Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

Sallivan prinsipi

Rəsmi şəxslərlə onların fəaliyyətini tənqid edən kütləvi informasiya vasitələri və jurnalistlər arasında müna­si­bətləri tənzimləyən qaydalardan ibarət prinsipin qeyri-rəsmi adı.

Bu prinsip ilk dəfə 1964-cü ildə ABŞ Ali Məh­kəməsi tə­rəfindən «New-York Times Sal­l­ivana qarşı» işi üzrə çıxarılmış qərarda əksini tapıb və tezliklə bütün Qərbdə diffamasiya haq­qında qanunvericiliyin konseptual əsasını təşkil edib. 1960-cı ilin martında New-York Times-da Alabama ştatında Martin Lüter Kinqin mübarizəsinə dəstək kampaniyası çərçivəsində reklam müraciəti dərc olunub. Yerli polis rəisi Sallivan reklamda Kinqin yeddi dəfə həbs olunması (əslində, dörd dəfə), bu kimi bəzi başqa yanlışlıqları əsas gətirərək qəzeti və müraciəti imzalayanları böhtana görə məhkəməyə verib. ABŞ Ali Məhkəməsi işi cavabdehlərin xeyrinə həll edərək qərar çıxarıb: müəllifin xüsusi qərəzə, yayımçının kobud səhlənkarlığa yol verdikləri mü­əy­yən olunmayıbsa, rəsmi şəxslər mətbuatda getmiş «yanlış» və «nüfuzdan salan» mə­lu­matlara görə zərərin ödənilməsini tələb edə bilməzlər. Məh­kəmə həmçinin iddia­çının üzərinə yanlış məlumat yaymış tə­rəfin pis niyyət güddüyünü sübut etmək öhdəliyi qoyub: «Mət­buat rəsmi şəxslərin ictimai davranışına aid faktların təq­di­matında yol verdiyi səhvə görə mə­su­liy­yətə cəlb olunmamalıdır, çün­ki bu hallarda onu ziyanın ödənilməsinə məcbur etmək mətbuatda qorxu və cəsa­rətsizlik mühiti yarada bilər… Mətbuat vicdanlı səhvə yol vermək üçün sağlam «həyati məkan»a malik olmalıdır». İnsan Haqları üzrə Av­ropa Məhkəməsinin diffa­masiya ilə əla­qə­dar sonrakı qərarlarında bu prinsip inkişaf etdirilib.   

Jurnalistika terminləri lüğəti