Reklam
Reklam

Tarix terminləri lüğəti

evpulu

Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda vergi.

E. ailə üzvlərinin sayından asılı olmayaraq hər evdən eyni miqdarda toplanıb, XIII–XIV əsrlərdə xane-şümari adı ilə yığılıb. Vergiyığan məmurların özbaşınalığını məhdudlaşdırmaq məqsədilə Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin “Qanunnamə”sində (XV əsr) xane-şümarinin miqdarı hər evdən ildə 7 axça həcmində müəyyənləşdirilib.

See also:

Tarix terminləri lüğəti

Eyzenhauer doktrinası

ing. Eisenhower Doctrine

Xarici təcavüzə məruz qalmış istənilən ölkənin ABŞ-dan iqtisadi və ya hərbi yardım istəməsinə imkan yaradan konsepsiya, prinsiplər məcmusu.

ABŞ dövlət katibi C.Dallesin hazırladığı bu doktrina prezident D.Eyzenhauerun 1957-ci il yanvarın 5-də konqresə ünvanladığı məktubda öz əksini tapıb. E.D.-nın əsas məqsədi SSRİ-nin Yaxın Şərqdə artan fəallığının qarşısını almaq və bu bölgədə Qərb ölkələrinin, ilk növbədə, ABŞ-ın mövqelərini möhkəmləndirməkdən ibarət olub.

Tarix terminləri lüğəti

əbədilik evləri

Qədim Misirdə fironların və əyanların qayalarda çapılmış və bir neçə otaqdan ibarət sərdabələri.

E.ə. II minillikdə Misirdə külli miqdarda vəsait və əmək tələb edən ehramların inşasına son qoyulduqdan sonra Ə.E. tikilməyə başlanıb. Belə sərdabələrdən bəziləri qayaların içərisinə doğru 100 m-dən çox uzanır.

Tarix terminləri lüğəti

əfəndi

türk. efendi < yun. aphentes – cənab, hökmdar

Osmanlı dövlətində müraciət forması.

Ə. termini öncə sultan da daxil olmaqla əyan və digər kübar şəxslərə aid edilib, XIX əsrdən sultan nəslindən olan şahzadələrə, ilahiyyat elminin nümayəndələrinə, xaricilərə və qeyri-müsəlmanlara, qadınlara (xanım Ə.), dövlət məmurlarına (onların rütbəsinin tərkib hissəsi olub), həmçinin bütün savadlı mülki şəxslərə münasibətdə nəzakətli müraciət forması kimi işlənib. 1934-cü ildə Türkiyədə bütün titul və köhnə müraciət formalarının ləğvi ilə əlaqədar Ə.-nin rəsmi şəkildə istifadə edilməsi yasaqlanıb. Müasir Türkiyədə, əsasən, hörmət əlaməti olaraq işlənir.

Tarix terminləri lüğəti

əfşarlar

Azərbaycanlıların etnogenezində fəal iştirak etmiş türk tayfası, 24 oğuz boyundan biri.

Ə. IX əsrdə Səlcuqların tərkibində Orta Asiyadan Azərbaycan, Xorasan və Anadoluya köç ediblər. Onlar Azərbaycan və İranın siyasi həyatında mühüm rol oynayıblar və qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin yaranmasında iştirak ediblər. Səfəvilər dönəmində qorçubaşıların əksəriyyəti Ə. əmirlərindən təyin olunub. Səfəvilərdən sonra hakimiyyətə gəlmiş Nadir şah da Ə.-dan olub. Müasir Ə. azərbaycanlıların tərkibində subetnik qrup təşkil edirlər.

Tarix terminləri lüğəti

Əhdi-cədid

ər. əhd – vəsiyyət, öyüd + cədid – yeni, təzə

Bibliyanın eramızın ilk yüzilliklərində formalaşmış ikinci, xristianlıq bölməsi.

27 kitabdan ibarət olan Ə-C. yalnız xristianlar üçün müqəddəs kanon hesab olunur.

See also:

Tarix terminləri lüğəti

Əhdi-ətiq

ər. əhd – vəsiyyət, öyüd + ətiq – qədim, köhnə

Bibliyanın həcmcə daha böyük və ən qədim birinci bölməsi.

39 kitabdan ibarət Ə-Ə. e.ə. VIII-II əsrlərdə formalaşıb. Ə-Ə. həm iudaistlər, həm də xristianlar üçün müqəddəs hesab olunur. Ona Tövrat da deyilir.

See also:

Tarix terminləri lüğəti

əkər

Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mülkədar malikanələrində və dövlət torpaqlarında yaşayıb torpağı icarəyə götürən kəndli.

Bəzən bu sözdən bərzigər termininin sinonimi kimi istifadə olunur. Ə.-lər kənd icması ilə əlaqəni itirərək feodalın təhkimlisinə çevriliblər. Onlar rəncbərlərlə eyni hüquqlara malik olublar. Elxanilər dövründə (1256–1357) Ə.-lər topladıqları illik məhsulun yarısını özlərinə saxlayıblar. XVIII–XIX əsrlərdə bu termin Azərbaycanda yalnız Talış xanlığında işlənilib.

Tarix terminləri lüğəti

əkinçilik

Ərzaq və yem bitkiləri, texniki bitkilər, digər kənd təsərrüfatı məhsullarının əldə olunması məqsədilə torpağın becərilməsi.

Bəşər tarixində 10–12 min il öncə baş vermiş mühüm dəyişikliklər Ə.-in yaranmasına səbəb olub. Məhz həmin dövrdə insanlar ərzaq məhsulları istehsal etməyi öyrəniblər, yığıcılıqdan Ə.-ə, ovçuluqdan isə maldarlığa keçid baş verib. Bu dövr “Neolit inqilabı” da adlanır. Ə.-in yaranmasını təsdiq edən, e.ə. X minilliyiə aid ən qədim arxeoloji tapıntılar müasir Türkiyə ərazisində aşkarlanıb. Əvvəl toxa əkinçiliyi olub və bu zaman bütün işlər əllə görülüb. Daha sonra xış Ə.-yi meydana gəlib və insanlar ev heyvanlarının dartı qüvvəsindən istifadə etməyə başlayıblar.

Tarix terminləri lüğəti

əks-inqilab

İnqilaba qarşı çıxıb onun nəticələrini bütövlükdə, yaxud qismən aradan qaldıraraq öncəki qaydaları və quruluşu bərpa etməyə çalışan ictimai-siyasi hərəkat.

İnqilabın nəticələrinin zərərli (dağıdıcı) və ya faydalı (yaradıcı) olması baxımından Ə. bəzən müsbət, çox zamansa mənfi səciyyə daşıyır. Qədim Spartada Likurqun konstitusiyasının Aqid və Kleomen tərəfindən bərpasını Plutarx müsbət xarakterli Ə. kimi dəyərləndirib. Lakin əksər hallarda Ə. həqiqətən mürtəce mahiyyət kəsb edir.

Tarix terminləri lüğəti