Reklam
Reklam

Tarix terminləri lüğəti

nizami ordu

Təşkilati-ştat quruluşuna, geyim formasına, qanunla və nizamnamələrlə müəyyənləşdirilmiş komplektləşdirmə sisteminə, hərbi xidmət qaydasına, həmçinin mərkəzləşdirilmiş idarə və təchizat sisteminə malik daimi ordu.

N.O. XVII–XVIII əsrlərdə ilk olaraq Qərbi Avropa dövlətlərində yaranıb.

Tarix terminləri lüğəti

nizə

Qədim deşici və atıcı silah növü.

Müharibələr və ov zamanı dünyanın əksər xalqları N.-dən istifadə ediblər. İlk N.-ləri insanlar hələ Paleolit dövründə hazırlayıblar. Öncə bu silah ucuiti ağac parçası formasında olub. Sonralar 1,5-5 m-lik ağac sapın ucuna daş və ya sümük, Tunc dövründən isə metal ucluqlar taxılıb. Antik dövrdə və orta əsrlərdə N. əsas silah növlərindən biri olub və qoşun hissələrində geniş tətbiq edilib. N. piyada qoşun hissələrində XVII əsrin sonu – XVIII əsrin əvvəlinədək, süvari dəstələrdə isə XX əsrin başlanğıcınadək istifadədə olub.

See also:

Tarix terminləri lüğəti

nizəatan

Qədim silah növü; zərbənin uzaqlığını, gücünü və sərrastlığını artırmaq məqsədilə işlədilən qurğu.

Paleolit dövründən məlum olan N. Avstraliya, Okeaniya, Şimali və Cənubi Amerika hinduları, Şimal-Şərqi Asiyanın bəzi xalqları arasında geniş yayılıb. Bu silah nizə sapı üçün novça və dayağı olan taxtadan, yaxud eni 5 sm-dən 12 sm-dək, uzunluğu 30 sm-dən 150 sm-dək düzbucaqlı və ya qılınc formasında ağac lövhəcikdən ibarət olub. N.-ın üzəri naxışlar və inkrustasiya ilə bəzədilib.

See also:

Tarix terminləri lüğəti

nobilitet

lat. nobilis – adlı-sanlı

Qədim Romada respublika dövründə (e.ə. 509–27) patrisi və varlı plebey ailələrinin qapalı dairəsi.

N. e.ə. III əsrin başlanğıcında formalaşıb. Ən mühüm dövlət vəzifələrinə yalnız N.-in nümayəndələri seçilib, “kənar adamın” həmin vəzifələri (məs.: konsul) tutması praktiki cəhətdən qeyri-mümkün olub. Bu dairəyə daxil olan şəxslər – nobillər – aristokratik respublikanın siyasi ənənələrinin qoruyucuları sayılıblar, lakin onların arasından müxalif ruhlu dövlət xadimləri də çıxıb. Roma demokratiyasının bütün rəhbərləri (cüzi istisnalarla) N.-ə mənsub olublar. İmperiya dövründə (e.ə. 27-ci – bizim eranın 476-cı illəri) isə N.-in əhəmiyyəti azalıb. Geniş mənada: antik müəlliflər N. terminini xalq və qara camaatın əksi olan əyanlar anlamında işlədiblər.

Tarix terminləri lüğəti

nom

yun. nomos – vilayət, mahal

1. Qədim Misirdə inzibati mahal.

Hər N.-un öz siyasi və dini mərkəzi, qoşunu, simvolik nişanı (gerbi) və himayəçi allahları olub. N.-un inzibati aparatına nomarx rəhbərlik edib. N.-ların sayı və ərazisi daim dəyişib.

2. Yaxın keçmişə qədər Yunanıstanda ikinci pillə inzibati-ərazi vahidi.

Burada N.-lar 2011-ci il yanvarın 1-dən ləğv edilib.

Tarix terminləri lüğəti

nomarx

yun. nomarches < nomos – vilayət, mahal + archo – idarə edirəm

Nomun rəhbəri.

Fironun canişini olan N. öz nomu hüdudlarında inzibati aparata, məhkəməyə və nomun qoşunlarına başçılıq edib, suvarma şəbəkəsinin vəziyyətinə nəzarəti həyata keçirib. Vergilərin toplanması, mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət, məbədlərin təsərrüfatına rəhbərlik də N.-ın səlahiyyətlərinə daxil olub.

Tarix terminləri lüğəti

nordizm

alm. nord – şimal

Şimal (nordik) irqin digər insan irqlərindən üstün olduğunu iddia edən irqçilik cərəyanı; qeyri-elmi nəzəriyyə.

Fransız sosioloqları A.Qobino (1816–1882) və J.Lapuj (1854–1936) N.-in baniləri sayılırlar. Nordik irqi “ali irq” elan edən N. tərəfdarları bəşər sivilizasiyasının bütün nailiyyətlərini məhz bu irqin nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirirlər. Sonradan N. Almaniyada nasional-sosializm ideologiyasının əsasını təşkil edib.

Tarix terminləri lüğəti

norman işğalları

VIII–XI əsrlərdə Skandinaviya yarımadası və Baltik dənizinin sahillərində məskunlaşmış norman tayfalarının hərbi ekspansiyası.

Tarix ədəbiyyatında bu mərhələ “Vikinqlər dövrü” də adlanır. Geniş miqyas almış N.İ. müxtəlif formalarda təzahür edib: koloniyalar salmaq məqsədilə yeni torpaqların axtarışı, talançılıq yürüşləri, digər xalqları tabe etmək və onların ərazisində öz dövlətini qurmaq üçün hərbi səfərlər, dəniz quldurluğu və s. Belə yürüşlər zamanı normanlar Şərqdə İran sərhədlərinə, Qərbdə isə Amerika qitəsinə kimi gedib çıxıblar. Onlar X.Kolumbdan xeyli əvvəl – təxminən XI əsrdə Şimali Amerika sahillərinə çatıblar. Lakin N.İ.-nın əsas hədəfi Avropa ölkələri olub.

Tarix terminləri lüğəti

norman nəzəriyyəsi

Tarixşünaslıqda normanları rus dövlətinin yaradıcısı hesab edən konsepsiya.

XVIII əsrin II rübündə yaranmış N.N.-nin mahiyyətində geridə qalmış tayfalardan ibarət şərqi slavyanların (rusların) dövlət quruculuğuna qadir olmaması fikri durur. Həmin nəzəriyyəyə görə, şərqi slavyanlar yalnız normanların yardımı ilə öz dövlətlərini qura biliblər. XVIII–XIX əsrlərdə N.N. rus dövlətinin mənşəyi barədə rəsmi konsepsiya olub. Bu dövrdə N.Karamzin və S.Solovyov kimi görkəmli rus tarixçiləri N.N.-ni müdafiə ediblər. N.N. müasir dünya tarixşünaslığında da rus dövlətinin mənşəyi haqqında aparıcı konsepsiya olaraq qalır.

Tarix terminləri lüğəti