alm. Wehrmacht < wehr – silah, müdafiə + macht – qüvvə
1935–1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələri.
O, reyxsverin bazasında yaradılıb. 1935-ci il martın 16-da ümumi hərbi mükəlləfiyyətin tətbiqindən sonra reyxsver V. adlandırılıb. Ali baş komandanın rəhbərlik etdiyi V.-ın tərkibinə quru qoşunları (das Heer), hərbi hava qüvvələri (die Luftwaffe) və hərbi-dəniz qüvvələri (die Kriegsmarine) daxil olub. Nasist Almaniyasında silahlı qüvvələrin dəyişməz ali baş komandanı reyxskansler A.Hitler olub. II Dünya müharibəsi (1939–1945) ərəfəsində V.-ın şəxsi heyətinin sayı 3 milyon nəfər olub, 1943-cü ilin dekabrında isə maksimal həddə – 11 milyon nəfərə çatıb.
Tarix terminləri lüğəti