Qədim yunan cəmiyyətində ibtidai icma quruluşunun dağılması (nəsli icmanın qonşuluq icması ilə əvəzlənməsi) dövründə hakimiyyətin təşkili formasını ifadə edən termin.
Bu termin ilk dəfə XIX əsrdə amerikalı tarixçi L.Morqan tərəfindən işlədilib, alman filosofları K.Marks və F.Engels isə onu universal-tarixi kateqoriyaya çeviriblər. Marksın və Engelsin fikrincə, ibtidai icma quruluşunun son mərhələsi və dövlətə keçid ərəfəsi olan H.D. dövrünü dünya xalqlarının, demək olar ki, hamısı keçib. Arxeoloji cəhətdən bu, Tunc və Erkən Dəmir dövrlərinə uyğun gəlir. Həmin mərhələdə sosial təbəqələşmə hərbi əyanların cəmiyyət həyatındakı rolunun kəskin surətdə artmasına gətirib çıxarıb, bu isə özünü böyük maddi sərvətlərin və siyasi hakimiyyətin tədricən onların əlində cəmləşməsində göstərib. Xalq məclisləri yenə çağırılsa da, onların əhəmiyyəti getdikcə azalmağa başlayıb. Homer dövrü yunanları, qədim keltlər, germanlar, normanlar və d. H.D. mərhələsindəki cəmiyyətlərin klassik nümunələri sayılır.
Tarix terminləri lüğətiDövlətin siyasi rəhbərliyi tərəfindən hazırlanmış, hərbi quruculuğun istiqamətini, ölkənin və onun silahlı qüvvələrinin mümkün müharibəyə hazırlığını, müharibənin aparılması üsullarını müəyyən edən rəsmi müddəalar sistemi.
Bu müddəalar yeni elmi-texniki nailiyyətlər nəzərə alınmaqla dövlətin siyasətinə, onun inkişaf səviyyəsinə, habelə gözlənilən müharibənin xarakterinə uyğun olaraq formalaşdırılır və dəyişdirilir. H.D.-da həmçinin ölkə üçün mümkün təhlükənin əsas istiqamətləri öz əksini tapır.
Tarix terminləri lüğətiİki dövlətin, dövlətlər qrupunun, yaxud bir dövlət daxilində müxtəlif siyasi qüvvələrin müharibə vəziyyətində olduqları dönəm.
H.D. müharibənin elan olunduğu və ya hərbi əməliyyatların faktiki başlandığı andan hesablanır. O, dövlətin və cəmiyyətin həyatında xüsusi mərhələ sayılır. Bu dövrdə öz vətəndaşlarının təhlükəsizliyini xarici təhdidlərdən qorumaq hər bir dövlətin başlıca vəzifəsi hesab olunur. Həmin funksiyanın yerinə yetirilməsi üçün H.D.-də dövlətin səlahiyyətləri artırılır, insan hüquq və azadlıqları isə, əksinə, məhdudlaşdırılır.
Tarix terminləri lüğəti1887-ci ildən etibarən çar Rusiyasının Azərbaycan kəndlilərinin üzərinə qoyduğu xüsusi vergi növü.
Rusiyada 1874-cü ildən tətbiq olunmuş ümumi hərbi mükəlləfiyyət 1886-cı ildə Cənubi Qafqaza şamil olunsa da, çarizm azərbaycanlılara etibar etmir, onları orduya çağırmırdı. Bu səbəbdən rus müstəmləkəçiləri azərbaycanlılardan orduya səfərbərlik əvəzinə H.X.V. alırdılar. Həmin vergi səfərbər edilməli şəxsin üçillik orta qazancı nəzərə alınmaqla müəyyən olunurdu.
Tarix terminləri lüğətiBolşeviklərin 1918–1920-ci illərdə vətəndaş müharibəsi dövründə həyata keçirdikləri iqtisadi siyasət.
İqtisadiyyatın idarə olunmasının ifrat dərəcədə mərkəzləşdirilməsi, təkcə iri və orta deyil, həm də kiçik sənaye müəssisələrinin milliləşdirilməsi, əksər kənd təsərrüfatı məhsulları üzərində dövlət inhisarı, ərzaq sapalağı, özəl ticarətin yasaqlanması, əmtəə-pul münasibətlərinin minimuma endirilməsi, maddi sərvətlərin bölgüsündə bərabərçilik, əməyin hərbiləşdirilməsi H.K.S.-nin ən səciyyəvi xüsusiyyətləri sayılır. Tarixşünaslıqda bu siyasətə münasibət fərqlidir. Bəzi tədqiqatçılar onu inzibati-amirlik metodları ilə “kommunizmin tətbiqi” cəhdi, digərləri isə vətəndaş müharibəsinin reallıqlarından irəli gələn zərurət kimi qiymətləndirirlər. 1921-ci ilin martında hökumət H.K.S.-ndən imtina və yeni iqtisadi siyasətə (NEP) keçid haqqında qərar qəbul edib.
Tarix terminləri lüğətiƏhalinin öz ölkəsinin silahlı qüvvələrində qanunla təsbit olunmuş hərbi xidmət borcu, həmçinin vətənin müdafiəsi ilə bağlı konstitusion borcu yerinə yetirmək hüququ.
H.M. ilk dəfə 1798-ci ildə Fransada həyata keçirilib. XIX əsrdə isə digər dövlətlərdə tətbiq olunub. Lakin XXI əsrin əvvəlində dünyanın bir çox dövlətləri – ABŞ, Çin, Qərbi Avropanın əksər dövlətləri, Yaponiya, Hindistan, Kanada, Avstraliya və s. dinc dövrdə H.M.-dən imtina edib. İsrail, Cənubi Koreya, Sinqapur, Azərbaycan da daxil olmaqla bütün postsovet ölkələrində isə H.M. həm dinc, həm də müharibə şəraitində qüvvədə qalır.
Tarix terminləri lüğətiBir dövlətin (dövlətlər koalisiyasının) hərbi hakimiyyəti tərəfindən digər ölkənin (ölkələr qrupunun) ərazisində məcburi tədiyə vasitəsi kimi buraxılan kağız pulların (əsginasların) xüsusi növü.
İqtisadi təbiətinə görə H.P. («işğal pulları» da adlanır) adi kağız pullardan fərqlənmir. Lakin onlar kağız pullara xas bütün funksiyalara malik olmayıb yalnız tədavül və ödəniş vasitəsi kimi işlənir: spesifikliyi və yüksək inflyasion xarakteri, qısamüddətliliyi və nisbətən məhdud ərazidə işlənməsi ilə fərqlənir, yerli valyutaya münasibətdə məcburi məzənnənin tətbiqi də H.P.-ın səciyyəvi cəhəti hesab edilir. Bu baxımdan H.P. dəyər ölçüsü və sərvət yığım vasitəsi ola bilməz. II Dünya müharibəsi (1939–1945) və ondan sonrakı ilkin dövrdə belə pulların emissiyası xüsusilə geniş yayılıb. Nasist Almaniyası, daha sonra isə müttəfiq dövlətlər işğal etdikləri ölkələrdə H.P.-ı dövriyyəyə buraxıb.
Tarix terminləri lüğətiSilahlı qüvvələrdə hərbi qulluqçulara və ehtiyatda olan hərbi vəzifəli şəxslərə verilən xidməti dərəcələr.
Hərbi qulluqçular arasında mövcud olan tabelilik-böyüklük münasibətləri H.R.-ə görə müəyyən olunur. Belə xidməti dərəcələr Şərqdə qədimdən mövcud olub, Avropa ordularında isə XV–XVI əsrlərdən başlayaraq tətbiq edilib. Azərbaycan ordusunda gizir, baş gizir, kiçik leytenant, leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik, general-mayor, general-leytenant, general-polkovnik kimi H.R. mövcuddur.
Tarix terminləri lüğətiDövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən hərbi xarakterli məlumatlar.
H.S. – dövlət sirrinin əsas tərkib hissəsidir. Azərbaycan qanunvericiliyinə görə, H.S.-lərə silahlı birləşmələrin quruculuq planları, strateji və əməliyyat planları, döyüşü idarəetməyə dair sənədlər, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, taktiki-texniki xarakteristikaları, xüsusi əhəmiyyətli obyektlərin yeri, təyinatı, müdafiəolunma dərəcəsi, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətin sayı və s. haqqında informasiyalar aiddir.
Tarix terminləri lüğətiAli dövlət hakimiyyəti orqanı tərəfindən müstəsna hallarda (müharibə, təcavüz təhlükəsi, təbii fəlakət və s.) ölkədə, yaxud onun bir hissəsində tətbiq olunan xüsusi hüquqi vəziyyət.
H.V. hakimiyyət qurumları tərəfindən qanunda nəzərdə tutulmuş hallarda ölkədə təhlükəsizliyin, eləcə də ictimai asayişin qorunmasına yönəlmiş fövqəladə tədbirlərin həyata keçirilməsi ilə səciyyələnir. Bu zaman dövlət hakimiyyəti orqanlarının bir çox funksiyaları hərbi qurumlara keçir, insan hüquq və azadlıqları müəyyən dərəcədə məhdudlaşdırılır. Hərbi hakimiyyətin əmr və sərəncamlarına itaətsizliyə görə müharibə dövrünün qanunlarına uyğun daha yüksək məsuliyyət müəyyən olunur.
Tarix terminləri lüğəti