Reklam
Reklam

Tarix terminləri lüğəti

“Müqəddəs ittifaq”

Napoleon imperiyasının süqutundan sonra 1815-ci il sentyabrın 26-da Parisdə Rusiya, Avstriya və Prussiya tərəfindən yaradılmış mürtəce ittifaq.

Sonradan İngiltərə, Roma papası və Osmanlı dövləti istisna olmaqla bütün Avropa monarxlarının qoşulduğu M.İ.-ın əsas məqsədi Vyana konqresi (1814–1815) qərarlarının toxunulmazlığını təmin etmək, Avropa qitəsində irticaçı rejimlərin mövqelərini möhkəmlətmək, eləcə də genişlənməkdə olan inqilabi və milli azadlıq hərəkatına qarşı mübarizə aparmaq olub. 1820-ci ilin noyabrında Rusiya, Avstriya və Prussiya xüsusi protokol imzalayıb. Bu sənəd onlara inqilabi hərəkatları yatırmaq məqsədilə digər ölkələrə hərbi müdaxilə etmək hüququ verib. Bu hüquqdan istifadə edən M.İ. dövlətləri Neapol (1820–1821) və Pyemont (1821) inqilablarını amansızlıqla yatırıb, 1823-cü ildə isə İspaniyanın daxili işlərinə müdaxilə edib. Lakin M.İ.-ın təsisçiləri arasında ziddiyyətlərin kəskinləşməsi XIX əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəlində onun tam süqutuna gətirib çıxarıb.

Tarix terminləri lüğəti