Reklam
Reklam

Tarix terminləri lüğəti

Homo sapiens

lat. homo – insan + sapiens – ağıllı, zəkalı, müdrik

Primatlar dəstəsinin hominidlər ailəsində insana (Homo) aid edilən yeganə növ; müasir insanı özündə ehtiva edən termin.

Üst Paleolitin son mərhələsində, təxminən 40 min il əvvəl meydana gələn H.S. (yaxud “ağıllı insan”), demək olar ki, bütün Yer kürəsinə yayılıb. O öz sələflərindən və müasir insanabənzər canlılardan təkcə anatomik xüsusiyyətlərinə görə deyil, ilk növbədə, nitq qabiliyyəti, inkişaf etmiş mücərrəd düşüncə bacarığı, eləcə də mükəmməl maddi və qeyri-maddi mədəniyyəti ilə fərqlənir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

hoplitlər

yun. hoplites – atıcı

Qədim Yunanıstanda ağır silahlı piyada döyüşçü.

H. yunan şəhər-dövlətlərinin hərbi dəstələrində başlıca qüvvə olublar. Falanqa döyüş düzümünün əsasını təşkil edən H. zireh, dizlik və dəbilqə geyinir, nizə, qılınc və üzün dödrkünc qalxanla silahlanırdılar. Onlar silahları öz hesablarına əldə edirdilər. Lakin e.ə. IV əsrdə H.-in əksəriyyətini təşkil edən orta mülkiyyətçilərin böyük hissəsi müflisləşdi. Bununla əlaqədar yaxşı silahlanmaq imkanı olmayan H.-in hərbi əhəmiyyəti azalmağa başladı və onlar tədricən muzdlu döyüşçülərlə əvəzləndilər.

Tarix terminləri lüğəti

Hortenzi qanunu

lat. Lex Hortensia

Qədim Romada diktator Kvint Hortenzinin e.ə. 287-ci ildə üsyançı plebeylərin təzyiqi altında çıxardığı qanun.

H.Q.-na əsasən, plebey məclislərinin qəbul etdiyi qərarlar artıq senatın təsdiqi olmadan qüvvəyə minib və bütün Roma xalqı üçün məcburi sayılıb. Bu qanunla patrisilər öz silki imtiyazlarından da məhrum ediliblər.

Tarix terminləri lüğəti

hökumət

ər. hökm – qüvvət, nüfuz

Dövlət idarəçiliyi sistemində kollegial ali icra hakimiyyəti orqanı.

H.-in əsas vəzifəsi qanunvericilik orqanı (parlament) tərəfindən qəbul olunan qanunların həyata keçirilməsi (icra olunması) sayılır. Bəzi ölkələrdə H. özü də qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edə bilər. Onun işinə, bir qayda olaraq, baş nazir (kansler, Nazirlər Şurası, Nazirlər Kabinetinin sədri) rəhbərlik edir, lakin ayrı-ayrı ölkələrdə bu funksiyanı bilavasitə dövlət başçısı yerinə yetirir.

Tarix terminləri lüğəti

hugenotlar

fr. huguenots – silahdaşlar, arxadaşlar, müttəfiqlər

Geniş mənada: XVI–XVIII əsrlərdə Fransada kalvinizmin (protestantizmin) tərəfdarları; dar mənada: XVI əsrin 60-cı illərindən XVII əsrin 20-ci illərinədək mövcud olmuş fransız kalvinistlərinin xüsusi dini-siyasi qruplaşması.

H.-ın sosial tərkibi kifayət qədər rəngarəng olub. Burjua və plebeylər üçün kalvinizm feodal istismarına qarşı mübarizə bayrağına çevrilib. Eyni zamanda zadəganların, feodal əsilzadələrin və şəhərin yuxarı dairələrinin bir hissəsi də möhkəmlənməkdə olan kral mütləqiyyətinə müqavimət göstərmək məqsədilə H.-a qoşulub. H.-ın katoliklərlə mübarizəsi tarixə «hugenot müharibələri», yaxud «Fransada dini müharibələr» adı ilə düşüb. 1598-ci ildə H. vicdan azadlığı və bir sıra siyasi hüquqlar əldə edə biliblər, lakin 1685-ci ildə XIV Lüdovik onları bütün bu hüquqlardan məhrum edib. Nəticədə H. ya katolikliyi seçməli, ya da Fransadan çıxıb getməli olublar. Yalnız XVIII əsrin sonunda Böyük Fransa inqilabı dövründə H. katoliklərlə tam bərabər hüquqlar əldə ediblər.

Həmçinin bax:

Tarix terminləri lüğəti

hulaşlar

Erkən orta əsrlərdə Şimali Qafqazda məskunlaşmış tayfa.

Bu terminin etimologiyası müəyyənləşməyib. VI əsr Suriya mənbələrində H. “kulas” adlandırılırlar, sonrakı dövr ərəb mənbələrində isə onlar xəzər tayfalarından biri kimi təqdim olunurlar. H.-ın bir qismi müxtəlif vaxtlarda xəzər, bulqarsuvarların tərkibində Azərbaycana gəliblər. Borçalı bölgəsindəki Ulaşlı, Qubadlıda – Ulaşlı, Göyçayda – Ulaşlı Şıxlı kəndlərinin adlarının H.-la əlaqədar olduğu ehtimal edilir.

Tarix terminləri lüğəti

humanistlər

lat. humanus – insani

İntibah dövründə Qərbi Avropada ziyalılar təbəqəsinin nümayəndələri.

H. yenicə formalaşmağa başlayan burjua cəmiyyəti ideologiyasının daşıyıcıları olublar. Onlar klassik (qədim yunan və Roma) mədəniyyətin bərpasını (intibahını) əsas məqsədlərindən biri hesab etdikləri üçün həmin dövr “İntibah dövrü” adlanır. Antik mədəniyyəti ümumbəşəri, nümunəvi hesab edən H. orta əsrlər mədəniyyətini barbar və tənəzzül mədəniyyəti kimi dəyərləndiriblər.

Həmçinin bax:

Tarix terminləri lüğəti

humanizm

lat. humanus – insani

İnsan şəxsiyyətinin dəyəri və ləyaqətini, onun azadlıq və xoşbəxtliyini ön plana çəkən baxışlar sistemi.

Müasir H.-in kökləri İntibah dövrü (XV–XVI əsrlər) ilə bağlıdır. İnsana sərbəst hərəkət etməyə imkan verməyərək onun bütün həyatını özünə tabe etdirən kilsə despotizminə, sərt məhdudiyyətlər sistemi və əxlaqi dəyərlərinə qarşı çevrilmiş H. həmin dövrdə öncə İtaliya, sonra isə Almaniya, Fransa, Hollandiya və İngiltərədə geniş yayılıb. Bu sistemin sosial bazasını “üçüncü silk” nümayəndələri – burjuaziya, kəndlilər, sənətkarlar, şəhər əhalisi təşkil edib. Kilsə həyatın məqsədini axirət dünyasına hazırlıqda və günahların yuyulmasına çalışmaqda görüb. H. isə insanın Yerdəki həyatda xoşbəxt olmaq və ondan həzz almaq hüququnu tanıyıb, cəmiyyətdə bərabərlik, ədalət və azadlıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına çağırıb. F.Petrarka, A.Dante, C.Bokkaçço, Leonardo da Vinçi, N.Kopernik, Q.Qaliley, U.Şekspir, M.Servantes, F.Bekon, habelə o dönəmdə Avropa mədəniyyət və elminin bir çox görkəmli nümayəndələri H. ideyalarının daşıyıcıları olublar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

hunlar

lat. Hunni

E.ə. III əsrdə təşəkkül tapmış köçəri türk tayfa birliyi.

Həmin dövrdə Böyük Hun imperiyasının sərhədləri Baykaldan Tibetə, Orta Asiyadan Xuanxeyədək uzanıb. Məhz H.-ın yürüşlərindən qorunmaq məqsədilə Böyük Çin səddi inşa olunub. E.ə. I əsrdə Böyük Hun imperiyası Şərqi və Qərbi Hun dövlətlərinə parçalanıb. Qərbi H. Orta Asiyada məskunlaşıblar. Eramızın II əsrindən başlayaraq onlar Ural və Şərqi Avropa ərazilərinə yürüşlər ediblər. H.-ın Avropaya kütləvi miqrasiyası isə IV əsrin 70-ci illərində başlayıb, bununla da Xalqların böyük köçünün əsası qoyulub. V əsrin əvvəllərində H. Volqa çayından Reyn çayına kimi uzanan Hun dövlətini yaradıblar. Attilanın (434–453) dönəmində bu dövlət öz qüdrətinin zirvəsinə çatıb. Onun ölümündən sonra isə H. tənəzzül dövrünə qədəm qoyublar. Onlar avarlar, bulqarlar və digər tayfalara qarışaraq tarixi səhnədən çıxıblar. H.-ın qalıqları bir çox türk xalqlarının, o cümlədən azərbaycanlıların etnogenezində iştirak ediblər.

Tarix terminləri lüğəti

husçular

XV əsrin I yarısında çexlərin katolik kilsəsi və alman hökmranlığına qarşı hərəkatının iştirakçıları.

Hərəkatın ideya ilhamçısı Reformasiya xadimi, çex xalqının milli qəhrəmanı Yan Hus (1371–1415) olub. Y.Husun bidətçi kimi ölüm hökmünə məhkum edilməsi nəinki hərəkata son qoymayıb, əksinə, onun daha da güclənməsi ilə nəticələnib. Ali katolik rəhbərliyi Çexiyadan qovulub, 1418-ci ildə papalıqla bütün əlaqələr kəsilib. 1419-cu ildə Praqada H.-ın başçılığı altında alovlanan üsyan Almaniya imperatoru və Roma papası əleyhinə 1437-ci ilədək davam edən müharibələrin əsasını qoyub. H. iki qrupa – radikal taborlulara və daha mötədil kalikstinlərə (çaşniklərə) bölünüblər. 1420–1431-ci illərdə Almaniya imperatoru və Roma papası onlara qarşı 5 uğursuz səlib yürüşü təşkil edib. Yalnız kalikstinlərin 1433-cü ildə düşmən tərəfinə keçməsi nəticəsində H. 1434-cü ildə müharibəni uduzublar. Məğlubiyyətə baxmayaraq, bu hərəkat Çexiyada katolik kilsəsinin nüfuzunu xeyli zəiflədib və Ümumavropa Reformasiyası üçün zəmin yaradıb.

Tarix terminləri lüğəti

hücrə

ər. – hərfi mənası: arı pətəyində göz

Məbəd, məscid, karvansara, monastır və s. binalarda kiçik otaq.

Şərq ölkələrində, o cümlədən Azərbaycanda karvansaralarda gecələmək, mədrəsələrdə tədrislə məşğul olmaq üçün belə otaqlar tikilib. Xanəgahlarda ayrı-ayrı dərvişlərə məxsus otaqlar, həmçinin yaşayış evinin qapı tərəfində kiçik dolab, bardaq və s. qoyulan yer H. adlanıb. Keçmişdə teatr, hamam və s. yerlərdə təkadamlıq kiçik otaqlara da H. deyilib.

Tarix terminləri lüğəti

hüquqi dövlət

Fəaliyyəti hüququn fundamental prinsip və normalarına əsaslanan dövlət.

Qanunun aliliyi, bütün subyektlərin, o cümlədən hakimiyyət nümayəndələrinin və orqanlarının hüququn tələblərindən kənara çıxmaması, vətəndaşların hüquqlarının məhkəmə tərəfindən real surətdə qorunması, dövlətlə şəxsiyyətin qarşılıqlı məsuliyyəti H.D.-in ən səciyyəvi cəhətləridir. Bunlar demokratiyanın ayrılmaz elementləri olub dövlət maraqlarının qanunları üstələməsinə imkan vermir. H.D. anlayışı antik müəlliflər tərəfindən irəli sürülsə də, onun fəlsəfi əsaslarını XVIII əsr alman mütəfəkkiri İ.Kant hazırlayıb.

Tarix terminləri lüğəti