Keçmişdə Azərbaycanda, xüsusilə Kiçik Qafqaz ərazisində geniş yayılmış arxaik ev tipi.
Q. ağacdan düzəldilən pilləli formada dam örtüyünə malik olub. Dam örtüyünün mərkəzində içəriyə işıq düşməsi və tüstünün çıxması üçün dəlik saxlanılıb. Dəliyin altında döşəmədə isə açıq ocaq yerləşib. Q.-ın divarları daşdan, çiy kərpicdən və möhrəpalçıqdan, bəzən torpaqdan, nadir hallarda taxtadan olub. Terminin etimologiyası dəqiq müəyyənləşməyib. Bir sıra tədqiqatçıların fikrincə, bu cür evlər böyük patriarxal ailəyə məxsus olduğu üçün məhz “böyük ev” mənasında Q. adlandırılıb. Belə ki, əski türk dilində “qara” sözü “böyük”, “iri” anlamını verir. Digər tədqiqatçılar isə ortalıqda yanan açıq ocağın tüstüsünün tavanı və divarları hisə boyadığı üçün həmin evlərə Q. deyildiyi qənaətindədirlər. Gürcüstanda Q. darbazi adlanır.
Tarix terminləri lüğəti