Rəsmi şəxslərlə onların fəaliyyətini tənqid edən kütləvi informasiya vasitələri və jurnalistlər arasında münasibətləri tənzimləyən qaydalardan ibarət prinsipin qeyri-rəsmi adı.
Bu prinsip ilk dəfə 1964-cü ildə ABŞ Ali Məhkəməsi tərəfindən «New-York Times Sallivana qarşı» işi üzrə çıxarılmış qərarda əksini tapıb və tezliklə bütün Qərbdə diffamasiya haqqında qanunvericiliyin konseptual əsasını təşkil edib. 1960-cı ilin martında New-York Times-da Alabama ştatında Martin Lüter Kinqin mübarizəsinə dəstək kampaniyası çərçivəsində reklam müraciəti dərc olunub. Yerli polis rəisi Sallivan reklamda Kinqin yeddi dəfə həbs olunması (əslində, dörd dəfə), bu kimi bəzi başqa yanlışlıqları əsas gətirərək qəzeti və müraciəti imzalayanları böhtana görə məhkəməyə verib. ABŞ Ali Məhkəməsi işi cavabdehlərin xeyrinə həll edərək qərar çıxarıb: müəllifin xüsusi qərəzə, yayımçının kobud səhlənkarlığa yol verdikləri müəyyən olunmayıbsa, rəsmi şəxslər mətbuatda getmiş «yanlış» və «nüfuzdan salan» məlumatlara görə zərərin ödənilməsini tələb edə bilməzlər. Məhkəmə həmçinin iddiaçının üzərinə yanlış məlumat yaymış tərəfin pis niyyət güddüyünü sübut etmək öhdəliyi qoyub: «Mətbuat rəsmi şəxslərin ictimai davranışına aid faktların təqdimatında yol verdiyi səhvə görə məsuliyyətə cəlb olunmamalıdır, çünki bu hallarda onu ziyanın ödənilməsinə məcbur etmək mətbuatda qorxu və cəsarətsizlik mühiti yarada bilər… Mətbuat vicdanlı səhvə yol vermək üçün sağlam «həyati məkan»a malik olmalıdır». İnsan Haqları üzrə Avropa Məhkəməsinin diffamasiya ilə əlaqədar sonrakı qərarlarında bu prinsip inkişaf etdirilib.
Jurnalistika terminləri lüğəti