Reklam
Reklam

Tarix terminləri lüğəti

xan

əski türk. han; monq. kaan – ulu insan, öndər

Türk-monqol xalqlarında hökmdarın, monarxın titulu.

İlk dəfə X. sözünə III əsr Çin mənbələrində rast gəlinir. Bu termin Orxon-Yenisey abidələrində də öz əksini tapıb. İlk öncə tayfa başçıları, sonralar isə ali rəhbərlər, hökmdarlar X. adlanıb. Monqol imperiyasında ulusların rəhbərlərini dövlətin başçısından – xaqandan fərqləndirmək üçün onlara X. deyiblər. Monqol imperiyasının süqutundan sonrakı mərhələdə Azərbaycanda X. titulu “rəis”, “əmir” sözlərini əvəzləyib; məs.: Səfəvilər dönəmində ayrı-ayrı vilayət hakimləri (əmirlər) X. adlanıb. Osmanlı imperiyasının sultanları, Qacarların hakimiyyəti dövründə müxtəlif səviyyəli hərbi və mülki məmurlar da X. titulu daşıyıblar. Orta Asiyada, Azərbaycanda, Volqaboyunda və digər ərazilərdə bu termin həmçinin hökmdar anlamında işlədilib. Azərbaycanda XVIII əsrin ortalarında yaranmağa başlayan kiçik feodal dövlətlərinin – xanlıqların başçıları X.-lar olublar.

Tarix terminləri lüğəti

xançobanılar

Azərbaycan tayfası.

Şirvan bölgəsində məskunlaşmış və güclü tayfa birliyinə malik olan X. XVIII əsrdə Şirvanın siyasi həyatında mühüm rol oynayıblar. Şamaxı xanları bu tayfadan olublar. XIX əsrdə Şamaxı və Cavad qəzalarında mövcud olmuş Xançobanı və indiki Xoşçobanlı kəndlərinin adı, çox güman ki, həmin tayfanın adından götürülüb.

Tarix terminləri lüğəti

xane-şümari

fars. xane – ev + şümarə – hesab, sayma

Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda vergi növü.

XIII əsrdən mövcud olan bu vergi ailə üzvlərinin sayından asılı olmayaraq hər evdən alınıb. Yalnız maaf torpaqlarında yaşayanlar X-Ş.-dən azad ediliblər. Vergiyığanların özbaşınalığının qarşısını almaq məqsədilə Uzun Həsənin “Qanunnaməsi”ndə X-Ş.-nin dəqiq həcmi göstərilib: o, 7 axça məbləğində müəyyənləşdirilib. Sonralar X-Ş. evpulu, tüstüpulu adlanıb.

Tarix terminləri lüğəti

xanlıq

Orta əsrlərdə, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilərdə mövcud olmuş feodal dövləti.

O, xan tərəfindən idarə olunduğu üçün belə adlanıb. Krım, Həştərxan, Kazan, Kokand, Buxara, Səmərqənd və bu kimi X.-lar mövcud olub. Azərbaycan ərazisində XVIII əsrin ortalarından başlayaraq çoxsaylı X.-lar yaranıb. Şimalda onlar XIX əsrin əvvəlində ruslar tərəfindən işğal edilib, cənubdakı X.-lar isə həmin əsrin II yarısınadək mövcud olub.

Tarix terminləri lüğəti

xanəgah

fars. xanə – ev + gah – isimlərin sonuna qoşularaq yer mənasını verən şəkilçi

Eyni təriqətdən olanların sığındığı, ibadət etdiyi və törənlər keçirdiyi tikili, sufilərin dini iqamətgahı.

X. “dərgah” (fars.) və “tekke” (türk.) də adlanır. Müsəlman ölkələrində yayılmış X.-lar öncə dərvişlərin sığınacaq yeri olub. Daha sonra onlar genişləndirilərək bütöv komplekslərə çevrilib. Mühüm sosial rola malik X.-lar müxtəlif funksiyalar (dini, ictimai və siyasi yığıncaqlar üçün yer, məktəb, xəstəxana, karvansara, xeyriyyə mərkəzi və s.) yerinə yetirib: burada zahidlərin hücrələri, məscid, türbə və kitabxana yerləşib. X. ianə və yardımlar hesabına fəaliyyət göstərib. Azərbaycanda orta əsrlərdən qalma Pirsaatçay X.-ı var.

Tarix terminləri lüğəti

xanzadə

türk. xan + fars. zadə – oğul

Xanın oğlu, xan nəslindən olan şəxs.

XIX əsrdə Azərbaycanda xanın övladları qeyri-rəsmi X. titulu daşıyıblar.

Tarix terminləri lüğəti

xaricilik

ər. xaric; cəm hal. xavaric – təfriqəçi, qiyamçı, dönük

İslamda VII əsrdə meydana çıxmış ilk dini-siyasi qruplaşma.

X. xilafətxəlifə Əli ibn Əbu Taliblə Suriya canişini Müaviyyə arasında hakimiyyət uğrunda qızğın mübarizənin gedişində yaranıb. Əlinin qoşunlarının bir dəstəsi onun qətiyyətsizliyindən və kompromislərə meyilli olmasından hiddətlənərək, 657-ci ildə hərbi düşərgəni tərk edib və özünə yeni xəlifə seçib. Buna görə də həmin dəstənin üzvləri «xaricilər» adlanıblar. Onlar həm Əliyə, həm də Müaviyyəyə qarşı vuruşublar. X. təliminin əsasında bütün müsəlmanların (ərəblərin və qeyri-ərəblərin) hüquq bərabərliyi ideyası durur. Xaricilər xəlifənin bütün icma tərəfindən seçilməsi və icma qarşısında hesabatlı olması tələbini irəli sürüblər. X. təliminə görə, hətta qulun da xəlifə seçilmək hüququ var. X. tərəfdarları xilafət əleyhinə bir çox üsyanlarda iştirak ediblər.

Tarix terminləri lüğəti

Xartum mədəniyyəti

Sudanda Neolit dövrünə (e.ə. IV minillik) aid arxeoloji mədəniyyət.

O, Xartum şəhəri yaxınlığında aşkarlandığından belə adlanır. 1945-ci ildə başlanmış qazıntıların gedişində xeyli sayda qaşov, dəndaşı, balta, iskənə, sümükdən hazırlanmış harpunlar, dalğavarı ornamentlərlə bəzədilmiş gil qablar və s. maddi mədəniyyət nümunələri tapılıb. Neqroid əlamətlərinə malik X.M.-nin daşıyıcıları ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul olublar. Bu mədəniyyətə aid tapıntılar Neolit dövründə Sudanla Misirin sıx əlaqəsinin mövcudluğunu göstərir.

Tarix terminləri lüğəti

xarizma

yun. charisma – ilahi mərhəməti, vergisi

Fövqəladə istedad, cazibədarlıq; başqalarında inam və etiqad doğuran xüsusi keyfiyyətlərə malik olma.

X. termini uzun əsrlər boyunca xristianlıqda “tanrının mərhəməti, ilahi vergi” anlamında işlənib. Lakin alman filosofu M.Veber (1864–1920) bu terminə politologiya və sosiologiyada yeni məna verib. M.Veberin tərifinə görə, X. elə insan xüsusiyyətidir ki, onun sayəsində fərd digər adamlardan fərqlənir, onlar tərəfindən fövqəltəbii qüvvə və keyfiyyətlərə malik şəxs kimi qəbul olunur.

Tarix terminləri lüğəti

xartistlər

yun. chartes; lat. charta – kağız, fərman

XIX əsrdə Portuqaliyda 1826-cı il konstitusiyasının (xartiyasının) bərpasını tələb edən siyasi hərəkatın nümayəndələri.

Faktik olaraq siyasi partiya kimi fəaliyyət göstərən bu hərəkatın üzvləri 1842-ci ildə hakimiyyətə gələrək öz istəklərini gerçəkləşdiriblər. XIX əsrin 50-ci illərdə X. hərəkatı əhəmiyyətini itirib və siyasi səhnəni tərk edib.

Tarix terminləri lüğəti

xartiya

yun. chartes; lat. charta – kağız, fərman

1. Perqament və ya papirus üzərində tarixi əhəmiyyətə malik, qədim əlyazma.

2. Orta əsrlərdə, habelə müasir dövrdə kütləvi-hüquqi xarakterli sənəd.

X.-larda, bir qayda olaraq, müxtəlif sosial təbəqələrin siyasi hüquq tələbləri öz əksini tapır. İngiltərədə “Böyük azadlıqlar X.-sı” (1215) və “Xalq X.-sı” (1838) buna misal ola bilər. Müasir beynəlxalq hüquqda X. məcburi qüvvəyə malik olmayan hüquqi akt sayılır və mənaca bəyannaməyə uyğun gəlir. Belə sənədlərdə hər hansı beynəlxalq saziş subyektlərinin əsas məqsədləri öz əksini tapır.

Tarix terminləri lüğəti