Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kartoqrafik proyeksiya

yun. chartes – papirus vərəqi + yun. grapho – yazıram, təsvir edirəm + lat. projectio – irəli sıçrayış

Yer səthinin, yaxud kürə formalı digər göy cisimlərinin müstəvi üzərində təsvirinin riyazi üsulu.

Bu zaman qlobusda meridianparalellərin yaratdığı dərəcə toru xəritə üzərində coğrafi enlik və uzunluqların əmələ gətirdiyi kartoqrafik şəbəkə ilə əvəz edilir. Kürəşəkilli cismi (əslində isə Yer daha mürəkkəb geoid formasına malikdir) müstəvi üzərinə köçürərkən istənilən proyeksiyada olduğu kimi, K.P.-da da uzunluq, sahə, forma, dərəcə təhrifləri yaranır. Xəritə nə qədər kiçikmiqyaslıdırsa, təhrif bir o qədər az nəzərə çarpır. K.P. meridian və paralellərin müstəvi üzərinə köçürülməsi üsulundan asılı olaraq müxtəlif növlərə bölünür: konus formalı, silindr formalı, azimutlar üzrə və çoxüzlü proyeksiya.

Coğrafiya terminləri lüğəti

kartoqrafik təsvir vasitələri

yun. chartes – papirus vərəqi + yun. grapho – yazıram, təsvir edirəm

Obyektləri, hadisələri xəritə üzərində təsvir etmək üçün istifadə olunan şərti işarələr sistemi.

Şərti işarələrdən istifadə xəritələri digər qrafik modellərdən (məsələn, aeroşəkillərdən) fərqləndirən əsas amildir. Bu işarələr vasitəsilə obyekt və hadisələrin xəritədə yeri, forması, ölçüsü, strukturu, dinamikası, digər xüsusiyyətləri əks etdirilir. K.T.V.-ni kartoqrafiya elminin semiotika bölməsi işləyib hazırlayır. K.T.V.-nə xətti işarələr (sahil xətlərini, yolları, atmosfer cəbhələrini, inzibati sərhədləri və s.-ni göstərmək üçün), izoxətlər (relyef, təzyiq, temperatur xüsusiyyətlərini və s.-ni əks etdirmək üçün), nöqtələr (məsələn, hadisələrin kütləviliyini, yaxud fərdiliyini səciyyələndirmək üçün), dairələr (yaşayış məntəqələri, arealları, onların yerini və ölçüsünü bildirmək üçün) kartodiaqramlar və başqa işarələr daxildir.

Coğrafiya terminləri lüğəti

kartometriya

yun. chartes – papirus vərəqi + yun. metron – ölçü

Coğrafi xəritə əsasında obyektlərin koordinatlarını, sahəsini, hündürlüyünü, digər kəmiyyət göstəricilərini müəyyənləşdirməyin üsullarını öyrənən elm sahəsi.

K. – kartoqrafiyanın bir bölməsidir.

Coğrafiya terminləri lüğəti

kaskad su-elektrik stansiyaları

fr. cascade – sürətlə aşağı tökülmək

Çayın üzərində ardıcıl surətdə yerləşən bir neçə su-elektrik stansiyası.

Stansiyaların belə yerləşməsi çayların enerjisindən daha səmərəli istifadə etməyə, istehsal və enerjinin paylanması xərclərini azaltmağa imkan yaradır. Azərbaycanda Kür çayının üzərində ardıcıl tikilmiş Şəmkir, Yenikənd, Mingəçevir, Varvara SES-ləri K.SES-na aiddir.

Coğrafiya terminləri lüğəti

Katarxey

yun. katarkhaios – qədimdən əvvəl

Yerin geoloji tarixində Kembriyəqədərki eonun (Kriptozoy) Arxeydən əvvəlki ən qədim mərhələsi.

Yerin yarandığı vaxtdan (4,5-4,6 mlrd. il əvvəl) başlayaraq 600 mln. il davam edib. K.-də Yer nisbətən soyuq olub, onun strukturu (nüvə-mantiya-qabıq) formalaşmayıb. Sonrakı tarixi mərhələlərdə güclü tektonik proseslər, maqmatik fəaliyyət nəticəsində Yerin quruluşu tamamilə dəyişdiyindən K. bir sıra geoxronoloji cədvəllərdə, ümumiyyətlə, nəzərə alınmır və göstərilmir. Hətta K.-i geoxronoloji bölgüyə daxil edənlər arasında da elmi mübahisələr gedir: onun bitdiyi tarix, dövr bölgüsü ilə yanaşı, adı da bir neçə variantda mövcuddur: Heyden, Prearxey, Priskoan, Azoy və s. İngilisdilli coğrafi lüğətlərdə və Avropa ensiklopediyalarında “Heyden” termininə daha tez-tez rast gəlinir. Yunan mifologiyasında yeraltı dünya ilahının adından götürülmüş bu termini 1972-ci ildə amerikalı yerşünas Preston Klaud Arxeydən əvvəlki geoloji prosesləri fərqləndirmək üçün təklif edib.

Coğrafiya terminləri lüğəti

Kaynozoy

yun. kainos – yeni + yun. zoo – həyat, canlı

Yerin geoloji inkişaf tarixində axırıncı era.

K. Fanerozoy eonunun üçüncü erasıdır və öz növbəsində üç dövrə (Paleogen, NeogenDördüncü) bölünür. Bu era 67-65 milyon il əvvəl başlayıb və hazırda davam edir. Eranın əvvəlində planetin nəhəng heyvanları kütləvi şəkildə məhv olub, Yerin müasir geoloji strukturu formalaşmağa başlayıb, iqlim nisbətən soyuyub, fauna aləmində məməlilər hakim mövqe tutub, örtülütoxumlu bitkilər yayılıb, nəhayət, insanabənzər meymunlar, sonra isə ilk insan yaranıb. K. terminini elmə 1861-ci ildə ingilis geoloqu Con Fillips daxil edib.

Coğrafiya terminləri lüğəti

kekur

Çaylarda, dənizlərdə, həmçinin onların sahillərində sütun formasında, yaxud konusşəkilli qaya qalığı.

K.-lar abraziya nəticəsində yaranır. Şimal Buzlu okeanı dənizlərinin sahillərində, Şərqi Sibirin iri çaylarının suayırıcında qaya qalıqlarını K. аdlandırırlar.

Coğrafiya terminləri lüğəti

Kembri dövrü

Böyük Britaniyada Uels əyalətinin latınca adı olan “Cambria” sözündən

Yerin geoloj inkişafı tarixində Paleozoy erasının birinci dövrü.

Ümumiyyətlə, müasir Fanerozoy eonu K.D.-ndən başlanır, ondan əvvəlki təxminən 5 mlrd. illik geoloji tarix isə Kembriyəqədərki dövr adlandırılır. K.D.-nün başlanğıc tarixi barədə elmi mənbələrdə, terminoloji lüğət və ensiklopediyalarda fərqli rəqəmlər göstərilir (təqribən 600-540 mln. il əvvəl). Bu dövr 495-485 milyon il əvvəl sona çatıb. K.D.-ndə dənizlər genişlənərək maksimum həddə çatıb, bərk skeletə malik heyvanlar yaranıb, dəniz bitkiləri inkişaf edib. Termini elmə 1835-ci ildə ingilis tədqiqatçısı Adam Secvik gətirib.

Coğrafiya terminləri lüğəti