Asiyada və Şərqi Avropada geniş yayılmış, genealoji (mənşəcə) və tipoloji cəhətdən qohum dillər qrupu.
T.D.-nin hansı dil ailəsinə mənsub olması məsələsi mübahisəlidir. Bəzi alimlər onların Ural-Altay, digərləri isə Altay dil ailəsinə daxil olduğunu göstərirlər. Bu dillərin müstəqil dil ailəsi təşkil etdiyini bildirən tədqiqatçılar da var. T.D.-nin tarixi inkişafı 4 mərhələyə bölünür: Altay və hun dövrləri (eramızın V əsrinədək); qədim türk dövrü (V əsr – X əsrin əvvəli); orta türk dövrü (X–XV əsrlər); yeni və ən yeni türk dövrü (XV–XXI əsrlər). Ən çox yayılmış təsnifata görə, T.D. qərb (qərbi hun) və şərq (şərqi hun) qollarına ayrılır. Qərb qolu, öz növbəsində, aşağıdakı qruplara bölünür: bulqar qrupu – bulqar (əski bulqar), xəzər, çuvaş dilləri; oğuz qrupu – oğuz (X–XI əsrlər), türkmən, qaqauz, Azərbaycan, türk və s. dillər; qıpçaq qrupu – başqırd, qazax, qaraçay-balkar, qaraqalpaq, qumuq, karaim, noqay, tatar və s. dillər; karluq qrupu – özbək, uyğur (yeni uyğur) və s. dillər. Şərq qolu isə növbəti qruplara ayrılır: uyğur qrupu – əski uyğur, Tuva, yakut, xakas, şor və s. dillər; qırğız-qıpçaq qrupu – qırğız və Altay dilləri. Bütövlükdə T.D.-nə 40-dan çox dil və ləhcə daxil edilir. T.D.-nin ən qədim yazılı abidələri (Orxon-Yenisey əlifbası ilə) VI–XI əsrlərə aid olunur. Sözün kökünü dəyişdirmədən ona şəkilçi artırmaqla yeni forma və ya söz yaratmaq mümkün olduğu üçün T.D. tipoloji baxımdan iltisaqi dillər sayılır.
Tarix terminləri lüğəti