Reklam
Reklam

Tarix terminləri lüğəti

kutriqurlar

Bulqarlara yaxın sayılan qədim türk tayfaları.

Tarixi qaynaqlarda K.-ın (bəzi mənbələrdə – kutrigurlar) adı ilk dəfə V əsrin II yarısında onların Don və Dnepr çayları arasındakı ərazilərə təşkil etdikləri yürüşlərlə bağlı çəkilir. Qara dənizin şimal sahillərində və Azov dənizinin qərbində məskunlaşmış K. VI əsrin 60-cı illərində avarlar tərəfindən məğlub edildikdən sonra onlarla qaynayıb-qarışmışlar.

Tarix terminləri lüğəti

kuzə

fars. – bardaq

Su, bəzən şərab saxlamaq və ya daşımaq üçün istifadə edilən saxsı qab.

Tunc dövründən məlum olan K. boğazı dar, gövdəsi gen və qulplu olur. Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda belə qablar geniş yayılıb. Bəzən gümüş və ya qızıldan düzəldilərək qiymətli daşlarla bəzədilmiş K.-lərə də rast gəlinir.

Tarix terminləri lüğəti

köləlik

İstismarın tarixən ilk və ən kobud forması.

K.-də istehsal alətləri ilə yanaşı, qul (kölə) da öz sahibinin (quldarın) mülkiyyəti sayılıb. Kölə bütün hüquqlardan məhrum olub. Onun üçün əməyə heç bir iqtisadi stimul yaradılmayıb, buna görə də kölə yalnız fiziki məcburiyyət altında işləyib. K. quldarlıq quruluşunun əsasını təşkil edib. Ən qədim zamanlardan müxtəlif sivilizasiyalarda mövcud olmuş K. hazırda bütün ölkələrdə yasaq edilib. Bu istismar formasını 2007-ci ildə sonuncu ləğv etmiş ölkə Mavritaniya olub.

Tarix terminləri lüğəti

kşatralar

sanskr. kşatriya, kşatra – hökmranlıq, hakimiyyət

Qədim Hindistanda dörd əsas silkdən (varnadan) biri.

Statusuna görə K. (yaxud rajanlar) brahmanlardan sonra ikinci ən ali varna sayılıblar. Qədim hind dövlətlərində onlar hərbi-tayfa aristokratiyasının əsasını təşkil ediblər. K. hökmdar, vəzifəli şəxs, habelə torpaq sahibləri və peşəkar hərbçilər olublar. E.ə. I minilliyin ortalarına yaxın bu varna cəmiyyətdə öz əvvəlki nüfuzunu itirməyə başlayıb. Orta əsrlərdə K. anlayışı yalnız ənənəvi termin kimi işlədilib; məs.: qədim K. varnası ilə heç bir irsi əlaqəsi olmayan hərbi feodal-silkinin – racputlat kastasının nümayəndələrini də K. adlandırıblar.

Tarix terminləri lüğəti