Reklam
Reklam

Tarix terminləri lüğəti

ekstremizm

lat. extremus – ifrat, son

İfrat mübarizə metodları vasitəsilə sosial-siyasi, dini, milli hədəflərə çatmağın nəzəriyyə və praktikası.

Əksər hallarda hər cür kompromis, danışıq və razılaşmaları rədd edən ekstremistlər məqsədlərinə nail olmaq üçün terror aktları törədir, insanları girov götürür, bu kimi digər ən ifrat üsullara əl atırlar. Beləliklə, E. çox vaxt terrorizmlə çulğalaşır. O, ictimai şüur, ictimai psixologiya, ideologiya sahələrində olduğu kimi, sosial qruplar (sosial E.), siyasi partiyalar (siyasi E.), millətlər və etnoslar (milli və ya etnik E.), dinlər (dini E.) arasındakı münasibətlərdə də özünü göstərir. E. anlayışının hamı tərəfindən qəbul edilən ümumi izahı formalaşmayıb. 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir: “E. siyasi fəaliyyətin xüsusi forması olub açıq, yaxud örtülü şəkildə dözümsüzlük, özgələşdirmə, ksenofobiya, antisemitizm, habelə ifrat millətçilik ideologiya və praktikasına əsaslanaraq parlament demokratiyasının prinsiplərinə qarşı çıxır”.

Həmçinin bax:

Tarix terminləri lüğəti

ekzoqamiya

yun. exo – kənar, xarici + gamos – nikah

Qohum (qəbilə, nəsil) və ya lokal (icma) kollektivlərin üzvləri arasında nikah münasibətlərini yasaqlayan adət.

İbtidai icma quruluşu dövründə qəbilə və nəsillər daxilində E., onların daxil olduğu tayfada isə endoqamiya hökm sürüb. E.-nın yaranması səbəbləri barədə çoxsaylı mülahizələri üç əsas qrupa bölmək olar:

a) qan qohumları arasındakı nikahların zərərli nəticələrindən qorunmaq;

b) sosial kontaktları genişləndirərək digər kollektivlərlə əlaqə yaratmaq;

c) cinsi münasibətlər və onları müşayiət edən konfliktləri kollektivdən kənara çıxarmaqla qəbilə, nəsil, icma daxilində əmin-amanlığı təmin etmək.

“E.” və “endoqamiya” terminlərini ilk dəfə şotland tədqiqatçısı C. Mak-Lennan işlədib.

Tarix terminləri lüğəti

eqalitarizm

fr. égalitarisme < egalite – bərabərlik

Ümumi bərabərliyi həyatın və cəmiyyətin təşkilinin əsas prinsipi kimi irəli sürən utopik ictimai nəzəriyyə.

Elitarizmə əks mövqedə duran E. bütün insanların bərabər siyasi, iqtisadi və hüquqi imkanlara malik olduğu bir cəmiyyətin yaradılmasına çalışır. Onun nəzəri-fəlsəfi əsaslarının yaradılmasında fransız mütəfəkkirləri J.Russo, Q.Babef, digər filosoflar böyük rol oynayıblar. Yakobinçilər isə E.-in praktikada tətbiqinə səy göstəriblər. Tarixi təcrübə göstərir ki, ilk baxışda çox cəlbedici görünsə də, E. gerçəkləşdirilməsi mümkün olmayan utopik nəzəriyyədir.

Tarix terminləri lüğəti

elam dili

Elamlıların (Elam əhalisinin) dili.

Ölü dil olan E.D. qrammatik quruluşca iltisaqi (sözün kökü dəyişmədən şəkilçi artırmaqla yeni forma əmələ gətirən) dillər qrupuna aid edilir. E.ə. III–I minilliklərdə geniş yayılmış bu dildə tarixboyu 3 yazı sistemindən istifadə olunub. E.D.-ndəki e.ə. 3100–2900-cü illərə aid ən qədim yazılı mətnlər piktoqrafik xarakterlidir. Sonralar piktoqrafik işarələr xətti yazı ilə əvəzlənib. Təqribən e.ə. 2200-cü illərdə isə mixi əlifbası xətti yazını sıxışdıraraq aradan çıxarıb. Elamın e.ə. VI əsrdə Əhəmənilər tərəfindən işğalından sonra E.D.-nin tənəzzülü prosesi başlayıb. Onun digər qədim Şərq dilləri (şumer, hurri və s.) ilə genetik qohumluğu müəyyənləşməyib. E.D.-nin türk, Qafqaz, dravid və s. dilləri ilə qohumluğu barədə ehtimallar irəli sürülsə də, bunlar hələlik fərziyyə olaraq qalır.

Tarix terminləri lüğəti

elamlılar

akkad. Elamtu; endoetnonim – Haltamti

Müasir İranın Xuzistan və Luristan vilayətlərinin ərazisində e.ə. III minillikdən e.ə. VI əsrin ortalarınadək mövcud olmuş qədim Elam dövlətinin əhalisi.

Şərqin ən qədim xalqlarından biri olan E. elam dilində danışıblar. Onlar barədə məlumata ilk dəfə e.ə. III minilliyə aid olan şumer mixi yazılarında rast gəlinir. E. əkinçilik, maldarlıq, ticarət və sənətkarlıqla məşğul olublar. Elamın paytaxtı Suz şəhərində aşkarlanmış arxeoloji abidələr bu dövlətin əhalisinin yüksək mədəniyyətə sahib olduğundan xəbər verir.

Tarix terminləri lüğəti

Eldorado

isp. El Dorado – hərfi mənası: qızılı, üzərinə qızıl səpilmiş

Qızıl və qiymətli daşlarla zəngin olan mifik Cənubi Amerika ölkəsi.

XVI əsrdən başlayaraq ilk ispan konkistadorları E.-nu Latın Amerikası ərazisində tapmaq üçün bir çox ekspedisiyalar təşkil etsələr də, bu əfsanənin reallığını təsdiqləyən fakt aşkarlanmayıb. E. termini məcazi mənada zənginliklər, əfsanəvi möcüzələr ölkəsi anlamında da işlənir.

Tarix terminləri lüğəti

elitarizm

fr. élitisme < èlite  – ən yaxşı, say-seçmə

Cəmiyyətin elita və kütləyə bölünməsinin zəruriliyi haqqında konsepsiya.

E.-ə görə, belə bir bölgünün olmaması cəmiyyətin zəif inkişafının əlaməti hesab olunur. Bərabərliyin bütün formalarını inkar edən E. müəyyən mənada cəmiyyətin inkişafına təkan verir.

Həmçinin bax:

Tarix terminləri lüğəti