Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

lay suları

Sukeçirməyən iki süxur qatı arasındakı layda olan və ya cərəyan edən sular.

Adətən, L.S.-nda təzyiq yüksək olur.

Coğrafiya terminləri lüğəti

laylı buludlar

Troposferin alt qatında horizontal lay formasında açıq, yaxud tünd-boz rəngli yastı buludlar.

L.B. dumana bənzəyir, nazik və Yerə yaxın olur (adətən, 100-400 metr), buna görə onlara “yüksək duman” da deyilir. Əksər hallarda göy üzünü tam örtür, amma parçalanmış L.B.-a da rast gəlinir. L.B. isti havanın yuxarı qalxaraq soyuması, həmçinin temperaturun kəskin aşağı düşməsi nəticəsində yaranır. Bəzən narın yağış, az miqdarda qar yağdırır. Elmi ədəbiyyatda L.B. “stratus” (St) adlandırılır. Oksford lüğətlərində bu terminin latın sözü “stratum”dan (hərfi mənada: səpələnmiş) törədiyi göstərilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

laylı-topa buludlar

Troposferin alt qatında topa laylar, cərgələr şəklində boz dalğavarı buludlar.

L.-T.B. topa buludların yayılması, yaxud laylı-yağış buludlarının parçalanması nəticəsində əmələ gəlir, adətən, 2 km-dək yüksəklikdə yerləşir, onların qalınlığı 200-800 metr olur. Bəzən qısa müddət davam edən yağış, qar gətirir. Elmi ədəbiyyatda “stratocumulus” (Sc) (latın dilindən tərcümədə: səpələnmiş kütlə) adlandırırlar.

Coğrafiya terminləri lüğəti

laylı-yağış buludlar

Troposferin alt qatında tutqun boz rəngli iri lay buludlar.

L.-Y.B.-ın qalınlığı bir neçə km-ə çatır. Onlar özləri ilə uzun müddət davam edən yağış və qar gətirir. L.-Y.B. elmi ədəbiyyatda nimbostratus” (Ns) (latın dilindən tərcümədə: səpələnmiş bulud) adlandırılır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

lentik ekosistemlər

lat. lintea – kətandan düzəldilmiş + yun. oikos – məkan + yun. systema – tərkib hissələrdən ibarət bütöv

Yer səthində nisbətən ətalətli su dövranına malik su hövzələrində canlı orqanizmlərin, onları əhatə edən mühitin yaratdığı vahid təbii, yaxud təbii-antropogen kompleks.

L.E.-ə göllər, nohurlar və su anbarlarının, digər durğun su hövzələrinin ekoloji sistemləri daxildir. L.E. üç zonaya ayrılır: litoral, limnik və profundal zonalar. Bu zonalarda suyun sirkulyasiyası, temperaturu, işığın miqdarı və s. fərqlidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

leysan

Qısamüddətli, böyük intensivliyə malik atmosfer yağıntısı.

L. soyuq atmosfer cəbhəsində baş verən proseslər, yaxud konveksiya nəticəsində əmələ gəlir, adətən, güclü yağış, bəzən həm də sulu qar, qar formasında olur. L.-lar daşqınlar, sellər törədir, kənd təsərrüfatına, nəqliyyatın hərəkətinə ciddi ziyan vurur.

Coğrafiya terminləri lüğəti

lələkvarı buludlar

Troposferin üst qatında buz kristallarından ibarət ağ buludlar.

L.B. ensiz lifli xətlər, kiçik fraqmentlərin sıralandığı uzun cərgələr formasında lələkvarı elementlərdən yaranır. Onlar 6000 metrdən yüksəklikdə yerləşir və yağıntı vermir. Elmi ədəbiyyatda L.B.-ı “cirrus” (Ci) (latın dilindən tərcümədə: qıvrım tel) adlandırırlar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

lələkvarı-laylı buludlar

Troposferin üst qatında nazik, ağ örtük formasında buz kristallarından ibarət buludlar.

Bəzən güclə gözə görünür, yalnız göy üzünə ağımtıl çalar verir, bəzən isə uzun sap topasına oxşayır. L.-L.B. geniş hava təbəqələri çoxsəviyyəli konvergensiya nəticəsində yuxarı qalxdıqda 6000-8000 metrdən yüksəklikdə yaranır. İşıq buz kristallarından keçərək sındıqda Günəşin, yaxud Ayın ətrafında parlaq ağ dairələr formalaşdırır. Elmi ədəbiyyatda L.-L.B.-ı “cirrostratus” (Cs) (latın dilindən tərcümədə: qıvrım + səpələnmiş) adlandırırlar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

lələkvarı-topa buludlar

Troposferin üst qatında cərgə-cərgə ağ ləpələrə bənzər buludlar.

6000 metrdən yüksəklikdə yerləşir, buz kristallarından ibarətdir, digər lələkvarı buludlar kimi yağıntı vermir. L.-T.B. atmosferin yuxarı qatında dalğavarı hərəkətin təsiri altında yaranır. Qıvrımlıqlarına görə onlara “quzu buludlar” da deyilir. Elmi ədəbiyyatda isə L.-T.B.-ı “cirrocumulus” (Cc) (latın dilindən tərcümədə: qıvrım kütlə) adlandırırlar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti