Reklam
Reklam

Tarix terminləri lüğəti

buduqlar

Azərbaycanın Quba və Xaçmaz rayonlarının bir sıra kəndlərində yaşayan azsaylı etnik qrup.

B. Dağıstan dillərinin ləzgi qrupunun Şahdağ yarımqrupuna daxil olan buduq dilində danışırlar, islam dininə etiqad edirlər və azərbaycanlılarla qaynayıb-qarışıblar.

Tarix terminləri lüğəti

bulanjizm

fr. boulangisme – fransız general Bulanjenin adından

XIX əsrin 80-ci illərində Fransada formalaşmış populist xarakterli siyasi hərəkat.

Hərəkata 1886–1887-ci illərdə Fransanın hərbi naziri olmuş general J.Bulanje başçılıq edib. B. hərəkatında müxalif ruhlu rəngarəng siyasi qruplar təmsil olunsalar da, onun əsasını monarxistlər və qatı millətçilər təşkil edib. B.-in başlıca tələbləri Almaniyaya qarşı revanşist müharibənin aparılması, 1875-ci il konstitusiyasının dəyişdirilməsi və parlamentin buraxılması olub. 1889-cu ilin əvvəlində general J.Bulanjenin parlamentə deputat seçilməsi ilə bu hərakat öz zirvə nöqtəsinə çatıb. Həmin ilin aprelində generalın Belçikaya qaçmasından sonra isə o, tədricən zəifləməyə başlayıb. 1891-ci ildə general intihar edib və B. tamamilə siyasi səhnədən çıxıb.

Tarix terminləri lüğəti

bulqarlar

lat. bulgares

Erkən orta əsrlərdə Cənub-Şərqi Avropa çöllərində məskən salmış türk tayfaları birliyi.

Oğuz tayfalarından olan B. əvvəllər Mərkəzi Asiyada məskunlaşıblar, həmin ərazilərə isə IV əsrin sonlarında gəliblər. Bu baxımdan B. Xalqların böyük köçü prosesində Avropaya üz tutmuş ilk türk tayfaları sırasına daxildir. Tarixi qaynaqlarda B. birinci dəfə 354-cü ildə xatırlanıb. V əsrin sonu – VI əsrdə onlar Bizansın ciddi rəqibinə çevriliblər, elə o vaxtlarda Cənubi Qafqaza da yürüşlər ediblər. VII əsrin I yarısında B. Azov ətrafı və Aşağı Bolqa boyunu əhatə edən ərazidə Böyük Bulqariya adı ilə tanınmış tayfa ittifaqını yaradıblar. Lakin bu ittifaq qısa müddətdən sonra dağılıb, xəzərlərin təzyiqi altında B. Orta Volqa boyuna və Kama çayı sahillərinə köçərək burada X əsrdə İdil (Volqa) Bulqarıstanı deyilən dövlətin əsasını qoyublar. B. çuvaşlar, tatarlar, başqırdlar və s. türk xalqlarının təşəkkülündə iştirak ediblər. Müasir bolqarların və Bolqarıstanın adı da onlardan götürülüb. Bulqar dili çuvaş və hun dilləri ilə bərabər, türk dillərinin qərbi hun qrupunu təşkil edib.

Tarix terminləri lüğəti

burjua inqilabı

Əsas mahiyyəti feodal sinfini zorakı yolla hakimiyyətdən kənarlaşdırmaq və dövlət idarəçiliyini burjuaziyaya verməkdən ibarət olan sosial inqilab növü.

Belə inqilablarda burjuaziya aparıcı qüvvə kimi çıxış edib. B.İ.-nın tarixi rolu kapitalizmin inkişafı yolundakı maneələrin aradan qaldırılmasından ibarət olub. İlk B.İ. XVI əsrdə Niderlandda baş verib. Bəzi hallarda həmin inqilablar kapitalizmin feodalizm üzərində iqtisadi sahədə qələbəsini təmin etsə də, siyasi rejimi tam olaraq buna uyğunlaşdıra bilməyiblər. Belə hallarda burjua-demokratik inqilabına ehtiyac duyulub. Əsas vəzifəsi iqtisadiyyatda aparıcı qüvvə olan burjuaziyanın həm də siyasi sahədə hegemonluğunu təmin etməkdən ibarət olan burjua-demokratik inqilabına misal olaraq Fransada 1848 və 1871-ci illər, Rusiyada 1905–1907-ci illər, Almaniya və Avstriya-Macarıstanda 1918-ci il inqilablarını göstərmək olar.

Tarix terminləri lüğəti