Reklam
Reklam

Tarix terminləri lüğəti

qalliyaçılıq

lat. gallicanus – hərfi mənası: qallara məxsus

XIII əsrdə yaranmış və əsas məqsədi fransız katolik kilsəsinin Roma papasından muxtariyyət əldə etməsi olan dini-siyasi hərəkat.

Q. təkcə kilsədaxili məsələləri deyil, həm də dini və dünyəvi hakimiyyətlər arasındakı münasibətləri əhatə edib. Fransa kralları dünyəvi məsələlərdə papa hakimiyyətindən asılı olmamaq üçün Q.-dan əsaslı şəkildə bəhrələniblər. Bu hərəkatın proqramı 1682-ci ildə qəbul edilmiş “Qalliyaçı ruhanilərin bəyannaməsi” adlı sənəddə öz əksini tapıb. Həmin sənəddə Q.-ın 4 əsas tələbi irəli sürülüb: kralın dünyəvi işlərdə papa hakimiyyətindən tam sərbəstliyi; papanın ümumdünya kilsə məclisinə tabe olması; papanın səlahiyyətlərinin Fransa krallığı və fransız kilsəsinin qanun və adətləri çərçivəsində məhdudlaşdırılması; papanın dini ehkamlar barədə kilsə məclisi tərəfindən təsdiqlənməmiş fikirlərinin rədd edilməsi. Bu tələblər hərəkatın XVIII əsrin sonunadək fəaliyyət proqramı olub. Böyük Fransa inqilabı cəmiyyətin həyatında və dövlət işlərində dünyəviliyi bərqərar etdikdən sonra Q. əvvəlki əhəmiyyətini itirib.

Tarix terminləri lüğəti