Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çay rejimi

lat. regimen – idarəetmə

Çayın axının çay hövzəsində fiziki-coğrafi şəraitdən, ilk növbədə, iqlim şəraitindən asılı olaraq dəyişən vəziyyəti.

Ç.R. suyun səviyyəsi, temperaturu, sürəti, sərfiyyatı, yatağın relyefi, forması və s. ilə əlaqədar gün, mövsüm ərzində, həbelə uzun illər davam edən proseslər nəticəsində dəyişə bilər. Çayın müəyyən zaman kəsiyində rejimi onun hidroqrafında öz əksini tapır. Əsas Ç.R. növləri bunlardır:

1. Ekvatorial – ekvatorial iqlim qurşağının çaylarının rejimi ilboyu, əsasən, sabit olur.

2. Subekvatorial – subekvatorial iqlim qurşağının çayları yayda bolsulu, qışda qıtsulu olur.

3. Subtropik – subtropik iqlim qurşağının çayları qışda bolsulu, yayda qıtsulu olur.

4. Mülayim – mülayim iqlim qurşağının çaylarının rejimi iqlim tipindən asılı olaraq fərqlənir, müxtəlif mövsümlərdə çaylar məcrasından çıxır, daşqınlar törədir.

5. Subarktik – subarktik iqlim qurşağının çaylarında yayda suyun səviyyəsi artır, qışda kəskin azalır və əksər çaylar donur.

6. Arktik – arktik iqlim qurşağının çayları yalnız qısa yay müddətində (ildə 2-3 ay) axır.

Coğrafiya terminləri lüğəti

çay şəbəkəsinin sıxlığı

Çay şəbəkəsi daxilində bütün çayların ümumi uzunluğunun (Z) bu şəbəkənin əhatə etdiyi ərazinin sahəsinə (F) nisbəti.

Ç.Ş.S.-nın ölçü vahidi km/km2-dir. Ç.Ş.S., ilk növbədə, ərazinin iqlim xüsusiyyətlərindən və relyefindən asılıdır. Rütubətli zonalarda və dağlıq yerlərdə bu sıxlıq artır, quraqlıq bölgələrdə və düzənliklərdə azalır; məsələn, Şimali Qafqazda dağ çayı Terekin hövzəsində Ç.Ş.S. 2,03 km/km2, ətraf düzənliklərdə isə 0,01-0,05 km/km2 təşkil edir. İl ərzində daha çox yağıntı düşən ekvatorialsubekvatorial iqlim qurşaqlarında çay şəbəkəsi sıx, tropik iqlim qurşağı və mülayim iqlim qurşağının okeanlardan uzaq hissələrində isə seyrək olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay terrası

fr. terrasse – meydança

Allüvial çöküntülərin toplanması, abraziya, su səviyyəsinin dəyişməsi və s. nəticəsində yaranmış maili, pilləvarı çay sahili.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay yatağı

Çayın bolsulu dövrləri arasındakı müddətdə çay dərəsinin su axan ən alçaq hissəsi.

Düzənlik çaylarının yatağı çay meandrlarının çoxluğu ilə seçilir, dərin sahələrlə bərabər, nisbətən dayaz hissələrin olması ilə xarakterizə edilir. Böyük Ç.Y.-nın eni bir neçə kilometrə çatır. Vaxtaşırı quruyan çay dərələrində isə quru Ç.Y.-ları yaranır.

Coğrafiya terminləri lüğəti

çaybasar

Çay dərəsinin çayın bolsulu dövrləri və daşqınlar vaxtı su basan, nisbətən hamar, müasir allüvial çöküntülərlə örtülü hissəsi.

Adətən, Ç.-ın iki səviyyəsi fərqləndirilir. Çay dərəsinin hər il su basan hissəsinə alçaq Ç., daşqınlar vaxtı su basan hissəsinə isə yüksək Ç. deyilir. Hər dəfə çayda suyun səviyyəsi qalxdıqda o, bir tərəfdən sahillərini yuyur, digər tərəfdən isə özü ilə xeyli çöküntü, qum, çınqıl gətirir. Eyni zamanda çay yatağı dərinləşir. Beləliklə, zaman keçdikcə alçaq Ç. yüksək Ç.-a, sonra isə çay terrasına çevrilir. Böyük düzənlik çaylarında Ç.-ların on kilometrlərlə eni olur və bu ərazilərdən biçin sahələri, otlaqlar kimi maldarlığın inkişafında istifadə edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çayın düşməsi

Çayın iki hissəsində su səthinin mütləq hündürlükləri arasındakı fərq.

Çayın mənbəyi ilə mənsəbində mütləq hündürlüklər arasındakı fərqə tam düşmə deyilir. Ç.D. metrlə, yaxud çayın ayrı-ayrı hissələrində hər kilometrə görə düşməni hesablamaq üçün sm/km və m/km-lə ölçülür. Dağ çaylarında düşmə böyük, düzən çaylarında isə kiçik olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çayın qidalanması

Yerüstü və yeraltı suların çaya axması.

Əsas qida mənbələrinə görə çaylar yağışla, qarla, buzlaqla, yeraltı sularla, göllə, qarışıq sularla qidalanan çaylar kimi tiplərə bölünür. Ç.Q. onun rejiminə təsir göstərən başlıca amildir. Çaylarda suyun səviyyəsi, bolluğu onların qida mənbələrindən asılıdır. Mənbəyi ekvator yaxınlığında yerləşən çaylar yağışla qidalanır, ilboyu bolsulu olur. Subekvatorial iqlim şəraitində çayların qida mənbəyi yay yağışlarıdır: onlar yayda gurlaşır. Mülayim kontinental zonalarda və dağ ətəklərində çaylar, əsasən, yeraltı sularla qidalanır və ilboyu, əsasən, sabit rejimdə axır. Arktik zonada çaylar buzlaqlarla qidalanır, ildə cəmi bir neçə ay sulu olur və s.

Coğrafiya terminləri lüğəti

çayın meyilliyi

Çayın istənilən iki hissəsində hündürlük fərqinin (çayın düşməsinin) bu hissələr arasındakı məsafəyə nisbəti.

Çayın mənbəyi ilə mənsəbi arasındakı tam düşmənin çayın uzunluğuna nisbəti onun ümumi meyilliyinin göstəricisidir. Ç.M. promil (‰), yaxud faizlə (%) ölçülür. Azərbaycan çayları 0,13‰-dən 180‰-ə qədər çox müxtəlif meyilliyə malikdir. Dağ çaylarında bu göstərici böyük, düzən çaylarında kiçik olur. Çayların uzununa meyilliyi ilə yanaşı, eninə meyilliyi də hesablanır. Çay səthinin eninə meyilliyi yatağın formasından, küləyin gücündən, hidrotexniki qurğuların təsirindən və s. səbəblərdən yarana bilər.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çayın sululuğu

1. Çayın müəyyən zaman kəsiyində öz hövzəsindən toplayıb axıtdığı suyun miqdarı.

Adətən, aylar, mövsümlər və il (illər) üzrə Ç.S.-nun səviyyəsi ölçülür və hidroqraflarda əks etdirilir. Bu göstəriciyə görə çaylar üç qrupa bölünür: azsulu, ortasulu və bolsulu çaylar. Eyni zamanda mövsümlər üzrə çayların azsulu, ortasulu və bolsulu vaxtları fərqləndirilir. Yer üzündə ən bolsulu çay Amazondur. İl ərzində bu çay Dünya okeanına bolsululuğuna görə sonrakı 6 yeri tutan çayların hamısından çox – 7000 km3-dək su axıdır.

2. Çayın müəyyən zaman kəsiyində öz hövzəsindən toplayıb axıtdığı suyun miqdarının həmin zaman kəsiyi üçün xarakterik olan normaya nisbəti.

Norma uzun illər aparılan tədqiqatlar əsasında müəyyənləşdirilir. Bu göstəricidən çay axınının düzgün bölüşdürülməsi, quraqlıq və daşqın təhlükələri barədə xəbərdarlıqlar edilməsi və s. məqsədlərlə istifadə olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çaylaq

Yayda su axmayan daşlıq çay yatağı.

Ç.-lara, əsasən, dibində çöküntülər toplaşmayan sürətli dağ çaylarında rast gəlinir.

Coğrafiya terminləri lüğəti