türkcə
1865-ci ilin iyununda İstanbulda gənc türk ziyalıları və məmurlarının yaratdıqları eyniadlı gizli siyasi cəmiyyətin üzvləri.
Y.O.-ın liderləri Qərb mütəfəkkirlərinin, ilk növbədə, Ş.Monteskyö (1689–1755) və J.J. Russonun (1712–1778), habelə Böyük Fransa inqilabının ideyalarından ilhamlanan İ.Şinası, Ziya paşa, Namiq Kamal və keçmiş vəzir M.Fazıl olub. Osmançılıq (osmanizm) konsepsiyasının yaradıcısı olan Y.O. ölkədə liberallaşmaya, konstitusiyanın tətbiqinə və parlament idarəçiliyinə keçidə tərəfdar çıxıblar. Onlar bu tədbirlərin həyata keçirilməsini Osmanlı dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və yüksəlişi yolunda mühüm vasitə kimi dəyərləndiriblər. 1867-ci ildə cəmiyyətin fəaliyyətinə qadağa qoyulduqdan sonra Y.O.-ın bir sıra liderləri Fransaya mühacirət etməli olublar. XIX əsrin 70-ci illərinin əvvəlində Türkiyə hökumətinin verdiyi amnistiya ilə əlaqədar onların bir çoxu vətənə qayıdaraq Türkiyənin birinci konstitusiyasının (1876) qəbulunda iştirak edib. Lakin 1878-ci ildə konstitusiyanın ləğvindən və II Əbdülhəmidin istibdad rejiminin bərpasından sonra Y.O.-ın fəaliyyəti yenidən yasaqlanıb, ideyaları isə “Gənc türklər” tərəfindən davam etdirilib.
Tarix terminləri lüğəti