fr. separatisme < lat. separatus – ayrı, əlahiddə
Dövlətin bir hissəsinin müstəqillik (suverenlik) əldə etmək, yaxud geniş muxtariyyət statusu qazanmaq, habelə başqa dövlətin tərkibinə daxil olmaq məqsədilə həyata keçirilən siyasət və fəaliyyət təcrübəsi.
S. bir tərəfdən beynəlxalq hüquqda əksini tapmış xalqların öz müqəddəratını təyin etmək prinsipinə əsaslanır, lakin digər tərəfdən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi başqa mühüm beynəlxalq prinsiplə ziddiyyət təşkil edir, buna görə də əksər hallarda ciddi dövlətlərarası və millətlərarası münaqişələrin yaranmasına səbəb olur. Etnik və dini S. fərqləndirilir. Birinci halda etnik, ikinci halda isə dini azlıq müstəqilliyə və ya geniş muxtariyyətə can atır.
Tarix terminləri lüğəti