Yerin mərkəzi, onun mantiyadan aşağıda yerləşən qatı.
Y.N.-nin orta radiusu 3470 km, dərinliyi isə 2900 km-dir. Nüvənin səthində temperatur 6000°C-yə çatır. Y.N. Yer kütləsinin təqribən 30%-ni təşkil edir və əsasən, iki elementdan – nikel və dəmirdən ibarətdir. Y.N. iki hissəyə bölünür: radiusu 1300 km olan bərk daxili nüvə və radiusu təxminən 2200 km olan maye xarici nüvə. Nüvənin mövcudluğunu 1897-ci ildə alman seysmoloqu Emil Vixert müəyyənləşdirib, dərinliyini isə 1910-cu ildə amerikalı geofizik Beno Qutenberq təyin edib. Geokimya elminin banilərindən olan Norveç alimi Viktor Qoldşmidt 1922-ci ildə nüvənin qravitasion sıxılma nəticəsində yarandığı fikrini irəli sürüb.
Coğrafiya terminləri lüğəti