Reklam
Reklam

Tarix terminləri lüğəti

tampliyerlər

fr. templierstemple – məbəd

I səlib yürüşündən az sonra, 1118–1119-cu illərdə Qüdsdə yaradılmış katolik ruhani-cəngavər ordeninin üzvləri.

Fransız cəngavərləri tərəfindən əsası qoyulmuş T. ordeninin məqsədi Qüdsə ziyarətə gələn xristianları qorumaq, eləcə də Fələstin və Suriyada səlibçilərin yaratdıqları dövlətlərin ərazisini genişləndirmək olub. Ordenin ilk iqamətgahı məbəddə yerləşdiyi üçün o belə adlandırılıb. 1139-cu ildə papa III İnnokenti T.-ə geniş imtiyazlar verib. Onlar yerli dünyəvi və dini feodalların yurisdiksiyasından çıxarılıb, kilsə vergilərindən azad edilib və s. T.-i yalnız papa kurialarının mühakimə etmək hüququ olub. Yaxın Şərqdə və Avropada böyük torpaq sahələri ələ keçirmiş orden iri feodal mülkiyyətçisinə çevrilib. XIII əsrdə T. həmçinin Qərbi Avropanın ən varlı bankirləri olublar. Onlar müsəlmanlar tərəfindən sıxışdırılaraq 1291-ci ildə öncə Kiprdə məskunlaşıblar, sonra isə Avropada, əsasən, Fransada cəmləşiblər. T.-in artan nüfuzundan qorxuya düşən Fransa kralı IV Filip (1285–1314) onların bidətdə ittiham edilməsinə nail  olub. Bundan sonra T.-ə qarşı inkvizisiya prosesi başlanıb. 1307-ci ildə Fransada bu ordenin üzvləri həbs olunublar, 1310-cu ildə bidətçi kimi tonqalda yandırılıblar. T. Qərbi Avropanın digər ölkələrində də təqiblərə məruz qalıblar. 1312-ci ildə papa V Klement ordeni ləğv edib.

Tarix terminləri lüğəti