Reklam
Reklam

Tarix terminləri lüğəti

imperator

lat. imperātor – hökmdar, sərkərdə, rəhbər

İmperiya hökmdarının – monarxın titulu.

İ. kralçara nisbətən daha yüksək titul sayılır. Qədim Romada respublika dönəmində legionlara başçılıq edən sərkərdələrə verilən bu fəxri hərbi ad Oktavian Avqust (e.ə.63–14) və onun xələflərindən başlayaraq monarx tituluna çevrilib. Bir qayda olaraq, ən böyük monarxiyaların başçıları İ. adlandırılıb.

Tarix terminləri lüğəti

imperializm

lat. imperium – hakimiyyət, hökmranlıq

Leninizmə görə, kapitalizmin ən yüksək, inhisarçı və son mərhələsi, sosialist inqilabının ərəfəsi; müasir elmi ədəbiyyatda isə qeyri-bərabər münasibətlərin dəstəklənməsinə yönəlmiş dövlət siyasəti.

İmperiya” sözündən törəmə olan İ. termini ilk dəfə XVI əsrdə işlənib və ötən müddət ərzində mənası dəfələrlə dəyişib. XIX əsrin ortalarında “despotizm” məfhumunun sinonimi olan bu termin artıq həmin əsrin 80-ci illərində “imperiya ruhu, imperiya maraqlarının müdafiəsi” anlamında işlənməyə başlanıb. Onun publisistik klişedən elmi kateqoriyaya çevrilməsi prosesi 1902-ci ildə Con Hobsonun “İmperializm” monoqrafiyasının işıq üzü görməsi ilə başa çatıb. Belə ki, “bu və ya digər ölkənin öz hakimiyyət və nüfuzunu müstəmləkəçilik, hərbi qüvvə və digər vasitələrlə genişləndirməsi siyasəti” İ. adlandırılıb. İ. termini Avropa dövlətləri və Yaponiyanın XIX–XX əsrlərdə Asiya və Afrika ölkələrində yeritdikləri siyasi və iqtisadi hegemonluq siyasətinə daha çox aid edilir.

Tarix terminləri lüğəti

imperiya

lat. imperium – hakimiyyət, hökmranlıq

Müxtəlif xalqları və əksəriyyəti müstəmləkələrdən ibarət əraziləri vahid siyasi mərkəzə malik bir dövlətdə birləşdirən, regionda və dünyada mühüm rol oynayan, adətən, monarxiya, yaxud diktatura üsuli-idarəsi hökm sürən qüdrətli ölkə.

Əsasən, imperatorların başçılıq etdikləri monarxiya dövlətlərini (Qərbi Roma, Bizans, Yaponiya və s.), habelə çoxlu müstəmləkəsi olan iri dövlətləri (Osmanlı, Britaniya və s.) İ. adlandırırlar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

impiçment

ing. impeachment – etimadsızlıq < lat. impedivi – qarşısını alma, əngəlləmə

Dövlət başçısı da daxil olmaqla yüksəkvəzifəli məmurlara etimadsızlıq göstərilməsi, habelə onlara qarşı məhkəmə qaydasında ittiham irəli sürülməsi proseduru.

İ. rəhbər şəxslərin vəzifədən kənarlaşdırılması məqsədilə həyata keçirilir. Bu prosedur XVI əsrdə İngiltərədə kral favoritlərinin özbaşınalığını məhdudlaşdırmaq üçün yaradılıb. Həmin dövrdə icmalar palatası kralın nazirlərini məhkəməyə vermək hüququ əldə edib. Halbuki əvvəllər eyni səlahiyyət yalnız krala məxsus olub. Britaniya qanunlarından bu məfhum ABŞ konstitusiyasına keçib. ABŞ-da İ. konqresin aşağı palatası tərəfindən senat qarşısında federal vəzifəli məmurlar (hakimlər və prezident də daxil olmaqla) əleyhinə ittiham irəli sürülməsini nəzərdə tutur. Burada senat məhkəmə instansiyası funksiyasını yerinə yetirir, prezidentə isə onun hökmlərini ləğv etmək səlahiyyəti verilmir.

Tarix terminləri lüğəti

imperiya cəngavəri

alm. Reichsritter

“Müqəddəs Roma imperiyası”nda bilavasitə imperatordan aldığı len sahibi olan orta və ya xırda feodal.

İ.C.-ləri bilavasitə imperatorun vassal asılılığında olublar, müvafiq töycülər ödəyiblər. Əsasən, Almaniyanın cənub və qərb vilayətlərində onlar öz malikanələri hüdudlarında dövlət hakimiyyətinin yerli nümayəndələri səlahiyyətlərinə malik olublar. Lakin bu feodalların əksəriyyəti knyazlarla rəqabətə davam gətirməyərək onlardan asılı vəziyyətə düşüb. 1806-cı ildə imperiyanın ləğvindən sonra İ.C.-lərinin malikanələri Reyn ittifaqı dövlətlərinin tərkibinə daxil edilib.

Tarix terminləri lüğəti

incələr

XI–XIII əsrlərdə Don və Dunay çayları arasındakı ərazilərdə, eləcə də Şimali Qafqazda məskunlaşmış qıpçaq tayfalarından biri.

Tarixi qaynaqlarda bu tayfanın adı “əncələr” kimi də çəkilir. XIII əsrin I yarısında İ.-in bir qismi qıpçaqların tərkibində Azərbaycana gəlib. Azərbaycanda İncə və İncədağ (Şəki), İncəsu (Qazax), İncəçay və İncəgöl (Cəbrayıl), bəzi digər toponimlərin həmin tayfa ilə bağlılığı ehtimal edilir.

Tarix terminləri lüğəti

İncil

yun. Evangelion – xoş xəbər, müjdə

Bibliyanın yalnız xristianlığa aid olan hissəsi.

Müasir anlamda İ. dedikdə Əhdi-cədid nəzərdə tutulur. Öncə 30-a yaxın İ. kitabı olub, lakin sonradan yalnız kilsənin müqəddəsləşdirdiyi, İsa Məsihin şagirdi olmuş Matfey, Mark, Luka və İoannın yazdığı dörd kitab İ.-ə aid edilib. Bu kitablara “kanonik İ.-lər”, kilsə tərəfindən qəbul edilməyən digər İ.-lərə isə “apokrif İ.-lər” deyilir. İ.-in təxminən I əsrin sonu – II əsrin əvvəlində yarandığı ehtimal olunur. Burada İsa Məsihin doğulması, həyatı, möcüzələri, ölümü, dirilməsi və göylərə çəkilməsi öz əksini tapıb. İ. “Evangelion” da adlanır. Azərbaycan dilinə son tərcümədə bu kitaba İ. deyil, “Müjdə” adı verilib.

Tarix terminləri lüğəti