türk. – ev, məskən, mülk, torpaq
1. XIV əsrin II yarısınadək türk xalqlarında ayrı-ayrı tayfalara məxsus olan ərazi.
Tayfalar həmin ərazinin hüdudları daxilində köç ediblər. Keçmişdə Azərbaycanda da maldarlıqla məşğul olan müəyyən ailəyə, nəslə, yaxud icmaya mənsub yaylaq və qışlaq yerləri Y. adlanıb. Y. əlverişli təbii şəraitə malik sahədə, su mənbəyinə yaxın bir yerdə salınıb, adətən, ailə, nəsil, icma və ya tayfa başçısının adı ilə (məs.: Həsənyurd, Bəyəhmədyurd və s.) tanınıb. Bir sıra hallarda isə ona tayfanın adı verilib; məs.: Kolanı Y.-u).
2. XIV əsrin sonu – XV əsrin əvvəlində türklərdə feodalın və ya xanın iqamətgahının yerləşdiyi ərazi.
3. Görkəmli tarixçi Fəzlullah Rəşidəddin (1247–1318) və digər orta əsr müsəlman müəlliflərinə görə, qoşunun döyüş vəziyyətində yerləşdiyi ərazi.
4. Rus mənbələrində Monqol imperiyası və Qızıl Ordanın parçalandığı kiçik dövlətlər; məs.: Sibir Y.-u, Krım Y.-u və s.
Tarix terminləri lüğəti