yun. ostrakismos < ostrakon – saxsı qırığı
Qədim Afinada xalq yığıncağının qərarı ilə ayrı-ayrı şəxslərin şəhərdən qovulması.
O. e.ə. VI əsrin sonunda afinalı dövlət xadimi Klisfen tərəfindən tiranlığın bərpası əleyhinə tədbir kimi tətbiq olunsa da, sonralar siyasi mübarizə vasitəsinə çevrilib. O.-in kimə qarşı tətbiqi məsələsi hər il xalq yığıncağı qarşısında qaldırılıb. Yığıncaqda səs hüququ olan hər afinalı təhlükəli bildiyi şəxsin adını saxsı qırığına yazaraq təqdim edib. Əleyhinə azı 6 min səs toplanmış adam 10 gün ərzində Afinanı tərk etməli olub və 10 il ərzində şəhərə gəlmək hüququndan məhrum edilib. Lakin həmin müddətdə onun vətəndaşlığı və əmlakı toxunmaz qalıb. O. sonuncu dəfə e.ə. 417-ci ildə tətbiq olunub.
Tarix terminləri lüğəti