Reklam
Reklam

Tarix terminləri lüğəti

kaledinçilik

Yerli kazak dəstələrinin atamanı A.Kaledinin Don vilayətində bolşeviklərə qarşı qiyamı (1917, oktyabr – 1918, fevral).

Donda bütün hakimiyyəti öz üzərinə götürən general Kaledin Moskva və Petroqrada hücuma hazırlaşmağa başlayıb. Qiyama siyasi rəhbərliyi kadetlər həyata keçiriblər. 1917-ci ilin dekabrında Rostov-Donu ələ keçirən qiyamçılar bolşeviklər üçün böyük təhlükəyə çevriliblər. Kazakları öz tərəfinə çəkmək məqsədilə bolşeviklər təcili tədbirlərə əl atmalı olublar: kazaklara böyük güzəştlər verilib, ilk növbədə, onlar üçün hərbi mükəlləfiyyət ləğv edilib. Bundan sonra K.-in sosial bazası zəifləyib və bolşeviklər, çətinliklə də olsa, qiyamı yatıra biliblər.

Tarix terminləri lüğəti

kalvinizm

Protestantlıq cərəyanlarından biri.

Bu cərəyana onun banisi fransız teoloqu J.Kalvinin adı verilib. Əgər alman teoloqu M.Lüter Reformasiyaya başlarkən “Bibliyaya zidd olan hər şeyin kilsədən kənarlaşdırılması” prinsipini əsas götürübsə, J.Kalvin bir qədər də irəli gedərək “Biblayının tələb etmədiyi hər şeyin kilsədən xaric edilməsi” ideyasını irəli sürüb. XVI əsrdə Cenevrədə meydana gələn K. sonralar Fransa, Niderland, İngiltərə, Şotlandiya, Almaniya, ABŞ və s. ölkələrdə geniş yayılıb. O, Allaha ibadəti Bibliya oxumaqla məhdudlaşdırır, habelə katolik kilsəsinin iyerarxiyaehkamlarını, rahibliyi, insanların xilasında ruhanilərin rolunu qəbul etmir. Asketik həyat tərzini təbliğ edən K. dəbdəbəli kilsə mərasimlərinə, bər-bəzəkli həyat tərzinə, parlaq paltar və ləl-cəvahiratlardan istifadəyə qarşı çıxır. K. təlimi kilsə rituallarını maksimum dərəcədə sadələşdirir, rasionalizmə meyil etməsi və hər cür mistikanın inkarı ilə səciyyələnir. Niderland (XVI əsr) və İngiltərə (XVII əsr) inqilabları məhz K.-in təsiri altında baş verib.

Tarix terminləri lüğəti

kamarilya

isp. camarilla < cámara – palata, monarx sarayı

İlkin mənada: İspaniya kralı VII Ferdinandın hakimiyyəti dövründə (1808, 1814–1833) nüfuzlu saray əyanları qrupu.

Krala yaxın olan və ölkənin idarə edilməsində əsas rol oynayan əyanlar daim öz toplantılarını sarayın kiçik otağında (camara-da) keçirdikləri üçün bu qrup belə adlandırılıb. Sonralar K. termini mənfi məna kəsb edərək «dövlət məsələlərini öz şəxsi maraqlarına uyğun həll edən əyan və məmurlar qrupu» anlamında işlədilməyə başlanıb.

Tarix terminləri lüğəti

kamizarlar

fr. camisards < Langedok dialektində camiso – köynək

Fransanın cənubundakı Langedok əyalətində 1702–1705-ci illər antifeodal kəndli-plebey üsyanının iştirakçıları.

Onlar gecə döyüşləri zamanı ağ köynək geyindikləri üçün belə adlandırılıblar. Üsyana dövlət məmurlarının və katolik ruhanilərinin hugenotlara qarşı təzyiqlərinin güclənməsi səbəb olub. Hugenotlar üsyanın hərəkətverici qüvvəsini təşkil ediblər, dini etiqad azadlığı və bütün vergilərin ləğvini istəyiblər. K.-ın ideya şüarı kalvinizm olub, lakin bir çox katolik-kəndlilər də onlara qoşulublar. 1704-cü ildə K.-ın əsas qüvvələri darmadağın edilib, 1705-ci ildə isə üsyan qəti olaraq yatırılıb.

Tarix terminləri lüğəti

kamzol

fr. camisole – kofta

Kaftan altından geyilən belə biçimli, dizə kimi uzun kişi geyimi.

K. qollu və qolsuz olur, mahud, ipək və ya məxmərdən hazırlanır, tikmə, güləbətin və düymələrlə bəzədilir. Onu XVII əsrin I yarısında Fransada geyməyə başlayıblar. XVIII əsrdən isə K. digər Qərbi Avropa ölkələrində, o cümlədən Rusiyada geniş yayılıb.

Tarix terminləri lüğəti

kannibalizm

fr. cannibale, isp. canibal – adamyeyən

İbtidai tayfalar və xalqlar arasında yayılmış adamyemə adəti.

K.-in məişət və dini formaları mövcud olub. Daş dövrünün erkən mərhələsində geniş yayılmış, yalnız aclıqla bağlı olan məişət K.-i ərzaq ehtiyatlarının artması ilə tədricən aradan qalxıb. Sonrakı dövrlərdə K. nadir hallarda baş verib; məs.: II Dünya müharibəsi dövründə (1939–1945) Leninqradın blokadası zamanı belə faktlar qeydə alınıb. Dini K. isə daha uzunömürlü olması ilə fərqlənir, ona dünyanın bəzi bölgələrində indi də rast gəlmək mümkündür.

Tarix terminləri lüğəti

kanqlılar

başq. Kanlı; qazax. Kanlı; özb. Qangli; qırğız. Kanduu – hərfi mənası: qanlı

XI–XII əsrlərdə formalaşmış türk tayfa birliyi.

Bu tayfa birliyi XI əsrdə İrtış çayı ətrafından Aralboyu çöllərə köçmüş qıpçaqların yerli oğuz-peçeneqlərlə qaynayıb-qarışması nəticəsində yaranıb. K. (bəzi qaynaqlarda – kanlılar, qanqlılar), əsasən, köçəri maldarlıq və sənətkarlıqla məşğul olublar. Orta əsrlərdə onlar Orta Asiya dövlətlərində (xüsusilə Xarəzmşahlarda) mühüm mövqe tutublar. K.-ın XIII əsrdə İssıkkul rayonuna köçmüş qismi monqollar tərəfindən darmadağın edilib, Xarəzmdə qalan hissəsi isə özbəklərin, qazaxların, qaraqalpaqların, eləcə də başqırdların etnogenezində rol oynayıb.

Tarix terminləri lüğəti

kantonistlər

alm. kantonist – hərbi mükəlləfiyyətli < fr. canton – dairə, bölgə

1. Prussiyada 1733–1813-cü illərdə kantonlardan hərbi xidmətə çağırılan şəxslər.

Həmin dövrdə hər kanton öz polkunu formalaşdırıb.

2. Rusiyada doğulduğu gündən hərbi idarənin qeydiyyatında olan əsgər oğulları.

Onları hərbi xidmətə hazırlamaq məqsədilə 1721-ci ildən etibarən qarnizonlarda xüsusi məktəblər fəaliyyət göstərib. 1805-ci ildən isə bu məktəblərdə təhsil alanlar K. adlandırılıb. 1856-cı ildə həmin qayda ləğv edilib.

Tarix terminləri lüğəti