Reklam
Reklam

Tarix terminləri lüğəti

tiyuldar

tiyul + fars. dar – sahib olan

Tiyul sahibi.

T. vergi toplamaq hüququna, bəzi başqa xüsusi hüquqlara malik olsa da, tiyul sahəsi onun şəxsi mülkiyyəti sayılmayıb. Sonralar, xüsusilə xanlıqlar dövründə (XVIII əsr) T.-lar vaxtaşırı xan təliqəsi ilə təsdiq olunublar.

Tarix terminləri lüğəti

toxa

Torpağı yumşaltmaq və alaqlamaq üçün istifadə edilən kənd təsərrüfatı aləti.

Neolit dövründə meydana gələn T. işlək hissə və ağac dəstəkdən ibarətdir. Toxa əkinçiliyi dövründə o, əsas şum aləti olub, lakin xış və kotanın meydana çıxması ilə əkinçilikdə yardımçı alətə çevrilib. Afrika və Cənub-Şərqi Asiyanın bəzi tayfa və xalqlarının təsərrüfatında T. indi də mühüm yer tutur.

Tarix terminləri lüğəti

toxa əkinçiliyi

Əkinçiliyin ən qədim forması.

T.Ə. sümük, daş, ağac və s.-dən hazırlanmış toxalardan istifadəyə əsaslanıb. Bu zaman bütün işlər əl ilə görülüb. Neolit dövründə meydana gəlmiş T.Ə.-nin qalıqlarına hazırda sosial-iqtisadi inkişafda geri qalmış bəzi tayfalarda rast gəlmək olar. Arxeoloji qazıntılar e.ə. III minillikdə Azərbaycanda T.Ə.-nin yaxşı inkişaf etdiyini göstərir. Erkən Tunc dövründə (e.ə. IV minilliyin sonu – III minilliyin əvvəli) T.Ə. xış əkinçiliyi ilə əvəzlənib.

Tarix terminləri lüğəti

toponimika

yun. topos – yer + onyma – ad

Coğrafi adları, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənən elm sahəsi.

T. onomastikanın tərkib hissəsidir. Tarix, etnoqrafiya və coğrafiya elmləri ilə sıx əlaqədə inkişaf edən T. xalqların keçmişinin, onların yaşadıqları ərazilərin, etnogenezində iştirak etmiş qədim tayfaların, habelə ölkələrin siyasi və etnik sərhədlərinin müəyyənləşdirilməsinə yardım göstərir.

Tarix terminləri lüğəti

toppuz

Dəstədən və başlıqdan ibarət qədim silah növü.

Başlığı daş olan T.-lar Neolit dövründə, metal T.-lar isə Tunc dövründə meydana gəlib. Bu silahın dəstəyinin uzunluğu 0,5-0,8 m olub. T. qədim Şərq üçün daha səciyyəvidir, lakin orta əsrlərdə də ondan Şərq ölkələrində geniş istifadə edilib. Qərbi Avropada isə bu silah XIII əsrdən yayılıb. Bir çox tayfa və xalqlarda T. hakimiyyət rəmzi kimi də işlədilib; məs.: XIX əsrədək o, türk paşalarının, eləcə də Polşa, Ukrayna getmanlarının hakimiyyət və ləyaqət simvolu olub. Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisində e.ə. III minilliyə aid T.-lar aşkarlanıb.

Tarix terminləri lüğəti

Tövrat

ivr. – hərfi mənası: qanun, təlim

1. Geniş mənada: iudaizm dininin ənənəvi qanunlar məcmusu.

2. Məhdud mənada: Bibliyanın ilk beş kitabı.

Varlıq, Axirət, Ruhani (Levit), Rəqəm və İkinci qanun kitablarından ibarət olan T. Əhdi-ətiqin tərkib hissəsi sayılır. T.-ın əsas hissəsi e.ə. IX–VII əsrlərdə formalaşıb. İkinci qanun kitabı isə e.ə. 622-ci ildə İudeya çarı İosiya zamanında tərtib olunub. T.-ın son redaktəsi və sistemləşdirilməsi prosesi e.ə. V əsrdə dini-siyasi islahatçı Ezra tərəfindən həyata keçirilib.

Tarix terminləri lüğəti