Reklam
Reklam

Tarix terminləri lüğəti

talaq

ər. tələq – boşama, boşanma

İslam dinində kişi ilə qadın arasında nikaha son qoymağın geniş yayılmış forması.

Şəriətə görə, bu qaydadan yalnız kişilərin istifadə etmək hüququ var. Bunun üçün kişinin boşanma kəlamını şahidlərin yanında ucadan deməsi kifayət edir. T. zamanı cehiz haqqı geri qaytarılır. Həmçinin kişi iddə (sınaq dövrü) müddətində öz keçmiş arvadını maddi cəhətdən təmin etməli olur. Əgər iddə başa çatanadək ərlə arvad arasında münasibətlər bərpa olunmursa, o zaman nikah qəti olaraq pozulmuş sayılır. Boşanma kəlamı ər tərəfindən üç dəfə təkrar olunubsa, qadın yalnız başqa kişiyə ərə gedib boşandıqdan sonra öz əvvəlki əri ilə nikah münasibətlərini bərpa edə bilər. Kişi doqquz dəfə boşanma kəlamını təkrar edibsə, o zaman nikahın bərpası heç bir halda mümkün deyil. T. zamanı oğlan uşaqları 7-8 yaşınadək, qızlar ərə gedənədək ananın yanında qalır, ata isə onların saxlanması üçün tələb olunan vəsaiti ödəyir. İslamda boşanmanın digər formaları da var. Məsələn, qadının xahişi ilə şəriət məhkəməsinin çıxardığı boşanma qərarı fəsx adlanır. Qadının istəyi ilə nikahın pozulmasının daha bir forması hul adlanır. Bu zaman qadın ərinin ona verdiyi bütün əmlakdan məhrum edilir və üstəlik, ərinə kompensasiya ödəməli olur.

Tarix terminləri lüğəti