Reklam
Reklam

Tarix terminləri lüğəti

türkçülük

Türk xalqlarının milli oyanış prosesinin təzahürü kimi XX əsrin əvvəlində formalaşmış ideya-siyasi cərəyan.

T.-ün əsasları çarizmin təqiblərindən qurtularaq Türkiyədə sığınacaq tapmış Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu tərəfindən yaradılıb. Sonradan Ziya Göyalp həmin ideyaları sistemləşdirərək mükəmməl konsepsiya halına salıb. İlk vaxtlar T. və “pantürkizm” anlayışları sinonim kimi işlədilib: “pan” önşəkilçisi yalnız həmin ideologiyanın bütün türk xalqlarına aidiyyətinin göstəricisi olub. Lakin bir müddətdən sonra bu məfhumların bir-birinə qarşı qoyulması meyilləri özünü büruzə verib, xüsusilə sovet tarixşünaslığında “pantürkizm” məfhumu son dərəcə neqativ məna kəsb edib. Mahiyyət etibarilə etnik konsepsiya olan və türkləri digər müsəlman xalqlarından aydın şəkildə fərqləndirən T. ideyaları türk xalqlarının milli mənlik şüurunun dünyəviləşməsi, dini buxovlardan azad olması prosesinə təkan verib. Bu mənada T. türk xalqlarının, ilk növbədə, onların Rusiyanın əsarəti altında olan hissəsinin ümummüsəlman mədəni arealından ayrılması prosesini xeyli sürətləndirib. T.-ün özəyini təşkil edən məşhur “türkləşmək, islamlaşmaq, avropalaşmaq” düsturu türk xalqlarının inkişafının magistral istiqamətini müəyyənləşdirib – türk etnik kökünə arxalanaraq və islam dünyasına mənsubluğu yaddan çıxarmayaraq zamanın tələbləri ilə ayaqlaşmaq, çağdaş Avropa sivilizasiyasının nailiyyətlərindən bəhrələnmək. T. azərbaycanlıların tarixi inkişafında da mühüm rol oynayıb: irançılığa və ruslaşdırmaya qarşı bir növ mədəni-ideoloji sədd yaradıb; “ictimai ideologiyanın bütün sistemini dini islamçılıq sistemindən milli türkçülük sisteminə keçirərək” (M.Ə.Rəsulzadə) milli identiklik axtarışlarını aktivləşdirib və azərbaycançılıq nəzəriyyəsinin işlənib hazırlanması üçün zəmin formalaşdırıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti