Reklam
Reklam

Tarix terminləri lüğəti

konklav

lat. conclave – bağlı, kilidli otaq

Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı.

Yığıncaq xarici aləmdən tamamilə təcrid olunmuş qapalı otaqda keçirilir. Seçkilər gizli səsvermə yolu ilə baş tutur. Seçilmək üçün yeni papaya səslərin 2/3-dən çoxunu toplamaq lazım gəlir. Otaq yalnız papa seçildikdən sonra açılır. K.-ın hazırda qüvvədə olan keçirilmə qaydaları 1274-cü ildə II Lion kilsə məclisində qəbul edilib.

Tarix terminləri lüğəti

konnetabl

fr. connétable < lat. comes stabuli – mehtərbaşı

Fransa monarxiyasında ali mənsəb sahiblərindən biri, yüksək rütbə.

Öncə Frank dövlətində sarayda xidmət edən şəxslər K. adlanıblar. Fransada Kapetinqlər dövründə (987–1328) K.-ın rolu daha da yüksəlib və o, krallığın 5 ali mənsəb sahibindən birinə çevrilib. XII əsrin sonlarından isə K. kralın hərbi müşaviri, bəzi hallarda kral cəngavərlərinin başçısı olub. XIV əsrin sonunda ona ordunun vahid baş komandanı, həmçinin hərbi tribunalın rəhbəri səlahiyyətləri də verilib. Tədricən K.-ın artan nüfuzu kral hakimiyyəti üçün təhlükəyə çevrilib. Bu səbəbdən həmin rütbə 1627-ci ildə ləğv edilib. 1804-cü ildə I Napoleon öz qardaşı Luiyə “böyük K.”, 1807-ci ildə marşal Bertyeyə “vitse-K.” titulu verib, lakin bu titullar da restavrasiya dövründə ləğv olunub.

Tarix terminləri lüğəti

konsern

alm. der konzern < ing. concern – hərfi mənası: münasibət, aidiyyət

İnhisarçı birliklərin ən yüksək səviyyədə inkişaf etmiş və ən çox yayılmış formalarından biri.

K. mülkiyyət birliyinə və vahid nəzarət prinsipinə əsaslanır. Sindikatkarteldən fərqli olaraq K.-ə daxil olan müəssisələr müstəqil deyil; onlar birliyə başçılıq edən maliyyə qruplarının nəzarəti altına keçir. K.-də müxtəlif sənaye sahələrinin müəssisələri cəmləşir ki, bu da onu digər inhisar birliklərindən fərqləndirir; məs.: “Mitsubishi” K.-nin tərkibində avtomobil, elektronika, gəmiqayırma və s. sənaye sahələrinin müəssisələri toplanıb. İlk K.-lər I Dünya müharibəsindən (1914–1918) sonra Almaniyada yaranıb.

Tarix terminləri lüğəti

konsessiya

lat. concessio – icazə, güzəşt

Dövlət və ya bələdiyyələrin mülkiyyətində olan təbii sərvətlərin, torpaq sahələrinin, müəssisələrin, digər təsərrüfat obyektlərinin xarici dövlətə, hüquqi və ya fiziki şəxsə müəyyən şərtlər əsasında müvəqqəti istismara verilməsi haqqında müqavilə.

K., bir qayda olaraq, konkret müddətə, nadir hallarda isə müddətsiz verilir.

Tarix terminləri lüğəti

konstebl

ing. constable

1. Böyük Britaniya və ABŞ-da aşağı çin polis rütbəsi; Böyük Britaniyada həmçinin qəsr, yaxud saray komendantı.

2. İngiltərədə feodalizm dövründə saray mənsubuna məxsus rütbə.

Tarix terminləri lüğəti