Reklam
Reklam

Tarix terminləri lüğəti

mandat sistemi

ing. mandatory system

I Dünya müharibəsində (1914–1918) qalib gəlmiş Antanta dövlətlərinin müstəmləkəçilik siyasətinin spesifik forması.

1919-cu ildə tətbiq olunan M.S. Almaniyanın keçmiş müstəmləkələrinin və Osmanlı imperiyası ərazilərinin Antanta dövlətləri arasında bölünməsini rəsmiləşdirib. Hüquqi cəhətdən M.S. Millətlər Cəmiyyəti (1920–1946) nizamnaməsinin 22-ci maddəsində təsbit olunub. Həmin maddədə göstərilir ki, indiyədək “başqa dövlətlərin suverenliyi altında olan ərazilərin xalqları” müharibə nəticəsində bu suverenliyi itirdikləri və “müasir dövrün xüsusilə mürəkkəb şəraitində özlərini müstəqil idarə edə bilmədikləri” səbəbindən Millətlər Cəmiyyəti “göstərilən xalqlar üzərində himayəçiliyi qabaqcıl millətlərə” etibar etməyi məqsədəuyğun sayır. 1946-cı ildə M.S. BMT-nin Beynəlxalq Himayəçilik Sistemi ilə əvəzlənib.

Tarix terminləri lüğəti

mandeizm

aramey. manda – bilik, dərketmə, idrak

Eramızın əvvəlində Mesopotamiyada meydana gəlmiş, xristianlıq, iudaizm, zərdüştilik və qədim Babil dinləri ünsürlərinin qarışığından ibarət dini təlim.

M. Nur və Zülmət səltənətlərinin qarşıdurmasını ön plana çəkir. İşıqlı qüvvənin təcəssümü Manda de-Xayya (dinin adı da buradan götürülüb) sayılır. Həmin təlimə görə, dünya 4800 il mövcud olacaq və bu zaman yeddi dövrə bölünür. M. tərəfdarları Bibliya peyğəmbərlərindən yalnız Yəhyanı (İoann) həqiqi, İsa Məsihi (Yesua), İbrahimi (Abraham) və Musanı (Moseh) isə yalançı peyğəmbərlər hesab edirlər. Yayıldıqdan az sonra – I əsrdə süquta uğramış M. icmalarının əksəriyyəti dağılıb. Onun tərəfdarlarının çoxu manilərə qoşulub, kiçik bir qrupu isə hazırda İraq və İranda yaşayır.

See also:

Tarix terminləri lüğəti

manilik

III əsrdə Yaxın Şərqdə yaranmış, zərdüştilik, mazdeizm, qədim Babil dinləri, buddizmxristianlığın sintezindən ibarət olan dini təlim.

M. termini təlimin banisi Maninin (təqr. 216–277) adından yaranıb. Mani bütün mövcud dini təlimlərin üstün cəhətlərini birləşdirərək universal və vahid “dünya dini” formalaşdırmaq iddiasında olub. M.-in əsasında dualizm prinsipi – Nur və Zülmət başlanğıclarının mübarizəsi durub. Bu təlim bəşər tarixini nurla zülmətin, xeyirlə şərin, Allahla iblisin mübarizəsi tarixi kimi qiymətləndirib; ətraf aləmə şərin təcəssümü kimi baxıb; dünyanın inkişafının məqsədini insanın qəlbində olan xeyir və nur zərrəciklərinin “xilasında” görüb. M. təliminə görə, nur zərrəciklərini yalnız ifrat dərəcədə tərki-dünyalıq vasitəsilə azad etmək olar, bunun üçünsə pəhriz saxlamaq, kəbindən imtina etmək və s. lazımdır. Hakim dinlərə qarşı çıxdığı üçün M. böyük təzyiqlərə məruz qalıb, buna baxmayaraq, İrandan savayı, Mərkəzi Asiyada, Hindistanda, Çində, Yaxın Şərqdə və Roma imperiyasının şərq əyalətlərində yayılıb, VIII əsrdə hətta Uyğur xaqanlığının rəsmi dini elan edilib. Lakin VIII–IX əsrlərdə digər dinlərin ardıcıl təqibləri nəticəsində M.-in mövcudluğuna son qoyulub. M.-dəki dualizm prinsipi sonralar Avropada və Şərqdə bir çox dini təlimlərə (məs.: məzdəkilik) ciddi təsir göstərib.

Tarix terminləri lüğəti

maoizm

Mao Tszedunun (1893–1976) ideoloji tezislər sisteminə əsaslanan siyasi nəzəriyyə və praktika.

Marksizm, stalinizm və ənənəvi Çin fəlsəfəsinin (əsasən, konfusiçilik) təsiri altında formalaşmış M. XX əsrin 60–70-ci illərində Çinin rəsmi ideologiyası olub. Qeyri-iqtisadi məcburiyyət və əməyin mənəvi-ideoloji stimullaşdırılması metodlarına üstünlük verilməsi, şəxsiyyətə pərəstiş, daxili imkanlar və fiziki əməyə əsaslanaraq iqtisadi inkişaf sürətini artırmaq cəhdləri, siyasətdə volyuntarizm onun ən səciyyəvi cəhətləri sayılır. Beynəlxalq kommunist hərəkatında M.-in çoxsaylı tərəfdarları mövcud olub. Müasir dövrdə bu ideologiya dünyanın bir çox ölkələrində, əsasən, tələbə gənclər və ziyalı təbəqəsinin müəyyən qrupları arasında yayılıb. Onlar M.-ə istehlakçı Qərb sivilizasiyasının real alternativi kimi baxırlar. Asiya və Latın Amerikasının bəzi ölkələrində isə uzun illərdir ki, maoçu silahlı qruplaşmalar fəaliyyət göstərirlər.

Tarix terminləri lüğəti

marranlar

isp. marranos < marrano – qaçqın

Orta əsrlərdə İspaniya və Portuqaliyada rəsmən xristianlığı qəbul etmiş yəhudilər.

M.-ın sayı XIV–XV əsrlərdə, xüsusilə 1492-ci il kral fərmanından sonra xeyli artıb. Həmin fərmana görə, iudaizm tərəfdarlarına xristianlığı qəbul etmək, ya da İspaniyadan çıxmaq üçün üç ay vaxt verilib. Bu fərmandan sonra 50 min yəhudi xristianlığı qəbul edib. M. ticarətlə məşğul olub, dövlət vəzifələrində çalışıblar. Yerli feodallar və ruhanilər onların var-dövlətinə həmişə qibtə və qısqanclıqla yanaşıblar. Gizli surətdə iudaizmə etiqadını saxlayan M. isə inkvizisiyanın təqiblərinə məruz qalıblar.

Tarix terminləri lüğəti

markqraf

alm. markgraf – marka qrafı < marke – sərhəd, sərhədyanı vilayət + graf < lat. comes – müşayiət edən, yol yoldaşı

Karolinqlər imperiyasında və “Müqəddəs Roma imperiyası”nda strateji əhəmiyyətli sərhədyanı bölgədə inzibati dairənin başçısı, habelə onun daşıdığı titul.

M. vəzifəsi Böyük Karl tərəfindən markaları idarə etmək üçün təsis edilib. Adi qraflara nisbətən M.-lar daha geniş səlahiyyətlərə malik olublar, ilk növbədə, hərbi hakimiyyət onların əlində cəmlənib. Feodalizmin inkişafı ilə M.-lar yarımmüstəqil və müstəqil vilayət sahiblərinə, knyazlara (Almaniyada) çevriliblər. Fransa, İspaniya və İtaliyada M. (markiz) ali zadəgan titullarından biri sayılır.

Tarix terminləri lüğəti

markiz

fr. marquis < alm. markgraf – marka qrafı

1. Karolinqlər imperiyasında markqraf termininin sinonimi.

2. Orta əsrlərdə Fransa və İtaliyada (X əsrdən) iyerarxiya nərdivanındakı yerinə görə hersoqla qraf arasında orta mövqe tutan iri feodal.

3. Bir sıra Qərbi Avropa dövlətlərində (Fransa, İtaliya, İspaniya) irsi zadəgan titulu.

Tarix terminləri lüğəti

marka

alm. mark < marke – sərhəd, sərhədyanı vilayət

1. Orta əsrlərdə Qərbi Avropa ölkələrində qonşuluq icması.

İlk vaxtlar müstəqil olan M. azad kəndli həyətlərini birləşdirib. Torpaq sahələri M.-nın üzvü olan fərdi kəndli ailələrinin xüsusi mülkiyyətində, otlaqlar, meşələr və s. isə ümumi istifadədə olub. Feodalizmin süqutu ilə M. aradan qalxıb.

2. Orta əsrlərdə Karolinqlər imperiyasında və “Müqəddəs Roma imperiyası”nda sərhədyanı bölgələrdə yerləşən möhkəmləndirilmiş iri inzibati dairə.

İlk M.-lar X–XII əsrlərdə yaranıb. M.-ya markqraf başçılıq edib. Feodal münasibətlərinin inkişafı prosesində bu inzibati dairələr iri feodal knyazlıqlarının nüvələrinə çevrilib.

3. Avropanın bir sıra ölkələrinin – Almaniya (2002-ci ilədək), Finlandiya (2002-ci ilədək), Polşa (1917–1924-cü illərdə) və Estoniyanın (1918–1928-ci illərdə), habelə Bosniya və Herseqovinanın pul vahidi.

Tarix terminləri lüğəti