Reklam
Reklam

Tarix terminləri lüğəti

keçililər

Türkdilli kayılar tayfasının qollarından biri.

Mənşəcə oğuz tayfalarına mənsub olan K. Azərbaycan ərazisinə səlcuqların tərkibində gəliblər. Onlar əvvəlcə Araz çayının sağ sahilində məskunlaşıblar, sonradan isə Səfəvilər dövründə Naxçıvana köçərək kəngərlilərə qarışıblar. K.-in bir hissəsini isə Pənahəli xan Qarabağda yerləşdirib. Şahbuz rayonunda Keçili kəndinin, habelə Azərbaycanda bir sıra digər yer adlarının məhz bu tayfa ilə əlaqədar olduğu ehtimal edilir.

Tarix terminləri lüğəti

keltlər

lat. Celtae, yun. Keltói

E.ə. I minillikdə Qərbi və Mərkəzi Avropada geniş ərazilərdə yaşamış, dil və mədəniyyətcə bir-birinə yaxın olan hind-Avropa mənşəli tayfalar qrupu.

Bu tayfalar kelt dillərində danışıblar. Yunanlar onları “keltlər”, romalılar isə “qallar” adlandırıblar. E.ə. I minilliyin II yarısında K.-in hərbi fəallığı, demək olar ki, bütün Avropa ərazisini əhatə edib. Lakin daxili çəkişmələr K.-in zəifləməsinə və eramızın əvvəlindən etibarən cənubdan romalılar, şərqdən isə germanlar tərəfindən şimala doğru sıxışdırılmasına gətirib çıxarıb. Eramızın I əsrində həmin tayfaların əksəriyyətini romalılar ram ediblər. Bundan sonra K. yaşadıqları ölkələrin əhalisi, ilk növbədə, roman xalqları ilə qaynayıb-qarışıblar. Müasir dövrdə kelt etnik elementlərinə İrlandiyadə, Böyük Britaniyanın bəzi bölgələrində (Şotlandiya və Uelsdə) və Fransanın şimalında (Bretonda) rast gəlmək olur.

Tarix terminləri lüğəti

kəbirlilər

Erkən orta əsrlərdə Azərbaycana gəldikləri güman edilən türk tayfalarından biri.

Ehtimallara görə, bu tayfa xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsillərindən biridir, belə ki, mənbələrdə onun adı «kəbərlilər» kimi də çəkilir. K., əsasən, Mil və Qarabağ düzlərində yaşayıblar, məskunlaşdıqları ərazi Kəbirli mahalı adlanıb. XVIII əsrin ortalarında K. Qarabağ xanlığının yaranmasında mühüm rol oynayıblar. XIX əsrin ortalarında isə 4 qoldan (Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli, Arıq Məhəmmədli) və 40-a yaxın tirədən ibarət olublar.

Tarix terminləri lüğəti

kəldanilər

babil. Kaldu, yun. Chaldaei, ivr. Kasdim

E.ə. I minilliyin I yarısında Babilistanın cənubunda – İran körfəzinin şimal-qərb sahillərində məskunlaşmış qədim sami tayfası.

Əksər tədqiqatçılar K.-in arami mənşəli olduğunu göstərirlər. Lakin onların Ərəbistanın cənubundan gəldiklərini güman edənlər də var. K.-in dil mənsubiyyəti mübahisəlidir. Bu dildə yazılı mətnlər indiyədək aşkarlanmayıb. Öncə köçəri maldarlıqla məşğul olan K. tədricən oturaq həyata keçərək bir neçə hakimlik (ən böyüyü – Bit-Yakin) yaradıblar. E.ə. IX əsrdən onlar Elam ilə ittifaqa girərək Babilistanda hakimiyyəti ələ keçirmək üçün Assuriya ilə mübarizə aparıblar. E.ə. 626–538-ci illərdə isə Babilistanda qüdrətli Yeni Babilistan padşahlığını yaratmış K. sülaləsi hakimiyyətdə olub. Sonralar K. yerli əhali ilə qaynayıb-qarışıblar. Qədim Yunanıstan və Qədim Romada babil mənşəli kahin və falçıları K. adlandırıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

kələntərlik

Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkəsində, o cümlədən Azərbaycanda kələntərin xeyrinə əhalidən alınan vergi.

K., əsasən, şəhər əhalisindən toplanıb, onun həcmi isə dəqiq olmayıb. Bu vergi növü Qarabağ xanlığında xüsusilə geniş yayılıb.

Tarix terminləri lüğəti

kəngərlilər

Azərbaycanlıların etnogenezində iştirak etmiş qədim türk tayfalarından biri.

Bəzi tədqiqatçılara görə, K. mənşəcə peçeneq tayfalarından olublar. Onların Cənubi Qafqaza eramızın əvvəllərində hunların tərkibində gəldikləri ehtimal edilir. Tarixi qaynaqlarda isə K.-in bu ərazidə (əsasən, Naxçıvanda) V əsrdən yaşadıqları barədə məlumatlar var. Səfəvilər dönəmində K. ustaclı tayfasının tərkibində ölkənin siyasi həyatında fəal iştirak ediblər. Xanlıqlar dövründə onların bir qismi Qarabağa köçürülüb.

Tarix terminləri lüğəti

kəsbkarlıq

ər. kəsb – əldə etmə, qazanma + fars. kar – sözlərin sonunda “edən” mənasını verən şəkilçi

Kəndlilərin qazanc məqsədilə müvəqqəti olaraq sənaye və kənd təsərrüfatı işlərində çalışması.

K. feodalizmin süqutu mərhələsində yaranıb və kapitalizmin inkişafı ilə əlaqədar geniş yayılıb. Azərbaycanda K. XIX əsrin 70-ci illərində, Bakı neft sənayesinin sürətli tərəqqisi zamanı meydana gəlib, 1890-cı illərdə, xüsusilə XX əsrin əvvəlində vüsət alıb. Bakıya K.-a gələnlərin əksəriyyəti Şimali və Cənubi Azərbaycan kəndliləri olublar. Qafqazın digər bölgələrindən, hətta Rusiyanın mərkəzi quberniyalarından da kəndlilər buraya K.-a gəliblər.

Tarix terminləri lüğəti

kiçik çillə

Azərbaycan xalq təqvimində qış fəslinin ikinci ayı.

K.Ç. fevralın əvvəlindən 20-dək olan dövrü əhatələyir. Xalq müşahidələrinə görə, bu zaman havalar böyük çilləyə nisbətən daha soyuq və sərt keçir. Buna görə ona el arasında “qışın oğlan çağı” da deyilir. K.Ç.-dən sonra boz ay (ala çillə, alaçalpo) başlayır.

Tarix terminləri lüğəti