Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kollüvium

lat. colluvio – yığın, qalaq

Ağırlıq qüvvəsinin təsiri altında (sürüşmə, uçqun və s.), bəzən aşınma nəticəsində yüksək sahələrdən alçaq sahələrə doğru hərəkət edərək yamaclarda və ya dağ ətəklərində toplanan qırıntı materialı.

Coğrafiya terminləri lüğəti

kompas

ital. compassare – addımla ölçmək

Üfüqün cəhətlərinə görə istiqaməti müəyyənləşdirmək üçün cihaz.

K.-ın üfüqi vəziyyətdə hərəkət edən maqnitləşmiş əqrəbi həmişə Yerin maqnit qütblərini göstərir.

Coğrafiya terminləri lüğəti

kompleks iqlimşünaslıq

lat. complexus – əlaqə, birləşmə

Ərazinin ardıcıllıqla təkrarlanan iqlim xüsusiyyətlərini, günəş radiasiyası, atmosfer sirkulyasiyası və səth örtüyünün təsiri ilə qanunauyğun surətdə formalaşan hava tiplərinin çoxillik rejimini öyrənən elm sahəsi, iqlimşünaslığın bir qolu.

K.İ.-ın araşdırmalarının nəticələrindən təbabətdə, inşaatda, kənd təsərrüfatında, kurortologiyada və digər sahələrdə geniş istifadə edilir.

Coğrafiya terminləri lüğəti

kondensasiya

lat. condensatio – sıxlaşma, qatılaşma

Maddənin qaz halından maye, yaxud bərk hala keçməsi.

Coğrafiyada K. dedikdə məhz su buxarının suya və ya buza çevrilməsi başa düşülür. K., əsasən, temperaturun azalması, təzyiqin artması nəticəsində atmosferdə, müəyyən şəraitlərdə Yerin səthində (cisimlərin üzərində) və altında (süxurların boşluqlarında) baş verir. Atmosferdə su buxarının K.-sı havanın rütubətlə doyduğu şəraitdə başlanır. Havanın temperaturu aşağı düşdükcə o, su buxarı ilə doyma nöqtəsinə (şeh nöqtəsinə) çatır və soyuma prosesi bundan sonra da davam edərsə, havadakı su buxarı K.-ya uğrayır. Nəticədə şeh, duman, bulud yaranır.

Coğrafiya terminləri lüğəti

konqlomerat

lat. conglomeratus – toplanmış, bir yerə yığılmış

Çox kiçik mineral parçalarının, müxtəlif qırıntıların topa şəklində yığılaraq sementləşməsi nəticəsində əmələ gələn çökmə dağ süxuru.

K.-larda sementləşdirici rolunda dəmir oksidləri, karbonatlar, gil hissəcikləri çıxış edir. Belə süxurlar, bir qayda olaraq, çay, göl kənarlarında, çay vadilərində formalaşır, torpağın en kəsiyində aşkar nəzərə çarpır. Onlar eynicinsli, yaxud mürəkkəb tərkibə, çınqıl, yaxud iri qaya daşı ölçüsünə malik ola bilər.

Coğrafiya terminləri lüğəti

kontinent

lat. continent – davam edən torpaq

Yer qabığının əksər hissəsi dəniz səviyyəsindən yuxarıda yerləşən ən böyük torpaq parçaları, quru massivləri.

Geologiyada belə torpaq sahələrinin Dünya okeanının altında qalan kənarları və onların üzərində yüksələn adalar da K.-ə aid edilir. Yer kürəsində yeddi K. var: Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida. K. termini “qitə” və “materik” anlayışlarının sinonimidir. Lakin başqa elmi yanaşma tərzi də mövcuddur. Bu yanaşma tərzinə uyğun olaraq bəzi elmi mənbələrdə K.-lə materik fərqləndirilir: materik dedikdə hər tərəfdən dəniz və okeanlarla əhatə olunmuş ən böyük quru parçaları başa düşülür. Bu halda Dünya okeanı ilə bölünməmiş Avropa və Asiya K.-ləri vahid Avrasiya materiki kimi, Şimali və Cənubi Amerika isə vahid qitə kimi qəbul olunur, beləliklə, Yer 6 qitəyə (Amerika, Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida) və 6 materikə (Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Afrika, Avstraliya, Antarktida) bölünür.

Coğrafiya terminləri lüğəti

kontinental çöküntülər

Quruda və kontinental su hövzələrinin dibində (göl, çay, bataqlıq) yığışan çöküntülər.

K.Ç. allüvial (su axınlarının gətirdiyi), eol (küləklərin topladığı), kimyəvi və s. mənşəli olur, yerüstü (superakval), sualtı (subakval), buzlaqaltı (subqlyasial) çöküntülərə ayrılır. Bəzi sualtı çöküntülər (laqundeltalarda) K.Ç.-lə dəniz çöküntüləri arasında keçid tipini təşkil edir.

Coğrafiya terminləri lüğəti

kontinental iqlim

Okean və dənizlərdən uzaqda yerləşən quru sahələrin iqlimi.

K.İ.-in əsas xüsusiyyəti onun gündəlik və illik amplitudasının böyük olmasıdır. Belə iqlim tipi, əsasən, mülayimsubtropik iqlim qurşaqlarının okean sahilindən uzaqda yerləşən daxili zonalarında yayılıb; məsələn: Baykal gölünün ətrafı, Qərbi Çin, Monqolustan, Şərqi Qazaxıstan, Mərkəzi Asiya və s.

Coğrafiya terminləri lüğəti