Reklam
Reklam

Tarix terminləri lüğəti

sədulular

Ağrıdağın ətrafında məskunlaşmış və azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfası.

S. etnonimi XIV əsrin sonlarında Çuxursəd vilayətinin hakimi olmuş Sədin adından yaranıb. Sonralar qonşu ərazilərə köçən S.-ın adı tarixi qaynaqlarda sədulu, sədlu kimi də çəkilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

səfirlik

ər. səfir – elçi

Fövqəladə və səlahiyyətli səfirin başçılıq etdiyi ali səviyyəli diplomatik nümayəndəlik; ölkələr arasında diplomatik əlaqələri təmin etmək məqsədilə bir ölkənin digərinin ərazisində təsis etdiyi qurum.

Nümayəndəliyin yerləşdiyi bina da S. adlanır. Vatikanın diplomatik nümayəndəlikləri – nunsilər S.-yə bərabər tutulur.

Tarix terminləri lüğəti

səhmdar cəmiyyətləri

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş müəssisə; təsərrüfat subyektinin təşkilati-hüquq forması.

Cəmiyyətin iştirakçıları (səhmdarları) onlara məxsus olan qiymətli kağızları digər səhmdarların razılığını almadan başqa hüquqi və ya fiziki şəxslərə verə bilərlərsə (satma, bağışlama, vəsiyyət etmə və s. yolla), bu, “açıq səhmdar cəmiyyəti” sayılır. Səhmdarlarına belə hüquq verilməyən cəmiyyətə isə “qapalı səhmdar cəmiyyəti” deyilir.

Tarix terminləri lüğəti

səlibçilər

ər. səlib – xaç

Səlib yürüşlərinin iştirakçıları.

Yürüşlərdə iştirak etmələrinin əlaməti olaraq onlar paltarlarına xaç işarəsi tikdiriblər və buna görə də belə adlandırılıblar.

Tarix terminləri lüğəti

səlib yürüşləri

ər. səlib – xaç

1096–1270-ci illərdə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək pərdəsi altında Qərbi Avropa feodallarının Yaxın Şərqə işğalçılıq yürüşləri.

XI əsrin sonlarında səlcuqların Kiçik Asiyada bir çox Bizans əyalətlərini və Qüdsü tutması S.Y.-nin başlanmasına rəvac verib. Katolik kilsəsi “İsa Məsihin qəbrini” azad etmək adı ilə bu yürüşlərə güclü dəstək göstərib. Təqribən 200 il ərzində Yaxın Şərqə 8 böyük və çoxlu sayda xırda yürüşlər təşkil olunub. 1095-ci ildə papa II Urbanın elan etdiyi birinci səlib yürüşünə (1096–1099) 100 minədək adam qoşulub. Həmin yürüş 1099-cu ildə Qüdsün tutulması və burada Qüds krallığının yaradılması ilə nəticələnib. İkinci (1147–1149) və üçüncü (1189–1192) S.Y. nəticəsiz bitib. 1199-cu ildə papa III İnnokenti tərəfindən elan olunmuş dördüncü səlib yürüşünün (1202–1204) iştirakçıları isə, əvvəl nəzərdə tutulduğu kimi, Misirə deyil, Dalmasiya və Bizans ərazisinə hücum ediblər. Burada onlar Bizansın paytaxtı Konstantinopol da daxil olmaqla bir sıra xristian şəhərlərini ələ keçirərək qarət ediblər və həmin ərazilərdə Latın imperiyasını yaradıblar. Misirə qarşı təşkil olunan beşinci yürüş (1217–1221) də nəticəsiz bitib. Altıncı səlib yürüşünün (1228–1229) iştirakçıları yenidən Qüdsü tutmağa nail olublar, lakin 1244-cü ildə şəhər müsəlmanlar tərəfindən geri alınıb. Misirə yeddinci yürüş (1248–1254) və Tunisə qarşı təşkil olunmuş səkkizinci yürüş (1270) tam iflasa uğrayıb. 1291-ci ildə səlibçilər bu yürüşlərdə ələ keçirdikləri bütün torpaqları itiriblər. Həm avropalılar, həm də müsəlmanlar tərəfindən böyük insan itkiləri ilə müşayiət olunan S.Y. eyni zamanda Avropaya Şərqin texniki, təsərrüfat, mədəni-məişət nailiyyətlərindən bəhrələnmək imkanı verilib.

Tarix terminləri lüğəti

səmavi dinlər

ər. səma – fələk

İudaizm, xristianlıqislam dinlərinin ümumi adı.

Allah tərəfindən peyğəmbərlər vasitəsilə insanlara vəhylə göndərilən dinlər S.D. hesab olunur. Bəzən onları “ilahi dinlər” də adlandırırlar. S.D. monoteizmə əsaslanır və İbrahim peyğəmbəri birinci olaraq təkallahlığı qəbul etmiş şəxs kimi müqəddəsləşdirir.

Tarix terminləri lüğəti

sənaye cəmiyyəti

Bəşər tarixinin inkişafında ənənəvi aqrar cəmiyyətdən (ibtidai icma, quldarlıq, feodalizm dövründən) sonra gələn tarixi mərhələ.

Bu termin “kapitalizm” sözünün sinonimi kimi də işlədilir. Onun müəllifi fransız filosofu A.Sen-Simon (1760–1825) sayılır. İri maşınlı istehsala keçid, urbanizasiya, bazar iqtisadiyyatının bərqərar olması, sahibkarlar və muzdlu işçilərdən ibarət iki əsas sosial təbəqənin formalaşması S.C.-nin ən mühüm xüsusiyyətləri hesab olunur.

Həmçinin bax:

Tarix terminləri lüğəti