. IV-II əsrlər), Parfiyanın (e.ə. III – eramızın III əsrləri), Sasanilər dövlətinin (III–VII əsrlər) və Ərəb xilafətinin (VII əsrdən) tərkibində olub; XI əsrdə səlcuqlar, XIII əsrdə monqollar, XVI əsrin əvvəlində isə Səfəvilər tərəfindən fəth edilib. XVII əsrdən 1918-ci ilədək M. Osmanlı dövlətinin ərazisi olub. I Dünya müharibəsindən sonra həmin ərazinin əksər hissəsi İraqın, qalan hissəsi Suriya və Türkiyənin tərkibindədir.
Tarix terminləri lüğəti