Reklam
Reklam

Tarix terminləri lüğəti

qiyam

ər. – ayağa durma, qalxma

Nisbətən azsaylı qrup tərəfindən həyata keçirilən dövlət çevrilişi və ya belə bir çevrilişə cəhd.

Q. klassik çevrilişdən onunla fərqlənir ki, cəmiyyətdə ciddi sosial dayağa malik olmayan məhdud qrup tərəfindən, obyektiv amillər nəzərə alınmadan həyata keçirilir. Q., bir qayda olaraq, uğursuzluqla nəticələnir.

Tarix terminləri lüğəti

qlasnı

rus. глас < голос – səs, rəy, fikir

Rusiya imperiyasında şəhər dumasının və zemstvo yığıncağının üzvü.

Q. (şəhər duması üzvü) institutu Rusiyada 1785-ci ildə təsis olunub, zemstvo islahatından (1864) sonra isə quberniyaqəzaların seçkili özünüidarə orqanlarında da tətbiq olunub. Yüksək əmlak senzi qoyulması səbəbindən yalnız daşınmaz əmlak sahibləri, sənayeçilərin və tacirlərin Q. seçilmək hüququ olub.

Tarix terminləri lüğəti

qolçomaq

XIX əsrin 90-cı illərindən Rusiya imperiyasında, eləcə də SSRİ-nin mövcudluğunun ilk vaxtlarında maddi cəhətdən imkanlı kəndlilərə verilən ad.

Q.-lar öz təsərrüfatlarında muzdlu əməkdən istifadə ediblər, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə yanaşı, sələmçiliklə də məşğul olublar. 1913-cü ildə Rusiyada istehsal olunan taxılın yarısı kənd əhalisinin cəmi 20%-ni təşkil edən Q.-ların payına düşüb. Kollektivləşmə dövründə bolşeviklər Q.-ların bir sinif kimi ləğv edilməsi xəttini tutublar, onlara qarşı amansız repressiyalara başlayıblar. Kənd təsərrüfatı istehsalında aparıcı rol oynayan Q.-ların faktik olaraq məhv edilməsi bu sahəyə ağır zərbə vurub. SSRİ-nin süqutuna kimi göstərilən bütün cəhdlərə və qoyulan böyük investisiyalara baxmayaraq, kənd təsərrüfatı əhalini ərzaq məhsulları ilə tam təmin etmək vəzifəsinin öhdəsindən gələ bilməyib.

Tarix terminləri lüğəti

qonşuluq icması

Qəbilə icmasını əvəzləmiş sosial təşkilatlanma forması.

Dəmirdən hazırlanan əmək alətlərinin meydana çıxması, eləcə də ox və kamanın ixtirası insanlara öz ailəsini müstəqil şəkildə ərzaqla təmin etmək imkanı verib. Bu isə onların qəbilə icmasından asılılığını azaltmaqla yanaşı, fərdi-ailə təsərrüfatlarının formalaşmasına şərait yaradıb. Beləliklə, yalnız kollektiv əmək və istehlaka əsaslanan qəbilə icmasını tədricən fərdi və kollektiv mülkiyyətin bərabər mövcud olduğu Q.İ. əvəzləyib. Q.İ.-nda ovçuluq və balıqçılıq yerləri, otlaq sahələri kollektiv mülkiyyətdə olsa da, əkin sahələri ayrı-ayrı ailələr arasında bölünüb. Qəbilə icmasından fərqli olaraq Q.İ.-nda əmək alətləri, iş heyvanları və ev, habelə fərdi əkin sahəsindən toplanan məhsul ailənin mülkiyyəti sayılıb.

Tarix terminləri lüğəti

qorçu

XIV–XVIII əsrlərdə Azərbaycanda xüsusi mühafizə dəstələrinin döyüşçüsü, saray qvardiyaçısı.

Bu termin «qorumaq» sözündən yaranıb və «qoruyucu» anlamını verir. Q. dəstələri, əsasən, azərbaycanlılardan təşkil olunub. Səfəvilər dövründə mühüm rol oynayan bu dəstələr döyüş zamanı ehtiyatda saxlanılıb və ən təhlükəli məqamlarda irəli yeridilib. Hər Q. dəstəsi, adətən, bir tayfanın nümayəndələrindən təşkil edilib, həmin tayfanın və ya onun məskunlaşdığı ərazinin adını daşıyıb; məs.: şamlu Q.-ları, əfşar Q.-ları və s. Səfəvilər dönəmində həmçinin müxtəlif vəzifə daşıyan Q.-lar (hərəmxana Q.-ları, qılınc Q.-ları və s.) olub.

Tarix terminləri lüğəti

qorçubaşı

Qorçu dəstəsinin başçısı.

XVIII əsrədək Azərbaycanda Q. yüksək hərbi vəzifə hesab edilib. XVI əsrdən bu vəzifəni yerinə yetirən qızılbaş əmirləri Səfəvilər dövlətində ən mötəbər şəxslərdən sayılıblar. Saray Q.-sı ilə yanaşı, vilayətlərin, eləcə də hər qorçu dəstəsinin öz başçısı olub.

Tarix terminləri lüğəti