Reklam
Reklam

Tarix terminləri lüğəti

çao

İlk dəfə XIII əsrdə Çində dövriyyəyə buraxılmış aşağı dəyərli kağız pul, əsginas.

Uzunsov, dördkünc formada kəsilən Ç. qızıl və gümüş sikkələrin əldən-ələ keçməsinin, dəyərdən düşməsinin qarşısını alıb və onların dövlət xəzinəsində toplanmasına şərait yaradıb. İqtisadi böhran keçirən Elxanilər dövlətinin xəzinə borclarını ödəmək, xərclərini təmin etmək məqsədilə 1294-cü ildə Keyxatu xan (1291–1295) da Ç. kəsilməsi barədə fərman verib. Məcburi surətdə tədavülə buraxılan, lakin əhalinin etibarını qazana bilməyən kağız pul artıq 2 aydan sonra dövriyyədən çıxarılıb.

Tarix terminləri lüğəti

çar

lat. caesar – sezar sözündən

Slavyanlarda monarxların titullarından biri.

Ç. titulunu slavyanlarda ilk dəfə X əsrin əvvəlində bolqar knyazı I Simeon qəbul edib. 1547–1721-ci illərdə, IV İvan Qroznının hakimiyyəti dövründən başlayaraq Ç. Rusiyada da dövlət başçısının rəsmi titulu olub. 1721-ci ildə o, I Pyotr tərəfindən imperator titulu ilə əvəzlənib, lakin 1917-ci ilin fevralında mütləqiyyətin devrilməsinədək qeyri-rəsmi şəkildə işlənib. Bolqarıstanda isə monarxlar XIX əsrin sonundan 1946-cı ildə ölkə respublika elan edilənədək Ç. titulu daşıyıblar.

Tarix terminləri lüğəti

çartizm

ing. charter – xartiya

1838–1850-ci illərdə Böyük Britaniyada fəhlələrin ilk kütləvi ictimai-siyasi hərəkatı.

Ç.-in əsas tələbləri 1838-ci ildə hazırlanmış “Xalq xartiyası”nda (People`s Charter) öz əksini tapıb. Hərəkatın adı da buradan götürülüb. Ç. tərəfdarları ölkədə dövlət quruluşunun demokratikləşməsi (ümumi seçki hüququ, gizli səsvermə, parlamentə namizədlər üçün əmlak senzinin ləğv olunması) və sosial-iqtisadi islahatlar (iş gününün qısaldılması, əməkhaqqının artırılması və s.) uğrunda mübarizə aparıblar. 1840-cı ildə ölkədə ilk kütləvi fəhlə partiyası olan Milli Çartistlər Assosiasiyası yaradılıb. Ç. 1848-ci ildən başlayaraq tədricən zəifləyib və tənəzzülə uğrayıb.

Tarix terminləri lüğəti