türkcə
Ölçüsünə görə qılıncla xəncər arasında orta mövqe tutan kəsici və deşici soyuq silah.
Y.-ın uzunluğu 80 sm-ə kimi, çəkisi isə 800 q-dək olub. Bəzi ehtimallara görə, bu silah ilk dəfə XVI əsrdə Türkiyənin Dənizli bölgəsinin Yatağan kəndində düzəldildiyi üçün belə adlandırılıb. O, yeniçərilər arasında xüsusilə geniş yayılıb, bir çox Yaxın Şərq ölkələrinin ordularında, eləcə də Balkanlarda, Krım xanlığında, Cənubi Qafqazda istifadə edilib. Adi qılıncdan tiyəsinin yalnız bir tərəfinin iti olması ilə fərqlənən Y.-a çox vaxt “türk qılıncı” da deyilir.
Tarix terminləri lüğətiyun. anthropos – insan
Təqribən 50–60 min il əvvələ aid edilən sümük qalıqları 1931–1933-cü illərdə Yava adasının Solo çayı vadisində tapılmış neandertal tipli qazıntı adamı.
Buna görə ona “Solo adamı” da deyilir. Həmin ərazidən Y.-un qalıqları ilə yanaşı, primitiv daş və sümük alətlər də aşkarlanıb. Bu qazıntı adamında həm arxantropların, həm də paleoantropların xüsusiyyətləri var.
Tarix terminləri lüğətiMənşəcə oğuzlara aid edilən qədim türk tayfalarından biri.
Y.-ın bir hissəsi XII–XIII əsrlərdə Azərbaycana gələrək Naxçıvan ərazisində məskunlaşıblar. Yaycı (Culfa rayonu), Aşağı Yaycı və Yuxarı Yaycı (Şərur rayonu) kəndlərinin adının Y.-la əlaqədər olduğu güman edilir.
Tarix terminləri lüğətiMüəyyən ardıcıllıqla düzülən qrafik işarələr sistemi.
Y. nitqi fiksə edir və onu qrafik ünsürlər vasitəsilə müxtəlif məsafələrə, habelə gələcək nəsillərə çatdırmaq imkanı verir. Onun 4 əsas tipi var: piktoqrafik yazı, ideoqrafik yazı, sillabik yazı və səs yazısı. Ən qədim piktoqrafik Y.-da müəyyən şəkil (piktoqram) bir və ya bir neçə cümləni əks etdirib. Qobustan qaya təsvirlərinin çoxu piktoqrafik Y. nümunəsi sayılır. Onu əvəzləmiş ideoqrafik Y.-da isə hər işarə (ideoqram, heroqlif) artıq bir sözü və ya sözün bütün assosiativ mənalarını bildirib; məs.: “ayaq” ideoqramı “yürümək”, “durmaq”, “getmək” və s. anlayışları ifadə edib. Y.-nın inkişafının növbəti mərhələsi olan heca (sillabik) Y.-sında dildəki hecaların sayı qədər işarə yaradılıb. Bu səbəbdən heca Y.-sında ən azı 300 işarə işlədilib. İlk heca Y.-sı e.ə. III minilliyin əvvəlində Şumerdə meydana çıxıb. Y.-nın ən mükəmməl növü isə səs Y.-sı hesab olunur. Səs Y.-sında hər işarə (hərf) bir səsi ifadə edir, nəticədə işarələrin sayı xeyli azalır (maksimum 60-70). Ayrı-ayrı ölkələrdə (Qədim Misir, Şumer, Krit və Çində) müstəqil şəkildə yaranmış səs Y.-sı çox vaxt əlifba da adlandırılır.
Tarix terminləri lüğətialm. jäger – ovçu, atıcı
XVIII–XIX əsrlərdə bəzi Avropa ordularında yüngül piyada növü.
Bu terminə ilk dəfə 1674-cü ildə Brandenburq ordusunda rast gəlinir. Həmin orduda sərrast atıcıları belə adlandırıblar. XVIII əsrin ortalarından isə Prussiya ordusunda keçmiş meşə gözətçilərindən ibarət xüsusi atıcı dəstələri təşkil edilib. Piyada qoşunların bir növü kimi Yeddiillik müharibə (1756–1763) dövründə Fransa, Prussiya və Avstriya ordularında da Y. dəstələri döyüşüb. XIX əsrin ortalarına yaxın onlar öz döyüş əhəmiyyətini itiriblər və yalnız ənənəyə görə saxlanılıblar. XVIII–XIX əsrlərdə Prussiya, Avstriya, İspaniya, Portuqaliya və Belçika ordularında kəşfiyyat tədbirləri və reydlərin təşkili zamanı istifadə edilən süvari Y. dəstələri də mövcud olub.
Tarix terminləri lüğətitürk. yeniçeri – yeni qoşun
Osmanlı ordusunda dövlət xəzinəsi hesabına saxlanılan nizami piyada döyüşçü.
XIV əsrin II yarısında sultan I Muradın dövründə Y.-lər sipahi və akınçılarla birlikdə Osmanlı ordusunun əsasını təşkil ediblər. İlk əvvəl Y. dəstələri əsirlərdən, sonralar isə xristian əsilli gənclərdən komplektləşdirilib. Onlar islamı qəbul edərək mükəmməl hərbi hazırlıq keçiblər və ciddi intizam ruhunda tərbiyə olunublar. Y.-lərə evlənməyə və təsərrüfatla məşğul olmağa yasaq qoyulub. Hərbi yürüşlərdə iştirak etməklə yanaşı, onlar Balkanlarda və ərəb ölkələrindəki Osmanlı qarnizonlarında mühafizə funksiyalarını da yerinə yetiriblər. Bəktaşilik dərviş ordeni ilə sıx bağlı olan Y.-lərə ağa başçılıq edib. XVI əsrin sonu – XVII əsrin əvvəlində Y. korpusunun tənəzzül dövrü başlayıb. Həmin zamandan etibarən əvvəlki qaydalara məhəl qoymayan Y.-lər ailə qurublar, ticarət və sənətkarlıqla məşğul olublar, tədricən Osmanlı sarayında daxili çəkişmələrdə alətə çevriliblər. Bu səbəbdən 1826-cı ilin iyununda sultan II Mahmud korpusun ləğvi haqqında fərman verib.
Tarix terminləri lüğətiBəşər tarixinin inkişafında orta əsrlərdən sonra, ən yeni dövrdən əvvəl gələn mərhələ.
Y.D.-ün xronoloji çərçivələri barədə tarixşünaslıqda yekdil fikir müəyyənləşməyib. Onun başlanğıc nöqtəsi kimi Reformasiya (1517), ispanlar tərəfindən Amerikanın kəşfi (1492), Konstantinopolun fəthi (1453), əksər hallarda isə İngiltərə burjua inqilabı (XVII əsrin ortası) götürülür. I Dünya müharibəsinin (1914–1918) bitməsi ilə Y.D. başa çatır.
Tarix terminləri lüğətiing. New Deal
1933–1938-ci illərdə ABŞ prezidenti F.Ruzveltin (1882–1945) ölkəni iqtisadi böhrandan xilas etmək məqsədilə həyata keçirdiyi siyasət.
Dövlətin iqtisadi proseslərdə daha fəal iştirakı bu siyasətin mahiyyətini təşkil edib. Y.X.S. çərçivəsində bir sıra mühüm sosial islahatlar (işsizliyə qarşı mübarizə, sosial sığortanın tətbiqi, mənzil tikintisinin stimullaşdırılması və s.) həyata keçirilib. Bütövlükdə Y.X.S. Böyük depressiyanın ağır nəticələrini aradan qaldırmağa imkan verib.
Tarix terminləri lüğətirus. Новая Экономическая Политика – НЭП
Bolşeviklərin Rusiya iqtisadiyyatını tam iflasdan xilas etmək məqsədilə həyata keçirdikləri siyasət.
Hərbi kommunizm siyasətini əvəzləyən Y.İ.S.-in proqramı 1921-ci ilin martında qəbul edilib. Onun mahiyyəti xüsusi sahibkarlığın üzərinə qoyulmuş qadağanın müvəqqəti aradan qaldırılmasında olub. Milliləşdirilmiş xırda sənaye müəssisələrinin bir hissəsi əvvəlki sahiblərinə qaytarılıb, xüsusi ticarətə icazə verilib. Bu isə əmtəə dövriyyəsinin canlanmasına və əhalinin sənaye mallarına olan tələbatının ödənilməsinə şərait yaradıb. Kənd təsərrüfatında ərzaq sapalağını ərzaq vergisi əvəzləyib, kəndli istehsal etdiyi məhsulun artığının sahibi olub və onu bazarda satmaq imkanı qazanıb. Y.İ.S. bolşeviklərə iqtisadiyyatı dirçəltmək və hakimiyyətdə möhkəmlənmək imkanı verib. Bu siyasətin son qalıqları 1929-cu ildə İ.Stalin tərəfindən ləğv edilib.
Tarix terminləri lüğətitürkcə
1865-ci ilin iyununda İstanbulda gənc türk ziyalıları və məmurlarının yaratdıqları eyniadlı gizli siyasi cəmiyyətin üzvləri.
Y.O.-ın liderləri Qərb mütəfəkkirlərinin, ilk növbədə, Ş.Monteskyö (1689–1755) və J.J. Russonun (1712–1778), habelə Böyük Fransa inqilabının ideyalarından ilhamlanan İ.Şinası, Ziya paşa, Namiq Kamal və keçmiş vəzir M.Fazıl olub. Osmançılıq (osmanizm) konsepsiyasının yaradıcısı olan Y.O. ölkədə liberallaşmaya, konstitusiyanın tətbiqinə və parlament idarəçiliyinə keçidə tərəfdar çıxıblar. Onlar bu tədbirlərin həyata keçirilməsini Osmanlı dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və yüksəlişi yolunda mühüm vasitə kimi dəyərləndiriblər. 1867-ci ildə cəmiyyətin fəaliyyətinə qadağa qoyulduqdan sonra Y.O.-ın bir sıra liderləri Fransaya mühacirət etməli olublar. XIX əsrin 70-ci illərinin əvvəlində Türkiyə hökumətinin verdiyi amnistiya ilə əlaqədar onların bir çoxu vətənə qayıdaraq Türkiyənin birinci konstitusiyasının (1876) qəbulunda iştirak edib. Lakin 1878-ci ildə konstitusiyanın ləğvindən və II Əbdülhəmidin istibdad rejiminin bərpasından sonra Y.O.-ın fəaliyyəti yenidən yasaqlanıb, ideyaları isə “Gənc türklər” tərəfindən davam etdirilib.
Tarix terminləri lüğətiXVI–XVII əsrlərdə İngiltərə zadəganlarının kapitalizmin inkişafına uyğunlaşmış hissəsi.
Y.Z. təsərrüfatlarını kapitalistcəsinə təşkil edərək muzdlu əməyə geniş yer veriblər. Onlar həmçinin ticarət və sahibkarlıqla da məşğul olublar. Y.Z. təbəqəsinin əsasını orta və xırda zadəganlar, eləcə də varlı kəndlilər təşkil edib.
Tarix terminləri lüğətiXX əsrin 80-ci illərinin ortalarından başlayaraq cəmiyyətin demokratikləşdirilməsi və yeniləşdirilməsi məqsədilə SSRİ-də həyata keçirilən dövlət siyasəti.
“Yenidənqurma” terminini ilk dəfə SSRİ-nin ozamankı rəhbəri M.Qorbaçov 1985-ci il mayın 15-17-də Leninqrada səfərinin gedişində işlədib. Birinci mərhələdə (1985–1986) Y.S.-nin əsas məqsədi “sosializmin o vaxtadək istifadə olunmamış nəhəng potensialını üzə çıxarmaqdan” ibarət olub. İkinci mərhələdə (1987–1989) liberallaşma yolu ilə sosializmi bazar iqtisadiyyatı ilə birləşdirməyə cəhdlər edilib. Bazar islahatlarının daha da dərinləşdirilməsini nəzərdə tutan üçüncü mərhələ isə (1990–1991) SSRİ-nin dağılması ilə yarımçıq qalıb. Y.S. həmçinin siyasi və ideoloji sahələrdə bir sıra sərt qadağaların aradan qaldırılmasına və ümumi mühitin demokratikləşdirilməsinə gətirib çıxarıb.
Tarix terminləri lüğəti