Reklam
Reklam

Tarix terminləri lüğəti

laiklik

fr. laïque – dünyəvi

Dünyəviləşmə, çağdaşlaşma; atatürkçülük (kamalizm) ideologiyasının altı əsas prinsipindən biri.

Sekulyarizm” termininin sinonimi olan L. geniş mənada cəmiyyətin dinin təsirindən azad edilməsi və dünyəvi dövlətin qurulması uğrunda hərəkat anlamında işlənir. Mustafa Kamal Atatürk də Türkiyəni dünyəvi dövlətə çevirməyi qarşısına məqsəd qoyduğu üçün L.-i öz siyasətinin əsas elementlərindən biri kimi irəli sürüb. 1937-ci ildə L. dövlətin təməl prinsiplərindən biri olaraq rəsmən bu ölkənin anayasasında təsbit edilib.

Tarix terminləri lüğəti

lal təbəqə

Arxeologiyada: insanın uzunmüddətli fəaliyyəti nəticəsində yaranmış yaşayış məskənində bir neçə mədəni təbəqə arasında torpaq qatı.

L.T. yaşayış məskənində həyatın müxtəlif səbəblərdən xeyli müddətə kəsilməsi nəticəsində yaranır. Belə qatlara Azərbaycanda Qaraköpəktəpə, Əlikömək təpə və s. çoxtəbəqəli arxeoloji abidələrdə rast gəlinib.

Tarix terminləri lüğəti

lama

tibet. – hərfi mənası: ali

Lamaizmin yayıldığı ölkələrdə buddaçı rahib.

Bu termin VIII əsrdə Tibetdə yaranıb, öncə yalnız yüksək elmi dərəcə və müəllimlik hüququ olan şəxslər L. adlandırılıb. Sonradan Tibetdə və lamaizmin yayıldığı başqa ölkələrdə rahibliyi qəbul edənlərin hamısına L. deməyə başlayıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

lamaizm

Tibet və Çinin Daxili Monqolustan vilayətində, Monqolustan, Nepal və Hindistanın bəzi bölgələrində geniş yayılmış buddizm cərəyanı.

VII əsrdə buddizm Hindistandan Tibetə keçib və VIII əsrin sonunda burada hakim dinə çevrilib. Buddizm əsasında L.-in formalaşması prosesi də məhz Tibetdə başlanıb. Onun nəzəri əsasları XIV əsrə kimi tərtib olunmuş iki əsas qanunda – Kancur və Tancurda, habelə məşhur lamaların əsərlərində öz əksini tapıb. L.-də həm tərkidünyalıq və seyrçilik, həm də magiya və yerli allahlara etiqad bir-biri ilə çulğaşıb. Bu təlimdə lama kultu mühüm rol oynayır. Hər bir dindarın lamanın şəxsində müəllimə malik olması və sonuncunun bütün məsləhətlərinə sözsüz əməl etməsi L. təliminin əsas tələblərindən sayılır.

Tarix terminləri lüğəti

landqraf

alm. landgraf < land – ölkə + gravo – başçı

Orta əsrlərdə Almaniyada sahib olduğu ərazilərdə ali hakimiyyətə malik, heç bir hersoq və knyaza tabe olmayan qraf titulu.

İlk landqraflıqlar XII əsrdə Almaniyanın cənub-qərbi və orta hissəsində yaranıb. L.-lara ali idarəçilik funksiyaları imperator tərəfindən verilib. Türingiya və Hessen L.-ları daha böyük nüfuza malik olub.

Tarix terminləri lüğəti

landrat

alm. landrat < land – ölkə + rat – şura, müşavir

1. Rusiyada 1713–1719-cu illərdə qəza zadəganlarından təyin edilən qubernator yanında müşavir.

L. vəzifəsini I Pyotr təsis edib. Hər quberniyada onun tərkibindəki qəzaların sayından asılı olaraq 8-12 L.-dan ibarət kollegial idarə orqanı yaradılıb. 1719-cu ildə L. hökumət tərəfindən təyin edilən voyevodalarla əvəzlənib.

2. Almaniyada yerli idarəçilik orqanının başçısı.

3. İsveçrənin bəzi kantonlarında qanunverici orqanın adı.

Tarix terminləri lüğəti

landtaq

alm. Landtag < land – torpaq, ölkə + tag – məclis

1. Bir sıra dövlətlərdə yerli nümayəndəli orqan, parlament.

Almaniyada ərazilərin nümayəndəli orqanına, Lixtenşteyn knyazlığında parlamentə, Avstriyada ərazilərin qanunverici məclisinə L. deyilir.

2. Orta əsr alman dövlətlərində silki nümayəndəli orqan.

İlk belə L.-lar XIII əsrdə meydana gəlib.

3. XVI–XVII əsrlərdə ayrı-ayrı alman knyazlıqlarında yerli hakimiyyət orqanı.

4. 1866-cı ildə formalaşmış Şimali Almaniya İttifaqında Almaniya imperiyası yarananadək (1871) fəaliyyət göstərən nümayəndəli orqan.

Tarix terminləri lüğəti

laponoid irqi

lat. Lapones – laplandlar + yun. èidos – görünüş, görkəm

Avropoidmonqoloid irqləri arasında orta mövqe tutan Ural irqinin bir tipi.

Alçaq boy, almacıq sümüklərinin irəli çıxması, əyri burun, zəif epikantus və kiçik sifət L.İ.-nin ən səciyyəvi xüsusiyyətləridir. Şimali Avropada məskunlaşmış azsaylı xalq olan saamlar (laplandlar) L.İ.-nin tipik nümayəndələri hesab edilirlər.

Tarix terminləri lüğəti