Dini zəmində müəyyən qadağalar sistemi.
T. adəti ilk olaraq J.Kuk tərəfindən 1771-ci ildə Tonqa (Polineziya) adasının aborigenləri arasında qeydə alınıb. Polineziyalılar allahlar və ruhlara aid olan hər şeyə T. qoyublar. Həmçinin kahinlər və qəbilə başçılarına məxsus əşyalardan istifadə də yasaqlanıb. Onlar T.-nun pozulmasının böyük fəlakətə gətirib çıxaracağına inanıblar. Belə qadağalara ibtidai inkişaf mərhələsində olan əksər xalqlarda təsadüf olunur. T.-nun qalıqları müasir dinlərdə də özünü büruzə verir. Britaniyalı etnoloq J.Frezerin (1854–1941) ehtimalına görə, T. termini Polineziya dillərindəki “ta” (“qeyd edilmiş”, “seçilmiş”) sözü ilə şiddətləndirmə zərfi olan “pu”-nun birləşməsindən yaranıb və “bütünlüklə seçilmiş, nişanlanmış” anlamını verir. Müasir dövrdə dünya dillərinin əksəriyyətində T. sözü “yasaq”, “qadağa” mənasında işlənir.
Tarix terminləri lüğəti