Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

meşə zolağı

Əkin sahələrinin, bağların, su hövzələrinin, nəqliyyat yollarının kənarında, yamaclarda, yaşayış sahələrinin ətrafında və s.-də salınan ağaclıqlar.

M.Z. süni olaraq insan tərəfindən yaradılır və adətən, qoruyucu funksiya yerinə yetirir. Bu zolaqların əsas məqsədi eroziyanın, küləyin qarşısını almaq, sahələri və yolları qar, qum yığınlarından müdafiə etmək, yamacları möhkəmləndirmək, torpağı, iqlimi yaxşılaşdırmaqdır. M.Z.-ları ərazidə bitki və heyvanlar aləmini zənginləşdirməyə də şərait yaradır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

meşə zonası

Ekvatorial, tropikmülayim iqlim qurşaqlarında təbii landşaftda meşələrin üstünlük təşkil etdikləri ərazilər.

Ekvatorial M.Z. – illik yağıntının miqdarı 1500 mm-dən az olmayan rayonlarda – Cənubi Amerikanın şimalında, Latın Amerikasında, Qərbi Ekvatorial Afrikada, Cənub-Şərqi Asiyada yayılmış həmişəyaşıl meşələrdən ibarətdir. Amazon çayı hövzəsində onlara selva deyirlər. Burada ilboyu orta temperatur 24-28°C, meşələr çoxmərtəbəli və sıx olur. Tropik M.Z.-da – təxminən 25° şm.e. ilə 30° c.e. arasında planetdəki meşələrin, demək olar, yarısı yerləşir, florafaunanın böyük hissəsi cəmləşir. Ona görə də tropik M.Z.-nın qorunması Yer kürəsində qlobal proseslərə təsir edə biləcək qədər əhəmiyyətli məsələdir. Mülayim qurşaq meşələri isə, əsasən, Şimal yarımkürəsində – Avropa, Asiya və Amerika qitələrində meşə-çölmeşə-tundra keçid zonaları arasında yerləşir. Dünyanın ən böyük meşə massivi olan tayqa bu zonaya təsadüf edir. Cənub yarımkürəsində mülayim iqlim qurşağında quru sahəsi az olduğu üçün burada belə meşələr də çox deyil.

Coğrafiya terminləri lüğəti

meşə-çöl zonası

Şimal yarımkürəsində meşə ilə çöl təbii zonaları arasında yerləşən keçid zona.

M.-Ç.Z.-nın iqlimi mülayim kontinental olub mümkün buxarlanmanın illik yağıntıların miqdarına uyğunluğu, bəzi sahələrdə isə hətta üstünlüyü ilə səciyyələnir: burada yağıntıların orta illik miqdarı 400-600 mm, mümkün buxarlanma 600-700 mm arasında dəyişir. Yanvarın orta temperaturu -5...°-6°C-dən (M.-Ç.Z.-nın qərbində) -20°...-25°C-dək (Baykal gölü yaxınlığında), iyul temperaturu isə +20°...+22°C arasında olur. Avropanın M.-Ç.Z.-nda çöl landşaftı, əsasən, palıd meşələri, Qərbi Sibirdə isə tozağacı meşəcikləri ilə növbələşir.

Coğrafiya terminləri lüğəti

meşə-tundra zonası

Avrasiyanın və Şimali Amerikanın tundra zonasından cənubda, 30-50 km-dən 300-400 km-dək zolaq şəklində uzanan subarktika qurşağı təbii zonası.

M.-T.Z.-nın iqlimi mülayim kontinental olub orta iyul temperaturu +10°...+14°C, yanvar temperaturu isə -10° ...-40°C arasında dəyişir. İllik yağıntıların miqdarı 250-400 mm arasındadır. Meşələr, əsasən, çay dərələri boyu və suayırıcılarında tala şəklində yerləşir, seyrək tozağacı, ağ şam, əyri-üyrü seyrək qaraşam (Sibirdə) və alçaqboylu kolluqlardan (Rus düzənliyində) ibarət olur. M.-T.Z. üçün seyrək meşəliklərin geniş bataqlıqlarla növbələşməsi səciyyəvidir.

Coğrafiya terminləri lüğəti

metamorfik süxurlar

yun. metamorphoomai – dəyişirəm

Metamorfizm nəticəsində yaranmış süxurlar.

M.S. mantiyada və Yer qabığının alt təbəqələrində temperaturun, təzyiqin, fəal dərinlik məhlullarının təsiri altında süxurların strukturunun, kimyəvi tərkibinin və fiziki xassələrinin əsaslı dəyişməsi zamanı yaranır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

metamorfizm

Çökməmaqmatik süxurların müxtəlif endogen faktorların təsiri altında öz ilkin xüsusiyyətlərini dəyişməsi prosesi.

Belə endogen faktorlara temperatur, təzyiq, tektonik hadisələr, müxtəlif kimyəvi təsir formaları daxildir. M. prosesində süxurlar kristallaşır, onların mineral tərkibi, strukturu yeniləşir. Ekzogen faktorların (aşınma, çökmə və s.) təsiri altında baş verən dəyişikliklər M. anlayışına daxil edilmir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

meteor

yun. meteora – göy hadisələri

Planetlərarası boşluqdan uçub gələrək Yer atmosferinə daxil olan səma cisimləri, mineral kütlələr.

M. atmosferə saniyədə 11-30 km sürətlə daxil olur, sürtünmə qüvvəsi nəticəsində onun termosfer qatında alışır. M.-ların əksəriyyəti Yer səthinə çatmadan göydə əriyib, yaxud yanıb buxarlanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

meteoroid

Günəş ətrafında dövr edən kiçikölçülü bərk cisimlər.

M.-lər Günəş sisteminin kiçik cisimləri qrupuna aiddir. Onlar əsasən, daha böyük səma cisimlərindən qopmuş parçalardan ibarətdir və bunları eyni zamanda meteor gövdələri də adlandırırlar. M.-i meteoritdən və meteordan fərqləndirmək lazımdır və bunun üçün konkret meyarlar mövcuddur. Lakin M.-i asteroidlərdən ayırmaq nisbətən çətindir. Fərq yalnız bu səma cisimlərinin ölçülərindədir və onlar 2015-ci ilədək heç bir beynəlxalq təşkilat tərəfindən dəqiq müəyyənləşdirilməyib. Britaniyanın Astronomiya Kral Cəmiyyəti diametri 100 mkm-dən 10 m-dək olan kosmik tozları və səma cisimlərini, digər elmi mərkəzlər diametri 30 m-dək, hətta 50 m-dək olan cisimləri M. adlandırmağı təklif edir.

Coğrafiya terminləri lüğəti

meteorit

Planetlərarası boşluqdan Yer səthinə düşən meteoroid.

Atmosferə daxil olan meteoroidlərin heç də hamısı səmada yanıb qurtarmır, onların bəziləri Yer səthinə çatır. Bunlara M. deyilir. Adətən, M.-lər bir neçə qramdan bir neçə kiloqrama qədər olur. Lakin Afrikada tapılmış qədim M.-in 66 ton çəkisi var. 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna düşmüş dəmir M. isə 150 kq ağırlığındadır.

Coğrafiya terminləri lüğəti

meteoroqraf

yun. meteora – göy hadisələri + yun. grapho – yazıram

Sərbəst atmosferdə təzyiqi, temperaturu, rütubətliliyi ölçmək və qeydə almaq üçün cihaz.

M.-ı atmosferə zondlar və digər aparatlar vasitəsilə qaldırırlar.

Coğrafiya terminləri lüğəti

meteorologiya

yun. meteora – göy hadisələri + yun. logos – elm, təlim

Atmosferi, onun quruluşunu, xüsusiyyətlərini, habelə atmosferdə baş verən fiziki-kimyəvi prosesləri öyrənən elm.

M. geofizikanın bir bölməsi kimi atmosfer fizikası da adlanır. Müasir M. elmi bir neçə müstəqil sahəyə bölünür: ümumi M., aktinometriya (atmosfer şüalanmasını öyrənən), sinoptik M., aerologiya, biometeorologiya və s. M.-nın ayrı-ayrı sahələri atmosferdə baş verən optik, elektrik və səs hadisələrini də tədqiq edir.

Coğrafiya terminləri lüğəti

meteoroloji elementlər

yun. meteora – göy hadisələri + lat. elementum – təbii qüvvə, ilkin maddə

Atmosferin vəziyyətini və atmosferdə baş verən prosesləri səciyyələndirən elementlər.

M.E.-ə havanın temperaturu, təzyiqi və rütubətliliyi, küləyin sürəti və istiqaməti, buludluluq, yağıntı, qar örtüyünün qalınlığı, günəş radiasiyası, müxtəlif atmosfer hadisələri (tufan, qasırğa) və s. aiddir. M.E. atmosfer proseslərinin təsiri altında dəyişərək iqlimi müəyyənləşdirir.

Coğrafiya terminləri lüğəti