Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

erq

ər. – qum dənizi

Şimali Afrikada qum massivləri.

E.-də çoxlu barxandyunlar, həddən artıq zəif bitki örtüyü olur. Böyük Səhrada onlarca E. var. E.-lərdə hündür təpələr arasında nazik qum örtüyü olan keçidlər mövcuddur ki, bunlardan karvan və avtomobillərin hərəkəti üçün istifadə edilir. Şimali Afrikada ən iri qumlu səhra massivləri Böyük Şərqi və Böyük Qərbi E.-lərdir.

Coğrafiya terminləri lüğəti

eroziya

lat. erosio – yuyulma, aşınma

Axar suların, buzlaqların, küləyin süxurları, torpaqları aşılayaraq parçalaması prosesi.

E. nəticəsində səth dağılır, yarğanlar, spesifik relyef formaları (məsələn, eol sütunları) əmələ gəlir, su hövzələrinin yatağı dərinləşir və genişlənir. E. prosesində süxurların mexaniki parçalanması, yuyulması, sovrulması və cilalanması, sular vasitəsilə kimyəvi həlli hadisələri baş verir. E. iki cürdür: səthi, yaxud yan (üfüqi) E. və şaquli, yaxud dərinlik E.-sı. Səthi E. üfüqi istiqamətdə inkişaf edir, torpağın münbit qatının dağılması, çay yatağının genişlənməsi və s. formalarda özünü büruzə verir; şaquli E. isə dərələrin, erozion dağların yaranması, çay yatağının dərinləşməsi və s. ilə nəticələnir. Denudasiya da E.-nın formalarından biridir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

eroziya bazisi

lat. erosio – yuyulma + yun. basis – əsas, özək

Çayın öz qüvvəsini itirib daha yatağını dərinləşdirə bilmədiyi sonuncu səviyyə.

E.B.-nin qalxması çayın sürətinin azalmasına və yan eroziyanın güclənməsinə səbəb olur. Nəticədə çay dərəsi genişlənir və meandrlar əmələ gəlir. Çayların töküldüyü hövzə – dəniz, göl və çay onların E.B. hesab olunur; məsələn, Xəzər dənizi Volqa və Kür çaylarının, Kür çayı isə Araz çayının E.B.-dir. Planetin çaylarının əsas E.B. Dünya okeanıdır.

Coğrafiya terminləri lüğəti

eroziyaşünaslıq

Torpaq eroziyasının başvermə səbəbləri və inkişaf qanunauyğunluqlarını araşdıran, eroziyaya uğramış və eroziya təhlükəsi olan torpaqları, onların bərpa metodlarını, habelə eroziyadan mühafizə üsullarını öyrənən elm sahəsi.

E. torpaqşünaslığın müstəqil bir bölməsi kimi formalaşıb, bu elm sahəsinin obyekti müxtəlif təbii və təsərrüfat şəraitində baş verən su və külək eroziyası prosesləridir.

Coğrafiya terminləri lüğəti

eroziyaya qarşı tədbirlər

Yamacları torpaq eroziyasından qorumaq üçün tətbiq edilən tədbirlər silsiləsi.

Kənd təsərrüfatı bitkilərinin əkilməsi və becərilməsi zamanı eroziyaya qarşı aqrotexniki tədbirlər görmək üçün yamaclar eninə zolaqla, konturla və ya laylar çevrilmədən şumlanır, pilləli şum, şırımaçma, çoxillik ot əkinində oyuqaçma, torpaqqoruyucu növbəli əkin sistemi tətbiq olunur. Yamacların, çay sahillərinin bərkidilməsi, torpaqqoruyucu meşə zolaqlarının salınması kimi üsullar da E.Q.T. sırasına daxildir.

Coğrafiya terminləri lüğəti

estuari

lat. aestuarium – su basmış çay mənsəbi

Dənizə doğru genişlənən konus formalı, birqollu çay mənsəbi.

Qabarma və çəkilmənin, dəniz cərəyanlarının təsiri ilə çayların mənsəbinə gətirdiyi çöküntülər, qırıntılar daim yuyulur, nəticədə gəmiçilik üçün əlverişli olan geniş və dərin E. yaranır. Dünyanın ən nəhəng E.-lərindən biri Fransada Biskay körfəzinə açılan Jironda E.-sidir. Onun dərinliyi 8 metr, uzunluğu 75 km-ə yaxındır. Amazon, Parana, Konqo, Müqəddəs Lavrenti, Kolorado, Yenisey, Temza, Ob, Yansızı çaylarının mənsəbində də böyük E.-lər var.

Coğrafiya terminləri lüğəti

eol relyef formaları

yun. Eol – külək allahının adından + lat. relevo – qaldırıram + lat. forma – görünüş, zahiri görkəm

Əsasən, yarımsəhra və səhralarda küləyin dağıdıcı və ya akkumulyativ fəaliyyəti nəticəsində əmələ gələn relyef formaları.

Bu formalar eol sütunlardan, barxanlardan, dyunlardan, qum təpələrindən və s.-dən ibarətdir. Belə relyef formaları, əsasən, Böyük Səhra, Ərəbistan yarımadası, Mərkəzi Asiya və s. kontinental ərazilər üçün xarakterikdir.

Coğrafiya terminləri lüğəti