Reklam
Reklam

Tarix terminləri lüğəti

valdenslər

lat. valdenses

XII əsrin sonuncu rübündə Lionda (Fransa) yaranmış bidətçi xristian təriqətinin tərəfdarları.

Bu təriqət onun banisi sayılan tacir Pyer Valdonun (lat. Valdus, fr. Valdés) adı ilə tanınıb. Rəvayətə görə, kifayət qədər imkanlı şəxs olan P.Valdo var-dövlətini paylayaraq yoxsulluğu və tərki-dünyalığı özünün həyat idealı seçib. Cənubi Fransa, Şimali İtaliya, Almaniya, İspaniya, Çexiya və İsveçdə yayılmış təriqət üzvləri hər cür mülkiyyətdən imtina edərək ailə qurmamağa and içiblər. V. hərbi xidmətə, feodal məhkəməsinə, xüsusilə ölüm cəzasına qarşı çıxıblar. Onlar İsa Məsih haqqında ehkamı, müqəddəslərə inamı və ikonalara səcdəni inkar ediblər. V. dəfələrlə katolik kilsəsi tərəfindən bidətçi kimi lənətlənərək amansız təqiblərə məruz qalıblar. Buna baxmayaraq, onların bəzi icmaları bu günədək fəaliyyət göstərir. Lionda yarandığı üçün V.-i bəzən Lion yoxsulları (lat. Pauperes de Lugduno) da adlandırırlar.

Tarix terminləri lüğəti

vali

ər. – hakim, himayədar

1. Keçmişdə bir çox Şərq ölkələrində, o cümlədən Azərbaycanda vilayət hakimi, vilayəti idarə edən şəxs.

Əvvəllər hökmdarlar tərəfindən təyin edilən V. müəyyən arazidə inzibati və yerli özünüidarə orqanlarına rəhbərlik edib.

2. Türkiyədə hər hansı ildə dövləti təmsil edən ən yüksəkvəzifəli şəxs.

Tarix terminləri lüğəti

Valpurgiya gecəsi

alm. walpurgisnacht

1. Qədim germanların aprelin 30-dan mayın 1-nə keçən gecə qeyd etdikləri bahar bayramı.

2. VIII əsrdə formalaşmış alman xalq inanclarına görə, Brokken dağında ifritələrin bayramı (“ifritələrin böyük gecə məclisi”).

Xristianlıqdan öncəki ənənələrlə əlaqədar olan bu bayram katolik müqəddəsi Valpurgiyanın mayın 1-də qeyd olunan xatirə gününə təsadüf etdiyindən belə adlandırılıb.

Tarix terminləri lüğəti

vandallar

lat. wandali

Roma ilə apardıqları amansız müharibələrlə tarixə düşmüş şərqi german tayfaları qrupu.

Öncə Skandinaviya yarımadasında məskunlaşan V. e.ə. II–I minilliyin qovuşuğunda Baltik dənizinin cənub sahillərinə köç ediblər, eramızın III əsrində isə Dunay çayı sahillərində yaşayıblar. V əsrin əvvəlində onlar alanlarla birlikdə qərbə doğru hərəkət ediblər, Qalliyanı viran qoyaraq 409-cu ildə İspaniyada məskən salıblar. Daha sonra V. Cəbəlüttariq boğazından Şimali Afrika ərazisinə keçiblər, buradakı Roma əyalətini tutaraq öz krallıqlarını yaradıblar və həmin krallıqdan Aralıq dənizinin qərb sahillərinə hərbi yürüşlər təşkil ediblər. 455-ci ildə isə V. Romanı qarət ediblər. 533–534-cü illərdə onların krallığı Bizans tərəfindən zəbt olunub; bu hadisədən sonra V. tədricən yerli əhali ilə qaynayıb-qarışıblar.

Tarix terminləri lüğəti

vantoz dekretləri

Böyük Fransa inqilabı dövründə respublikanın ikinci ilində vantoz ayının 8 və 13-də (1794-cü il, 26 fevral və 3 mart) yakobinçilər Konventi tərəfindən qəbul edilmiş dekretlər.

V.D. inqilabın düşmənləri kimi tanınmış şəxslərin əmlakının müsadirə edilərək yoxsul vətənpərvərlər arasında bölüşdürülməsini nəzərdə tutub. Bununla yakobinçilər ölkədə xırda mülkiyyətçilərin sayını artırmaqla öz diktaturalarının sosial bazasını genişləndirmək məqsədi güdüblər. Lakin burjuaziyanın ciddi müqaviməti səbəbindən, eləcə də yakobin blokunun parçalandığı dövrdə qəbul edildiyindən V.D. faktik olaraq həyata keçirilməmiş qalıb.

Tarix terminləri lüğəti

Varfolomey gecəsi

1572-ci il avqustun 24-nə keçən gecə, müqəddəs Varfolomey bayramı günü Parisdə hugenotların katoliklər tərəfindən kütləvi qırğını.

Qırğın hugenotların güclənməsindən və onların başçısı admiral Kolinyinin kral IX Karla təsirindən qorxan Yekaterina Mediçi (IX Karlın anası) və həmin dövrdə katoliklərə rəhbərlik edən tanınmış fransız aristokrat nəslinin nümayəndələri – gizlər tərəfindən təşkil olunub. Onlar IX Karlı hugenotların sui-qəsd hazırladığına inandıra biliblər və qırğının həyata keçirilməsi üçün kralın razılığını alıblar. V.G.-ndə 3 mindən çox adam, o cümlədən Kolinyi öldürülüb. Avqustun 25-dən oktyabrın 3-dək Lion, Orlean, Ruan, Bordo və Fransanın digər şəhərlərində yüzlərlə hugenot məhv edilib. V.G. Fransada yeni dini müharibələrin əsasını qoyub. Sonradan şərti məna kəsb edən bu termin hazırda qabaqcadan təşkil olunmuş kütləvi qırğın anlamında da işlənir.

Tarix terminləri lüğəti

varna

sanskr. – hərfi mənası: keyfiyyət, rəng, kateqoriya

Qədim Hindistanda 4 əsas silki – brahmanlar (kahinlər), kşatralar (döyüşçülər), vayşilər (sıravi tayfa üzvləri) və şudraları (icma xidmətçiləri) ehtiva edən termin.

İlk üç V. sosial təbəqələşmənin meydana gəldiyi dövrdə formalaşıb. Dördüncü V. isə sonralar quldarlıq quruluşu zamanı yaranıb və ən aşağı silk sayılıb. Bu V.-ya müharibələrdə əsir alınanlar, məhdud hüquqlara malik icma üzvləri və d. daxil edilib. Müxtəlif V. nümayəndələri arasında nikah yasaq olunub. E.ə. I minilliyin ortalarında V. sistemi kastalar sistemi ilə əvəzlənib.

Tarix terminləri lüğəti

vassal

lat. vassus – xidmətçi, qulluqçu

Orta əsrlərdə Qərbi Avropada öz senyorundan (süzerenindən) asılı və ona müxtəlif mükəlləfiyyətlərlə bağlı olan feodal torpaq sahibi.

Bu termin sonradan başqasından asılı vəziyyətdə olan istənilən şəxs və dövlətə münasibətdə də işlədilməyə başlanıb.

See also:

Tarix terminləri lüğəti

vassal dövlət

Başqa dövlətdən – süzerendən asılı olan feodal dövləti.

V.D. süzereninə hərbi yardım göstərmək və xərac vermək kimi öhdəliklər daşıyıb. Belə dövlətlər daxili işlərdə müəyyən müstəqilliyə malik olub, beynəlxalq aləmdə isə onları süzeren təmsil edib. Dövlətlərarası münasibətlərin bir forması kimi vassallıq yeni dövrdə tədricən öz əhəmiyyətini itirib. Avropada sonuncu V.D.-lər Osmanlı imperiyasından asılı olan Serbiya və Monteneqro (1878-ci ilədək), eləcə də Bolqarıstan (1908-ci ilədək) hesab edilir.

See also:

Tarix terminləri lüğəti