Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qum

Xırda qırıntılı kövrək və dənəvər çökmə süxur.

Q. fiziki aşınma nəticəsində yaranır, ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (kvars, çölşpatı və s.) və süxur qırıntılarından ibarət olur. Q.-lar əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur.

Coğrafiya terminləri lüğəti

quraqlıq

Atmosfer yağıntılarının olmaması və ya normadan az düşməsi nəticəsində torpağın su ehtiyatlarının azalması.

Q., əsasən, yazda və payızda yağıntının normadan çox aşağı, hava temperaturunun xeyli yüksək, rütubətliliyinin isə az olduğu uzun dövrdə yaranır. Q.-da torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişsiz şərait yaranır, normal fotosintez prosesi pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Belə yerlərdə süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması, quraqlığadavamlı bitkilərin əkilməsi müsbət nəticələr verir.

Coğrafiya terminləri lüğəti

quru külək

Gətirdiyi hava kütləsinin temperaturu yüksək (+35-40°), nisbi rütubətlilik səviyyəsi aşağı olan külək.

Belə külək buxarlanmanı sürətləndirir, torpağı qurudur və bitkiləri məhv edir. Q.K.-lər daha çox yarımsəhra və səhra iqlimi yayılan ərazilərdə (Ərəbistan yarımadası, Böyük Səhra, Meksika yaylası, Turan ovalığı və s.) yaranır.

Coğrafiya terminləri lüğəti

qurunun hipsoqrafik əyrisi

yun. hypsos – hündürlük + yun. grapho – yazıram, təsvir edirəm

Yerdə müxtəlif hündürlüklərin (quruda) və dərinliklərin (okeanda) yayılma dərəcəsini, onların nisbətini düzbucaqlı koordinat sistemində əks etdirən əyri, ümumiləşdirilmiş profil.

Onun okean və dənizlərə aid hissəsi batiqrafik əyri adlanır. Q.H.Ə.-ni qurmaq üçün ən xarakterik hündürlüklər arasında sahələr izogipslər üzrə ölçülür, cədvəl tərtib edilir. Bu cədvəldə ordinat oxu üzərində 0 m-dən yuxarıda yerləşən yüksəkliklər, absis oxu üzərində isə kvadrat kilometrlə və ya faizlə sahələr qeyd olunur. Q.H.Ə. göstərir ki, Yer relyefinin 80%-ni okean dibi, şelf və quru düzənlikləri, alçaq platolar təşkil edir. Qurunun orta hündürlüyü isə 875 m-dir. Ayrı-ayrı materik və ya rayonların quru sahələri üçün hipsoqrafik əyri qurmaq mümkündür. İlk dəfə Q.H.Ə.-ni 1883-cü ildə fransız geoloqu Albert Lapparan tərtib edib.

Coğrafiya terminləri lüğəti

qütb dairəsi

Yer kürəsində 66°33’ şimal və cənub enlikləri.

Şimal yarımkürəsində Q.D.-ndən şimala doğru qış gündönümündə (21-22 dekabr) günəş çıxmır, yay gündönümündə (21-22 iyun) isə batmır. Cənub yarımkürəsində bu proses əksinə baş verir. Qütb işıqlanma qurşaqlarının sərhədləri də Q.D.-lərindən keçir.

Coğrafiya terminləri lüğəti